Ölkə

Tullantılar? Xeyr, incəsənət! Fidan Manafovanın heyranedici və faydalı yaradıcılığı - FOTO

23 Fevral 2023 10:00
Baxış: 2 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məsuliyyət. Bu söz yəqin ki, müasir cəmiyyətlərin əsas təkanverici qüvvəsinə çevrilib: biz bir-birimizə münasibətdə, özümüzə qarşı və əlbəttə ki, yaşadığımız planet qarşısında məsuliyyətli olmağa çalışırıq. Bəşəriyyət özünün ətraf mühitə mənfi təsirinə o qədər uzun müddət fikir verməyib ki, indi məsuliyyətli istehlak, köhnəlmiş əşyaların təkrar emalı və yenidən həyat qazanması önəmli və faydalı trendə çevrilib. Dünyada minlərlə fikir liderləri, blogerlər və aktivistlər mümkün qədər çox insanın ətraf mühitin qayğısına necə qalmaq barəsində düşünməsi üçün böyük səy göstərirlər.

Bu gün belə insanlardan biri olan həmvətənimiz Fidan Manafovadan bəhs edəcəyik.

Bu cür təşəbbüslərdən biri də ötən ilin may ayında Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən EU4Climate layihəsi çərçivəsində BMT İnkişaf Proqramının (BMTİP) məişət tullantılarının təkrar emalı üzrə innovativ həllərlə maraqlanan bütün Azərbaycan sakinləri üçün keçirdiyi "Özün Yarat" adlı müsabiqəsi oldu.

Fidan Azərbaycanda biznes turizminin inkişafı ilə məşğul olub. Yerli Konqres bürosunda işləyən Fidan işgüzar turizmin inkişafı ilə məşğul olur və beynəlxalq peşəkar tədbirlərdə Azərbaycanı təmsil edib. Özünün əsas işi ilə paralel olaraq Fidan həm də Azərbaycan Turizm və Menecment Universitetində "Marketinqin əsasları" fənnindən dərs deyib.

Hər şey o ana olduqdan sonra dəyişib. "Qızım Fərəhin dünyaya gəlməsi mənim düşüncə tərzimi tamamilə dəyişdi. Mənəvi cəhətdən böyüdüm və daha da məsuliyyətli oldum. Hər şey çox güman ki, belə başladı. Analıq məzuniyyətində mən məişət tullantılarının təkrar emalı ilə maraqlanmağa başladım. Instagram-da bloq yaratdım öz əllərimlə hazırladığım əşyaları burada paylaşmağa başladım", - Fidan xatırlayır.

Onun sözlərinə görə, DIY ("do it yourself") konsepsiyası əziyyətinin bəhrəsini görəndə düşdüyün hisslər burulğanıdır. Fidanın öz əlləri ilə düzəltdiyi ilk əşyalar qızı üçün hər ay evdə keçirdikləri bayramlarda hazırladığı "candy bar"lar olub. "Mən bütün hazırlıq prosesini, yekun nəticəni və təbii ki qızımın emosiyalarını fotolentə aldım və bu fotoları Instagram-da paylaşdım. Konsepsiyada məhz "recycle DIY" ilə bağlı ilk predmet isə betondan hazırlanmış balqabaqlar olub, biz onu qızımla bağ evində hazırlamışıq. Daha sonra biz Fərəhlə birlikdə mümkün bütün məişət tullantılarından interyer predmetlərinin hazırlanması prosesinə dair videolar paylaşmağa başladıq", - Fidan deyir.

Fidanın dediyinə görə onu ən çox həvəsləndirən ətrafındakıların, yaxınlarının, dostlarının və bloq izləyicilərinin reaksiyasıdır. "Bloqda paylaşdığım əl işlərimlə bağlı izləyicilərdən tez-tez geri dönüşlər alıram. Onların rəylərini və mesajlarını oxuyanda bunu necə bəyəndiklərini və geri dönüşlərini paylaşmaqdan necə məmnun olduqlarını görürəm. İnsanlar məmnuniyyətlə mənim "DIY" ideyalarımı təkrarlayır və nəticələrini mənimlə paylaşırlar",- deyən Fidan əl işlərinin məlumatlandırma və estetika ilə yanaşı, insanlara tamamilə praktiki səmərə verdiyini də qeyd edir. "Azərbaycanda belə bir tendensiyanın olduğunu başa düşdüm ki, qızlara məkanın təşkili üçün heç vaxt yer çatmır. Bizə həmişə balaca səbətlər, orqanayzerlər lazım olur və mən məhz bu mövzuda əl işləri paylaşanda insanlara bu maraqlı olur - onlar bunu istəyirlər. Mən hər dəfə öz işlərimi izləyicilərimlə paylaşmaqla bu tendensiyaya böyük təkan verməyə və domino effekti yaratmağa çalışıram. Yaradıcılığımın onlara motivasiya verdiyi və artıq onların da bu cür hobbisi olduğuna dair mesajlar alanda sevinc və qürur hissi keçirirəm", - Fidan deyir.

Onun sözlərinə görə, təkrar istifadə üçün nəzərdə tutulmuş materiallardan dekor hazırlanması ilə maraqlanmağa başlayandan demək olar ki, dərhal sonra öz işlərini peşəkarlara nümayiş etdirmək imkanı yaranıb. O bunu böyük uğur hesab edir: "Qohumlarım mənə EU4Climate layihəsinə link göndərdilər - bu, "Özün yarat" müsabiqəsi idi. Onlar mənim müsabiqədə mütləq iştirak etməli olduğumda israr edirdilər, çünki müsabiqənin ideyası - təkrar emalın yaradıcı üsulları - mənim məşğul olduğum işə çox yaxın idi. Mən əlbəttə ki razılaşdım", - o deyir.

Fidan müsabiqədə özünün bir neçə işini sərgiləyib və onlardan biri "Ağacdan hazırlanmış ən yaxşı məhsul" kateqoriyasında mükafata layiq görülüb. Peşəkar münsiflər heyəti onun işini 250 namizədin arasından seçib. Fidan bu qələbənin onu daha da ruhlandırdığını deyib: "Başa düşdüm ki, bu işi inkişaf etdirmək lazımdır".

Fidan təkcə öz əl işlərini yaratmır, həm də təkrar emal edilmiş əşyalara ikinci həyat vermək istəyənlərə də bunu öyrədir. "Hər şey Heydər Əliyev Mərkəzinin parkında keçirilən yarmarkada başladı. Mən burada öz işlərimi və ideyalarımı nümayiş etdirirdim. Sərgidə BMTİP mənə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilmiş Eurovillage" tədbirində iştirak etməyi təklif etdi. Mən əlbəttə ki, məmnuniyyətlə razılaşdım. Tədbirdə mən təkrar istifadə üçün nəzərdə tutulmuş materialların təkrar emalı üzrə master-klass keçdim və bu, EU4Climate stendinin ziyarətçilərinin çox xoşuna gəldi. Sərgi çərçivəsində mən insanları ekran vasitəsilə deyil, canlı olaraq adətən istifadə olunmayan və atılmış materiallardan gözəlliklər yaratmaqla həm təbiət, həm də özümüz üçün faydalı olmaq təşəbbüsünə qoşulmağa çağıra bilirdim. Stendimizin qonaqları arasında təkcə böyüklər deyil, DIY ideyası ilə maraqlanan uşaqlar da var idi və bu məni hədsiz xoşbəxt edir", - Fidan deyir.

Fidan hazırda öz bildiklərini arzu edən hər kəsə öyrədə biləcəyi master-klass keçirmək barəsində planlar qurur və hətta bununla bağlı artıq bir neçə ideya düşünüb. O auditoriyanın marağının onu bu barədə ciddi düşünməyə vadar etdiyini bildirir. Fidan Manafovanın müəllifi olduğu predmetlərdən bəziləri izləyicilər arasında böyük rezonans doğurub. "Məhz hansı əl işimin "yoluxucu" olduğuna gəlsək, bu uşaq bezi üçün səbət olub. Mən bu səbəti hazırlayanda ona "inanmırdım" və bundan daha yaxşı işlərimin olduğunu düşünürdüm. Lakin bu videom 700 minə yaxın baxış sayı topladı, "yaddaşda saxlama" sayı isə səkkiz mini keçdi - məhz bu məni ruhlandırdı və səkkiz mindən çox insan üçün ideya oldu. Həmçinin bayram süfrələrinin (Yeni İl, Hellouin) bəzədilməsi də böyük maraq doğurur. Mənim dekorasiyadakı yanaşmam onunla fərqlənir ki, mən izləyicilərə gözəl və faydalı, üstəlik də əlimizin altındakı materiallardan hazırlanmış əşyalar yaratmaq ideyasını çatdırmağa çalışıram", - Fidan bildirib.

Bütünlükdə məişət tullantılarının təkrar emalından danışan Fidan bu problemin təkcə ətraf mühitə qayğı və təbiətin mühafizəsi baxımından deyil, həm də ölkənin iqtisadi inkişafı və stabilliyi üçün vacib olduğunu qeyd edib.

"Mən Azərbaycanın da bu problemə diqqət yetirməyə başladığına şübhəsiz, sevinirəm. Bundan başqa, mən öz qızıma da ətraf mühitin qayğısına qalmağın vacibliyini aşılamağa çalışıram. Məsələn, o özü yuyunanda nəyə görə suya qənaət etməli olduğumuzu, suyun dünyada məhdud olduğunu izah edir və mən düşünürəm ki, məktəb yaşına çatanda qızım bu mövzudakı təbliğatımda mənim yardımçım olacaq", - Fidan deyib.

Müəllif: Kamran Qasımov
Məqalə 'EU NEIGHBOURS east' layihəsi çərçivəsində yazılıb. Məqalədə səsləndirilən fikirlər yalnız müəllifin fikirləridir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.