Ermənistan

Paşinyan Putini qınadı, Makronun “ətəyindən” tutdu: Əliyevin “dəmir yumruğu”ndan da qaça biləcəkmi…

6 Avqust 2022 15:00
Baxış: 922

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Rəsmi İrəvanın yenidən ermənilərin beynəlxalq himayədarlarına, o cümlədən də, Fransaya ümid bəsləməsi qətiyyən heç nəyi dəyişmir... Prezident Emmanuel Makron fərqli düşünürsə, onda Ermənistan silahlı birləşmələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarıb, Fransa ərazisində, lap elə ermənilərin kompakt yaşadığı Marsel bölgəsində yerləşdirə bilər...

Azərbaycan dövləti son atdığı qətiyyətli addımları ilə bütün dünyaya konkret mesajlar verdi. Bu mesajlardan hər kəs - Ermənistan, erməni separatçı-terrorçular, onların beynəlxalq himayədarları, Cənubi Qafqaz region üzərində öz maraqlarını quran supergüclər və s. mütləq nəticə çıxartmalıdır. Və birmənalı şəkildə anlamalıdırlar ki, bu regionda yalnız Azərbaycanın geopolitik iradəsi keçərlidir.

Təbii ki, həm Rusiya siyasi dairələri, həm də Ermənistan rəhbərliyi Azərbaycan ordusunun "Qısas" antiterror əməliyyatından ciddi şəkildə narahatdır. Çünki rəsmi Bakı heç kimin mövqeyini nəzərə almadan Azərbaycanın maraqları çərçivəsində ən radikal addımlar atmaq qətiyyətini və potensialını birmənalı şəkildə nümayiş etdirdi. Kremldə anladılar ki, rus sülhməramlıların bölgədə mövcudluğu Azərbaycan ordusunu dayandıracaq faktor deyil.

İndi Rusiya 10 noyabr üçtərəfli anlaşmasının icrasında hamıdan çox maraqlı olmalıdır. Hər halda, rus sülhməramlıların Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçularla ortaq fəaliyyətinə rəsmi Bakının bundan sonra tolerant yanaşmayacağı birmənalı olaraq, təsdiqləndi. Və üçtərəfli anlaşmalar icra edilməzsə, Azərbaycan ordusunun hərbi əməliyyatları bərpa oluna, rus sülhməramlıların bölgədə qalması öz əhəmiyyətini itirə bilər.

Təbii ki, Rusiya da bu reallığı artıq nəzərə almaq məcburiyyətindədir. Əslində, prezident Vladimir Putinin tez-tələsik Ermənistan baş naziri Nikol Paşinyana telefonla zəng edərək, üçtərəfli anlaşmaların icrası istiqamətində atılmalı olan addımları müzakirə etməsi də bunun əlaməti sayıla bilər. Yəni, Kreml rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə qalan Ermənistan ordusunun tör-töküntülərini ən qısa zamanda oradan çıxartmalıdır. Əks halda, Azərbaycan ordusunun növbəti antiterror əməliyyatı qaçılmaz xarakter daşıyır.

Rəsmi İrəvan isə Azərbaycan ordusunun son sarsıdıcı zərbəsindən sonra anladı ki, ermənilərin güvəndiyi Rusiya faktoru Xankəndi və ətraf bölgədəki separatçılar üçün etibarlı müdafiə və təhlükəsizlik mexanizmi deyil. Azərbaycan ordusu rus sülhməramlılara əhəmiyyət vermədən, istənilən vaxt hərəkətə kələrək, erməni separatçı-terrorçuları bölgədən "süpürüb", təmizləyə bilər. Və bu, rəsmi İrəvan üçün çanqınlıq yaradan yeni situasiyadır, Ermənistan buna hələ hazır deyil.

Ona görə də, rəsmi İrəvan hazırda əsasən Rusiyanı qınayır, rus sülhməramlıları öz işinin öhdəsindən gələ bilməməkdə ittiham edir. Baş nazir Nikol Paşinyanın "Rusiya sülhməramlıların Azərbaycanın aqressiv davranışlarına seyirçi qalması təəccüb doğurur" deməsi də rəsmi İrəvanın Kremlə olan ümidlərinin boşa çıxdığını göstərir. Ona görə də, erməni baş nazir rus sülhməramlıların mandatı ilə bağlı ciddi problemlərin olduğunu qabartmaqla, bu məsələnin beynəlxalq səviyyədə həll olunmasının vacibliyini vurğulayır. 

Erməni baş nazirin bu açıqlaması Kremldə qıcıq doğurub. Kreml üçün 44 günlük savaşda ordusu darmadağın edilmiş Ermənistanın hər hansı qınağı və ya ittihamı qəbuledilməzdir. Çünki, məhz Rusiya Ermənistanı Azərbaycanın əlindən alaraq, tamamilə süqut etməkdən və regionun geopolitik xəritəsindən silinməkdən xilas etmişdi. Və bu səbəbdən də, rəsmi İrəvan narazılıq edib, yeni beynəlxalq vasitəçilər axtarmalı deyil, əksinə Rusiyaya yalnız minnətdar olmalıdır.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni baş nazirin qınaqlarına və ittihamlarına dərhal reaksiya verib. O, bildirib ki, Rusiya siyasi dairələrinə Ermənistan baş naziri Nikol Paşinyanın rus sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı hər hansı konkret təklifləri məlum deyil. S.Lavrovun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli razılaşma ilə bağlı istənilən tərəfin əlavə təklif vermək hüququ var.

Rusiya xarici işlər naziri bu açıqlama elə rəsmi İrəvana üstüörtülü şəkildə xatırladır ki, son vaxtlara qədər Ermənistan rus sülhməramlıların Xankəndi və ətraf bölgədəki "fəaliyyət"indən həmişə məmnun olub. Çünki rus sülhməramlılar öz "fəaliyyət"lərini birmənalı şəkildə erməni separatçı-terrorçuların himayə edilməsi üzərində qurublar. Və belə anlaşılır ki, indi baş nazir Nikol Paşinyanın ittihamları Kremldə nankorluq kimi dəyərləndirilir.

Nə qədər qəribə də olsa, Ermənistanın üç əsas beynəlxalq himayədarından biri olan Fransanın prezidenti Emmanuel Makron da Cənubi Qafqazda baş verənlərə biganə qalmayıb. Azərbaycan qarşısında təklənməkdə olan Ermənistanla Rusiya arasında narazılığın müşahidə edildiyi bir məqam da dərhal rəsmi İrəvanın yardımına tələsib. Əvvəlcə baş nazir N.Paşinyana zəng edərək, Ermənistanın düşdüyü vəziyyətin detalları ilə maraqlanıb. Sonrasa, rəsmi Bakını sərt və qətiyyətli mövqeyindən daşındırmağın mümkün olmadığını da nəzərə alaraq, erməni baş nazirə üçtərəfli anlaşmalar çərçivəsində davranmağı məsləhət görüb.

Təbii ki, prezident E.Makron erməni baş nazirə üçtərəfli anlaşmaları xatırlatması doğru addımdır. Çünki hazırda Ermənistanı ABŞ, Rusiya və Fransa xilas edə bilməz. Ermənistanın yeganə çıxış yolu, rəsmi Bakının da israrla tələb etdiyi kimi, üçtərəfli anlaşmaların bütün maddələrinin tam şəkildə icra olunmasıdır. Və rəsmi Bakının mövqeyinin bu məsələdə dəyişməz qalacağı artıq qətiyyən şübhə doğurmur.

Prezident İlham Əliyev və Emmanuel Makron arasında telefon danışığının açıqlanan məzmunu da bunu təsdiqləyir. Belə ki, Azərbaycan lideri Laçın dəhlizinə alternativ yeni yolun inşası başa çatmaq üzrə olduğunu vurğulayıb. Üçtərəfli anlaşmaya görə, Rusiya sülhməramlı qüvvələrinin həmin yeni yola dislokasiya olunması nəzərdə tutulur. Yəni, rəsmi İrəvan istəsə də, istəməsə də Laçın dəhlizini unutmalı olacaq.

Digər tərəfdən, Azərbaycan və Fransa prezidentləri arasındakı müzakirələrdən bir daha aydın olur ki, rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin suveren ərazilərimizdən çıxarılmasında qətiyyətli mövqe tutur. Bu məsələdə rəsmi İrəvanın ermənilərin beynəlxalq himayədarlarına, o cümlədən də Fransaya ümid bəsləməsi heç nəyi dəyişmir. Çünki, əgər, prezident E.Makron fərqli düşünürsə, onda Ermənistan silahlı birləşmələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarıb, Fransa ərazisində, lap elə ermənilərin kompakt yaşadığı Marsel bölgəsində yerləşdirə bilər.

Göründüyü kimi, Paşinyan hakimiyyəti üçün rəsmi Bakının diqtə etdiyi haqlı tələbləri icra etməkdən başqa çıxış yolu yoxdur. Ancaq rəsmi İrəvanın ləng tərpənməsi Azərbaycanın səbrini tamamilə tükəndirə bilər. Ona görə də, erməni baş nazir Azərbaycan ordusunun növbəti dəfə hərəkətə gətirilməsini istəmirsə, Ermənistan silahlı birləşmələrini, eləcə də qanunsuz erməni terrorçu dəstələrini dərhal Xankəndi və ətraf bölgədən çıxartmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics