16:42
Bu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hacı Şahin Həsənlinin səhhəti ilə bağlı bəzi məqamlar üzə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, tanınmış həkim Niyazi Qənbərli özünü pis hiss edən ilahiyyatçının paytaxtda yerləşən "Baku Medical Plaza" klinikasına müraciət etdiyini bildirib: "Səhər saat 04:00 radələrində klinikamızda olub. Miokard infarktı diaqnozu qoyulub, lakin təklif olunan müayinə və müalicədən imtina edərək, iltizamnaməyə qol çəkərək gedib".
N.Qənbərli qeyd edib ki, Hacının ailəsi "səhər təkrar gələrik" deyərək xəstəxanadan gedib.
Bundan əlavə, sosial şəbəkələrdə sözügedən iltizamnamənin fotosu da yayılıb. Həmin sənəddə Hacı Şahinin təcili tibbi yardım şöbəsində müayinədən keçməsi qeyd edilib. Diaqnoz kimi kəskin miokard infarkt və aritmiya göstərlib.
Daha sonra Yasamal rayonu, A.Abbasov küçəsindəki evinə gedən Hacı Şahinin halı kəskin pisləşib. Dərhal təcili tibbi yardıma müraciət edilib və evə gələn həkimlər onun vəfat etdiyini bildiriblər.
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də Hacı Şahinin ölüm səbəbi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmadan həkiməqədər ölüm qeydə alınıb. Rəsmi məlumatda da əlavə edilib ki, Ş.Həsənli martın 1-də də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
-------
10:03
1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb.
Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
---------
08:48
Tanınmış ilahiyyatçı Hacı Şahinin ölüm səbəbi məlum olub.
Milli.Az xəbər verir ki, ailə üzvlərindən Bakupost.az -a bildirilib ki, Hacı Şahin bu gün səhərə yaxın - 5 radələrində ürək tutmasından dünyasını dəyişib.
Dünən gecədən narahatlıq başlayıb və gecəylə həkimə gedib.
Yoxlanışdan sonra evə qayıdıb və bir neçə saatdan sonra belə bir hadisə baş verib.
Milli.Az