Dünya

Avstriyada sağçı ekstremizm və rasizm ilə bağlı cinayətlərin sayı artıb

28 Aprel 2017 23:21
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada sağçı ekstremist və rasist fəaliyyətlərlə əlaqədar cinayət hallarının sayı artıb. Avstriyanın Federal Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, ötən il ölkədə 1313 hal üzrə sağçı ekstremizm və rasizmə görə cinayət işi açılıb. Bu, 2015-ci illə müqayisədə 13,5 faiz artım deməkdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Yaşıllar Partiyasının sorğusu əsasında verilən açıqlamada cinayət hallarının əsasən Vyana, yuxarı Avstriya və aşağı Avstriya federal əyalətlərində baş verdiyi göstərilib. Yaşıllar Partiyasının ədliyyə üzrə nümayəndəsi Albert Ştaynhauzer artan tendensiyanı şərh edərək bildirib ki, radikallaşmada əsasən iki istiqamət özünü göstərir. Birincisi nasional-sosializm, faşizm və digər zərərli ideologiyaları hələ də tərənnüm edən radikal qruplaşmalardan ibarətdirsə, ikinci qrup son dövrlərdə daha çox sosial media vasitəsilə miqrant, qaçqın və ümumiyyətlə əcnəbilərə qarşı radikal çağırışlar edən, qaçqın böhranından öz siyasi məqsədləri üçün sui-istifadə edən sağçı ekstremistlərdir.

Avstriyanın Federal Daxili İşlər Nazirlinin müavini, ictimai asayiş üzrə baş direktor Konrad Koqler "Ö1" radiosuna verdiyi müsahibədə qeyd edib ki, daxili işlər orqanları sağçı eksremizm, dini ekstremizm, eləcə də sağçı və solçu radikal qruplara qarşı həssaslığını artırıb, eyni zamanda, Federal Ədliyyə Nazirliyində prokurorluq orqanlarına bu sahə üzrə xüsusi səlahiyyət də verilib.

Bütün bunlara baxmayaraq ölkədə radikallaşma meyilləri və bu meyillərin getdikcə legitim status alması müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.