Dünya

Ruslar Türkiyədə əmlak almağa davam edir

30 Noyabr 2015 07:57
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hərbi təyyarəsinin Türkiyənin "F-16" qırıcıları tərəfindən vurması ilə iki ölkə arasında başlayan böhran, Türkiyə daşınmaz əmlak bazarının rus müştərilərinə təsir etməyib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin çağırışı ilə ölkəsinə qayıdanlar olsa da, ruslar Türkiyədəki evlərini satmaq üçün heç bir cəhd göstərməyib. 

Antalya Maklerlər Şurasının prezidenti Şərəf Sağlam bildirib ki, təyyarə qalmaqalından sonra ruslar sahib olduqları daşınmaz əmlakı satmaq üçün hər hansı bir müraciət etməyiblər. Sağlam hətta, hazırda ev satmaq üçün bir rusla danışıq və sövdələşmə apardıqlarını deyib. 

"Hesab edirəm ki, iki ölkə arasında yaşanan böhran müvəqqətidir. İnsanlar evlərini niyə satsınlar ki? Heç biz də belə bir şey gözləmirik. Burada heç kim bir-birindən şikayətçi və narahat deyil." 

"Keller Williams" beynəlxalq makler firmasının Türkiyə nümayəndəsi Emre Erol Antalyanın, xüsusilə də Konyaaltı bölgəsinin rusların ən çox daşınmaz əmlaka investisiya qoyduqları yer olduğunu bildirib. 

Antalyada 8 minə yaxın ev sahibi olan rus var

"Turizmin xaricində, liman şəhəri olduğu üçün Antalyada 500-dən çox rus firması fəaliyyət göstərir. Bu amil də həmin şəhərdə rusların əmlaka tələbatını çoxaldır. Antalyada ümumilikdə 55 000 əmlak sahibi əcnəbi var ki, onlardan təxminən 15%-i ruslardır. Bu hesaba görə, Antalyada 8 minə yaxın ev sahibi rus var." - deyə Emre Erol bildirib. 

Türkiyə Statistika Komitəsinin məlumatlarına görə, cari ilin ilk 10 ayında ruslar Türkiyədə 1 750 ev alıblar. Bu rəqəmlə Rusiya İraq və Səudiyyə Ərəbistanından sonra siyahının 3-cü pilləsində qərarlaşıblar. Təyyarə böhranından əvvəl oktyabr ayında ruslar Türkiyədə 191 ev alıblar. 

İlin ilk 10 ayında Türkiyədə əcnəbilərə ümumilikdə 18 567 ev satılıb. Siyahının ilk pilləsində 3 221 ədəd evlə İraq, 2-ci pillədə isə 2 200 evlə Səudiyyə Ərəbistanı qərarlaşıb. Ümumi satışlar nəzərə alınanda, əcnəbilərə satılan evin təxminən 10%-i rusların payına düşür. 

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. 

Rusiya rəsmi və qeyri-rəsmi formada Türkiyəyə və türklərə qarşı sanksiyalar tətbiq etməyə başlasa da, rəsmi Ankara daha təmkuinli hərəkət edərək bu istiqamətdə heç bir addım atmayıb. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.