Dünya

Bu il kimlər dilinin bəlasına düşdülər? - FOTO

28 Dekabr 2010 19:01
Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BP-nin rəhbəri: "Kaş, bir də şans olaydı..."

Meksika körfəzində neft yatağında qəza zamanı BP rəhbərlərinin çıxışları bəlkə də bundan sonra ictimaiyyətlə əlaqələr üzrə elmi kitablara düşəcək. ABŞ tarixinin ən fəlakətli neft çirklənməsi ilə üz-üzə qalanda, BP-nin o zamankı baş direktoru Entoni Heyvard (Anthony Hayward) deyirdi ki, Körfəzə axan milyonlarla ton neft okeanda damla kimi ciddi zərəri olmayan bir şeydir.

Amma böhranın kəskin vaxtı körfəz əhalisi ilə həmrəyliyini bildirərkən Heyvard xətasını daha dərinləşdirdi:

"Bu işləri təzədən görməyi bəlkə də məndən çox arzulayan yoxdur. Bilirsiz... kaş həyatımın o zamanına bir də qayıda biləydim".

Oktyabrda Heyvard qəzanın siyasi, maliyyə və hüquqi cavabdehi kimi BP-nin Baş direktoru vəzifəsindən kənarlaşdırıldı.

ABŞ prezidenti aparatının rəhbəri Rahim Emanuel o vaxt deyirdi ki, Heyvardın bundan sonrakı karyerasında ictimai əlaqələr üzrə məsləhətçi işləmək şansı qətiyyən yoxdur.

Qordon Braunun "öyrədilmiş qadını"

Britaniyanın keçmiş baş naziri Qordon Braunun (Gordon Brown) apreldə seçki kampaniyasında bir seçici haqqında dediyi sözləri təhlilçilər Leyborist Partiyasını yıxan əsas səbəb kimi qiymətləndirdilər. O zaman Baş nazirin bütün həyatı boyu Leyboristlərin tərəfdarı olmuş 65 yaşlı Cilian Daffi (Gillian Duffy) adlı qadınla kiçik bir söhbəti olmuşdu. Qadın hökumətin Şərqi Avropadan Britaniyaya gələn miqrantlarla bağlı siyasətini tənqid etmişdi. Braun isə onunla görüşə şad olduğunu deyərək ayrılıb maşına əyləşdi. Amma yaxasında "Sky News" telekanalının mikrofonun açıq olduğunu unudaraq maşında köməkçisinə deyirdi: "Bu, faciədir. Onlar məni bu qadınla üz-üzə qoymamalı idilər. Gülünc işdir... O, sadəcə olaraq leyboristlərin adından istifadə edən öyrədilmiş qadındır".

Sonradan Braunun həmin qadının evinə gedib ondan üzr istəməsi də seçicilərin könlünü ala bilmədi. Leyborist Partiyası mayın 6-da seçkidə uduzdu, Britaniyada Devid Kemeronun (David Cameron) rəhbərliyi ilə seçkini udan mühafizəkarlarla liberalların koalisiya hökuməti yarandı.

General dilinin bəlasına düşdü

ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı general Stenli Makkristal (Stanley McChrystal) Obama hökumətinin əsas fiqurlarını tənqid etdiyi üçün istefaya göndərildi. General və yardımçıları "Rolling Stone" jurnalının müxbiri ilə söhbətlərində yüksək rütbəli diplomatları ələ salır, istefada olan dördulduzlu general Cim Consu (Jim Jones) "Soyuq müharibə"dən qalma "klon" adlandırırdılar.

İyun ayında jurnalın "Nəzarətdən çıxmış general" adlı məqaləsindən sonra Ağ Evin sözçüsü Robert Gibbs jurnalistlərə deyirdi ki, prezident Obama "çox, lap çox qəzəblənib": "Aydındır ki, general Makkristal qiymətləndirmələrində bağışlanmaz səhvə yol verib və buna görə cavab verməlidir".

Bundan sonra generalın Obama və administrasiyasından üzr istəməsi də işə yaramadı və Stenli Makkristal istefaya getdi.

İran mollasının "məmə zəlzələsi"

İranda yüksək səviyyəli dindarlardan biri "zəlzələlərə açıq-saçıq geyinən qadınlar səbəb olur" deməklə hər kəsi özünə güldürdü. Höccətülislam Kazem Sediqi aprel ayında Tehranda cümə namazı zamanı dindarlara deyirdi: "Ədəblə geyinməyən qadınların çoxu cavan oğlanları yoldan çıxarır, onları pis yola çəkir, cəmiyyətdə xəyanət yayırlar. Bu da nəticədə zəlzələlərin artmasına gətirib çıxarır".

Bundan sonra ABŞ-dan olan 22 yaşlı tələbə Cen Makkreyt (Jen McCreight) internetdə sosial şəbəkələrdə təklif etdi ki, aprelin 26-sı Məmə Zəlzələsi Günü qeyd olunsun. Dünyanın müxtəlif ölkələrindən minlərlə qadın aprelin 26-da döşlərinin yarıaçıq şəklini yayaraq "Görək, zəlzələ olacaqmı" deyə zarafat edirdilər.

Cen Makkreyt o zamandan statistika da aparıb. Bu məmələr dünyada zəlzələlərin sayına elə də ciddi təsir etməyib. Əksinə, aprelin 26-dan bu yana dünyada yeraltı təkanların sayı bir az da azalıb.

Putinin "Lada" aldatması

Rusiyanın Baş naziri Vladimir Putinin Rusiyanın "Lada" avtomobillərini reklam etmək cəhdi bir həvəskarın internetdə yaydığı video ilə tərs effekt verdi. Reklam çarxında Putin sarı rəngli "Lada Kalina" ilə Sibirdə 2000 kilometr məsafədə yol gedir. Sükan arxasında olan Putin maşının çox rahat olduğunu deyərək ruslara məsləhət görür ki, hərə bunun birini alsın.

Amma həvəskarların internetdə yaydıqları videoda Putinin reklam çəkilişindəki maşın karvanında bir neçə belə "Lada" görünür, onlardan birini hətta yük maşınına mindirməli olublar.

İnternetdə minlərlə adamın gördüyü bu videodakı "Lada Kalina" ilə reklam çarxında göstərilən "Lada" arasında fərq rusların ironiyasına səbəb olmuşdu.

Ölkəsi sel içində olarkən prezidenti Avropanı gəzirdi

Yayda Pakistanda sel fəlakəti yaşanarkən Prezident Asif Əli Zardarinin Avropada olmasını ölkəsində vətəndaşlara sayğısızlıq kimi qiymətləndirmişdilər. Vətəndaşları selin cəngindəykən prezident Zardari Parisdə deyirdi: "Beynəlxalq ictimaiyyət "Taliban"la müharibəni uduzur, çünki bu insanların könlünü ələ ala bilmir".

O zaman Pakistanda özəl telekanallar ekranı ikiyə bölüb, bir tərəfində Zardarinin Avropa liderləri ilə görüşlərini, o biri tərəfində isə Pakistanın seldən dağılan kənd və qəsəbələrini göstərirdilər.

NATO: "Kabil Qərb şəhərləri qədər təhlükəsizdir"

NATO-nun Əfqanıstandakı ictimai əlaqələr üzrə rəsmisi Mark Sedvill (Mark Sedwill) BBC televiziyasına müsahibəsində dediyi bu sözlərlə əfqanları şoka salmışdı:

"Burada - Kabildə və Əfqanıstanın başqa böyük şəhərlərində faktiki olaraq çox az bomba partlayışları olur. Ola bilər, burada uşaqlar hətta London, Nyu-York kimi başqa şəhərlərdən daha təhlükəsiz şəraitdə yaşayırlar".

Berluskoninin Hitler zarafatı

İtaliyanın Baş naziri Silvio Berluskoni (Silvio Berlusconi) 2010-cu ildə də qeyri-adi yumor hissinin nümayişini davam etdirib. Bəzən onun siyasi cəhətdən doğru olmayan və təhqiramiz lətifələri az qala siyasi böhranlara gətirib çıxarıb. Belə təhqiramiz lətifələrdən birini də Berluskoni sentyabrda Adolf Hitler haqqında danışdı: "Hitlerin ölümündən az sonra tərəfdarlarına xəbər çatır ki, bəs, o, hələ yaşayır. Hər yerdə Hitleri axtarırlar. Bir müddət axtarandan sonra Hitleri And dağlarının ətəyində - uzaq kəndlərdən birində tapırlar: "Fürer! Fürer! Sən geri qayıtmalısan! Demokratiya məğlub oldu, indi hamı səni gözləyir". Üç gün təkidlə qayıtmasını xahiş edirlər. Hitler razılaşmır. Axırda tərəfdarları onu razı sala bilirlər. Hitler deyir: "Yaxşı, mən qayıdıram, amma bircə şərtlə. Bu dəfə mən həqiqətən də orada deyilən kimi şeytan olacam".

Milli.Az

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.