Dünya

"Mənim qızım atamın da qızıdır, biz həm də bacıyıq"

1 İyul 2015 10:40
43 Şərh     Baxış: 13 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BBC-nin fars bürosu Əfqanıstanda baş verən dəhşətli ailə dramının ilginc təfərrüatlarını açıqlayıb. Araşdırmadan bəlli olur ki, ana və qızı eyni genetik kodun daşıyıcısıdır. Bu barədə danışan ana qucağındakı qızını göstərərək deyib: "Bu mənim qızımdır, həm də atamın qızıdır. Atam məni zorladığına görə bu uşaq dünyaya gəlib. Biz bu uşaqla ana-balayıq, eyni zamanda biz bacıyıq".

BBC bildirir ki, atasını onu zorlamaqda ittiham edən qızın iddasının təsdiqi üçün DNT analizinin nəticəsi ortaya qoyulub. Yalnız bundan sonra adının çəkilməsini istəməyən gənc qadının irəli sürdüyü ittiham öz təsdiqini tapıb.

Gənc qadın bildirib ki, o, son 10 ildə dəfələrlə atası tərəfindən zorlanıb. Nəticədə onu 2 uşağı olub.

BBC bildirir ki, Əfqanıstanda qadın hüquqlarından danışmağa belə dəyməz. Elə ona görə də zorakılıqla üzləşən qadınların məhkəməyə müraciət etməsi çox vaxt onların əleyhinə işləyir. Belə ki, şikayət etməyə cəsarət edən qadınlar bir qayda olaraq məhkəmələr tərəfindən "əxlaqsızlıqda" suçlanırlar.

Araşdırmanı aparan jurnalist Qavun Xamuş (Kawoon Khamoosh) yazır ki, 22-23 yaşlı qadınla bir il əvvəl görüşmüşdüm. Onda məhkəmə DNT analizi tələb etmişdi. O vaxt qadın yenə hamilə idi, qucağında isə 4 yaşlı qız vardı. Onda o, mənə bildirdi ki, ilk dəfə məhkəməyə ötən yay müraciət edib.

Qadın başına gələnləri BBC jurnalistinə belə anladıb: "Atam 8 il yaşadığı İrandan geri dönəndə mənim 12 yaşım vardı. Mən gözləyirdim ki, atam da məni sevib əzizləyəcək, çünki əmim uşaqlarına elə münasibət göstərirdi. Mən sanki ata məhəbbətinə susamışdım. İllərlə onun həsrəti ilə yaşamışdım. Arzulamışdım ki, mənim də atam yanımda olsun, mənə digər atalar kimi qayğı göstərsin. Ancaq atam mənim ora-burama əl atanda hiss etdim ki, bunlar yersiz hərəkətlərdir və bu, mənə xoş gəlmədi. Mən nənəmin yanına getdim və atamdan ona şikayətləndim, ancaq nənəm məni günahlandırdı. Mənə deyildi ki, hər ata öz uşağına qayğı göstərir. Az sonra atam məni zorladı. Onda dəhşətli dərəcədə qorxmuşdum. Otağın bir küncündə düşüb qalmışdım. Elə şok keçirmişdim ki, bilmirdim nə edim".

Qız hamilə olanda atası ailəni başqa bir vilayətə köçürür. Yeni ünvanda qızın uşağı dünyaya gəlir. Ancaq uşaq anadan olan kimi onu ortadan götürürlər. Və 13 yaşlı ana bir daha öz uşağını görmür.

Zoraklığın qurbanı olmuş qadın deyib ki, mütəmadi şəkildə zorlandığı müddətdə dəfələrlə hamilə olub və aborta sövq edilib.

Bir dəfə hamilə olanda uşağı nəyin bahasına olursa-olsun qoruyub saxlamağa çalışdım. Başa düşürdüm ki, doğulacaq körpə atamın mənə qarşı əxlaqsız davranışına qarşı ortaya qoya biləcəyim ən tutarlı dəlil ola bilər.

"Axır ki, anamın dəstəyi ilə atamın məni zorlamasının qarşısını aldım. Atam zorlamaq üçün son dəfə ötən ilin iyin ayında mənə hücum etmişdi. Onda mən və anam hər şeyi mollaya, qonşuluqdakı ağsaqqala və polis rəisinə danışdıq. Onlar dedilər ki, atan səni bir daha zorlamaq istəyəndə bizə xəbər çatdır".

Bir gün qızın atası qızı zorlamaq məqsədi ilə öz arvadını kənar bir yerə göndərir. Ana başa düşür ki, əri indi qızını zorlamağa çalışacaq. Və o, polis və ağsaqqalla birlikdə evə dönür. Sonuncular şahid qismində ifadə verirlər...

Qızın atası həbs olunsa da onun iztirabları bununla bitmədi. Ata məhkəmədə bildirdi ki, onun qızı ona şər atır. Əslində qızı başqa bir kişi ilə yaşayıb.

"Hakim məndən soruşdu ki, mən qarnımda olan uşağı niyə öldürmədim? Mən isə bildirdim ki, əgər abort etdirsəydim, atamın məni zorladığın sübut edə bilməzdim. Bundan sonra məhkəmə DNT analizi tələb etdi", - zorakılığın qurbanı olan əfqan qadın jurnalistə bildirib.

Məhkəməyə o qədər də etibar etməyən gənc qadın Əfqanıstandakı TV-yə müraciət edib. Ölkədəki Qadın Hüquqlarının müdafiəçiləri ona bu işdə ciddi dəstək veriblər.

İş orasındadır ki, Əfqanıstanda DNT testini müəyyən etmək üçün tibbi analiz mərkəzi yoxdur. Xarici yardım olmadan bu problemi həll etmək olmazdı.

Zoraklığın qurbanı olan qadının xanım vəkili Ruhulla bildirib ki, DNT testininin rəsmi nəticəsini Əfqanıstanda olan ABŞ hərbi birləşmələrinin vasitəsi ilə əldə ediblər: "Əgər bu sənədi əldə edə bilməsəydik, mənim müdafiə etdiyim qadının yerli qanunlarla mühakimə olunması gərəkəcəkdi. Amerikanın məşhur "Ideal Innovations" firması bu testi havayı həyata keçirdi. Məhz həmin analizə əsaslanan məhkəmə qızını 10 il ərzində zorlayan ata haqqında ölüm hökmü çıxardı".

Ancaq ata məhkəmənin çıxardığı hökmə etiraz edib və işə yenidən baxılmasına nail olmağa çalışır.

DNT testi əsasında qərarın çıxarılması Əfqanıstanda nadir hadisədir.
Qadın bildirib ki, onun həyatını cəhənnəmə çevirmiş atası öldürülsə belə onun əzabları sona çatmayacaq: "Mən uşaqlarımın gələcəyi ilə bağlı çox narahatam. Onlar böyüyəndə məndən soruşacaqlar ki, bizim atamız kimdir. Mən onlara nə cavab verəcəm?"

"Yeni Müsavat"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.