Ölkə

Dünyada turizm pandemiyadan əvvəlki səviyyəyə çatır - bəs Azərbaycanda?

2 Dekabr 2023 09:48
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hökumət 2024-cü ildə ölkənin turizm sahəsində 15.8 faiz artım proqnozlaşdırır

2023-cü ilin sonuna beynəlxalq turizm 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin demək olar ki, 90 faizi səviyyəsində bərpa olunacaq. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, bu ilin yanvar-sentyabr aylarında dünyada 975 milyon turist səfəri həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz çoxdur: "2023-cü ilin üçüncü rübündə dünya ölkələri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz çox turist qəbul edib. Beynəlxalq turistlərin sayı 2019-cu ilin səviyyəsinin 91 faizinə çatıb. İkinci rübdə bu rəqəm 92 faiz olub. və 2023-cü ilin sentyabr ayına olan məlumata görə, beynəlxalq turizm 2019-cu il səviyyəsinin 87 faizi həcmində bərpa olunub. Bu rəqəmlər göstərir ki, ilin sonuna beynəlxalq turist gəlişlərinin sayı pandemiyadan əvvəlki dövrün demək olar ki, 90 faizinə çatacaq. Eyni zamanda, bir çox ölkələr turist axınını artıq bərpa edib və hətta 2019-cu ilin göstəricilərini də keçiblər".

UNWTO-ya görə, bərpa sürətinə görə Yaxın Şərq, Avropa və Afrika liderlik edir: "Yaxın Şərq 2023-cü ilin ilk doqquz ayında pandemiyadan əvvəlki səviyyədən 20 faiz yuxarı gəlişlə nisbi baxımdan dünya regionları arasında ən sürətli bərpaya rəhbərlik etməyə davam edir. Bu dövr ərzində o, dünyada 2019-cu ilin səviyyəsini keçən yeganə region olaraq qalır".

Təşkilatın məlumatına görə, Avropa yanvar-sentyabr aylarında 550 milyon xarici turist qəbul edib ki, bu da dünya üzrə ümumi turistlərin 56 faizini təşkil edir. Bu, pandemiyadan əvvəlki səviyyələrin 94 faizi deməkdir. Regionun sürətli bərpasına Avropanın özündə, eləcə də ABŞ-dan səyahətə yüksək tələbat səbəb oldu.

Afrika pandemiyadan əvvəlki turist axınının 92 faizini bərpa edib, Amerika qitəsinə gələnlər isə bu dövr ərzində 2019-cu ilin səviyyəsinin 88 faizinə çatıb.

Asiya-Sakit Okean regionu pandemiyadan sonra ölkələrin yavaş-yavaş yenidən açılması səbəbindən dünyanın digər hissələrindən geri qalmaqda davam edir. Eyni zamanda Cənubi Asiyada(95 faiz bərpa) vəziyyət Şimali Asiya(50 faiz bərpa) ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşıdır.

Dünyada beynəlxalq səyahətlərdəki xərclər də artır. UNWTO-nun proqnozuna görə, ilin sonuna qədər belə xərcləmələr 1,4 trilyon dollara çatacaq ki, bu da 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin - 1,5 trilyon dolların 93 faizini təşkil edəcək.

Azərbaycana gəlincə, 2023-cü ilin ilk 10 ayında ölkəni ziyarət edən turistlərin sayındakı artım dinamikası qalıb. Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Moldovadan - 1,5 dəfə, Belarusdan - 1,5 dəfə, Özbəkistandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 45,8 faiz, Kanadadan - 42,7 faiz, ABŞ-dan - 39,4 faiz, Gürcüstandan - 30,5 faiz, Niderlanddan - 29,4 faiz, Küveytdən - 27,3 faiz, İsraildən - 27,2 faiz, Fransadan - 26,9 faiz, Böyük Britaniyadan - 25,7 faiz, Almaniyadan - 22,0 faiz, Türkiyədən - 20,3 faiz, Ukraynadan - 11,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,0 faiz artıb.

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49,6 faiz artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 89,6 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 7,4 faiz azalaraq 284,7 min nəfər olub.

Göründüyü kimi, ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb.

Xarici turistlərin gəliş sayının artmasına baxmayaraq, onların Azərbaycanda bank kartları vasitəsilə xərcləmələrində artım baş verməyib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsaəsn 2023-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,8 milyard manat, yalnız oktyabr ayında isə 203,6 milyon manat dəyərində əməliyyat aparılıb. 2022-ci ilin yanvar-oktyabr aylarında da əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1,8 milyard manatlıq əməliyyat aparmışdılar. Bu isə gələnlərin sayındakı artımın xərcləmələrdə əksini tapmadığını göstərir.

Azərbaycan hökuməti 2024-cü ildə ölkənin turizm sahəsində 15.8 faiz artım proqnozlaşdırır. İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: "Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".

Musavat.com

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.