Ölkə

Müdafiə Nazirliyinin bəyanatındakı bir cümləlik xəbərdarlığın açması

6 Avqust 2022 10:28
Baxış: 1 034

Azərbaycan Ordusunun avqustun 3-də həyata keçirdiyi "Qisas" əməliyyatı azı 4 erməni terrorçusunun məhvi, 20-yə yaxınının yaralanması və bir neçə strateji yüksəkliyin nəzarətə götürülməsi ilə nəticələndi. Lakin aydındır ki, bu bir lokal əməliyyat idi və davamı gələ də bilər. Ən azı o səbəbə ki, ərazimizdə hələ də silahlı erməni dəstələri qalır.

Milli.Az "Yeni Müsavat"-a istinadla bildirir ki, avqustun 4-də erməni silahlı birləşmələri tərəfindən yenidən mövqelərimizin ümumilikdə 12 dəfə atəşə tutulması "Qisas"ın davamını zəruri edir. Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Müdafiə Nazirliyinin son məlumatında qeyd olunan "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüddür" ifadəsi isə bu ehtimalı bir qədər də gücləndirir. Yəni Bakı təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni qoşunlarının çıxarılmasını yox, həm də separatçı-terrorçuların tərksilah olunmasını tələb edir.

Belə fikir var ki, bu məsələdə Rusiya tərəfi ilə ilkin anlaşma əldə edilib. Başqa sözlə, rəsmi Bakının israrından sonra 4-cü bəndin icrası, yəni erməni hərbi birləşmələrinin çıxarılması bütün ciddiliyi ilə artıq ikitərəfli gündəmə oturub. Həmçinin Laçın dəhlizinin yeni marşruta köçürülməsi razılaşdırılıb və hər iki məsələnin avqustun sonuna qədər icrasına dair razılıq əldə olunub. Artıq erməni Telegram kanallarında materiallar yayılır ki, Laçın dəhlizi və Laçın şəhəri yaxın günlərdə, hətta 5-6 avqustda Azərbaycana təhvil veriləcək.

Ona görə də əməliyyatın qəfil dayandırılmasının və Rusiyanın baş verənlərə həmişə kimi ermənipərəst mövqedən deyil, sakit reaksiya verməsinin bir səbəbi məhz bu ola bilər. Ancaq Rusiya ilə anlaşma olmadığını qeyd edənlər də var.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılın "Yeni Müsavat"a bildirdiyinə görə, Rusiyanın məqsədi məsələni uzatmaq, sülhün əldə edilməsinə mane olmaqdır: "Rusiya istəyir ki, vasitəçilik onun çətiri altında davam etsin. Ona Cənubi Qafqazda xüsusi gərginlik lazım deyil, amma məsələnin həllini də istəmir. Rusiya belə halda Qərbə göstərir ki, nə sülh, hansı sülh, hələ bir-birini qırırlar, mən burada olmasam nələr olar?! Amma bu hadisədə ən vacib detal budur ki, rus hərbçiləri Qarabağda ola-ola biz antiterror əməliyyatı həyata keçirdik. Bu, Rusiyaya daha çox zərbədir. Ona görə kimsə bunun Rusiya ilə razılaşdırılmış oyun olduğunu söyləyirsə, qətiyyən razı deyiləm".

İ.İsmayılın sözlərinə görə, bəziləri deyirlər ki, Laçında şəhid vermişik, bəs niyə oranı vurmadıq: "Amma nəzərə almırlar ki, ruslar Laçında o qədər sıx yerləşib ki, biz oranı vursaydıq, hansısa rusun burnu qanasaydı, o zaman özümüz üçün böyük problem meydana çıxa bilərdi".

İ.İsmayılın fikrincə, "Qisas" əməliyyatı başlanğıcdır: "Mən "başlandı və bitdi" demirəm, bundan sonra siyasi və diplomatik prosesləri sürətləndirəcək, avqustun ikinci yarısında delimitasiya komissiyası toplaşacaq, hətta Azərbaycan və Ermənistan liderləri də görüşəcəklər. Sentyabra qədər söz veriblər, çıxmalıdırlar. Əslində baş verənlər əsasən Laçın dəhlizinə alternativ yeni yolla bağlıdır. Zabux və Sus kəndlərində yaşayan Livan, Suriya vətəndaşları olan ermənilər köçəcəklər. Təxribatı ən çox onlar edirlər. Onlar terrorçudurlar, indi Laçının mərkəzindən, Zabuxda diasporun tikdiyi evlərdən çıxmaq istəmirlər, acıqlarından təxribata əl atırlar. Amma bu əməliyyat göstərdi ki, biz canlı təmas olmadan, havadan yenə zərbələr endirə bilərik. Çünki əlimizdə koordinatlar var. Sadəcə, hərbi və siyasi işimizi elə qurmalıyıq ki, 2023-də bu məsələlər tam başa çatsın".

Siyasi analitik Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb: "Kreml üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Putin bunun ardınca Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşünü təşkil etməyə çalışacaq. Ancaq bu heç nəyi dəyişməyəcək. Ermənistan məsələlərin həllini uzadacaq, Azərbaycan ünvanlı hərbi əməliyyatlar keçirəcək, Rusiya isə tərəfləri sakitliyə çağıracaq. Belə də davam edəcək".

Ekspertin fikrincə, Azərbaycan aylardır Laçına alternativ yolun tikintisini aparırdı, bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü: "Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. İrəvan bunu da görür və etiraz etmirdi. Buna baxmayaraq, Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. Görünür, o, radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxurdu. İndi isə vəziyyəti özü üçün daha da mürəbkkəbləşdirib. Yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər. Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq. Paşinyan çarəsizdir. Paşinyan erməni cəmiyyətinə mesaj verir ki, rusiyalı hərbçilər Azərbaycan Ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsinə mane olmurlar.

Biz rusiyalı hərbçilərin "mandat" mövzusunu ona görə müzakirə etmirik ki, onların bölgədə varlığı müvəqqətidir, 3 il yarımdan sonra Qarabağı tərk etməli olacaqlar. Əsas hədəfimiz budur. Ermənilər isə qorxularından bu mövzu barədə danışmaq istəmirlər, bir-birilərindən açıq şəkildə soruşmurlar ki, "rusiyalı hərbçilər Qarabağı tərk etdikdən sonra nə edəcəyik?"

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics