İdman

"Berti Foqts danışmaqdan bezməyibsə, biz susmaqdan bezməliyik?"

19 Oktyabr 2014 15:18
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qarabağ" klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Qara Qarayev müsahibə verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, istedadlı futbolçu komandasının oyunundan və milli haqqında danışıb.

- "Qəbələ" ilə oyunda meydana ikinci hissədə daxil olmağınız nə ilə bağlı idi?
 

- Bir problem yoxdur. Yəqin, Qurban müəllim bir az istirahət etməyimi fikirləşib, ona görə oyuna fasilədən sonra qoşuldum. Bu, baş məşqçinin seçimidir.
 

- Birinci hissədə mübahisəli penalti epizodu var idi. Oyunu kənardan izləyirdiniz. Sizcə, həmin epizodda hakim düz qərar verdi?

- Həqiqətən deyirəm: mən o epizodu heç görmədim. Komanda yoldaçlarımdan soruşdum ki, penalti var idi, ya yox?
 

- Kamran Ağayev deyir ki, hakimin o penaltini verməməsi oyunun taleyini həll etdi. Razısınız bu fikirlə?

- Xeyr, qətiyyən razı deyiləm. Kamran o epizodu yaxşı görə bilməzdi. Çünki aralarında təxminən 100 metr məsafə var idi. Dostumuz-qardaşımızdı, ancaq o epizodla bağlı necə dəqiq danışa bilər ki?!
 

- Qarşıda Avroliqada "Dnepr"lə çətin oyunuz var. Rəqib komandanın hücumçusu Jaba Kankava Ukrayna mətbuatına müsahibəsində deyib ki, millidəki komanda yoldaşı Nikoloz Gelaşvilidən "Qarabağ" haqda məlumat öyrənib.
 

- Bilirsiniz necədir, artıq belə fikirlər futbolda əhəmiyyət daşımır. Texnika o qədər inkişaf edib ki, hamı istədiyi məlumatı internet vasitəsi ilə oyrənə bilər. Komanda barədə istədiyin məlumat internetdə var. Heç kim özünü gizlədə bilməz. Qoy öyrənsin, bu, bizi narahat etmir. Gelaşvilinin ona hansı məlumatı verdiyi, nə dediyi də bizim üçün önəmli deyil. Nə olsun, biz də "Dnepr" haqqında o qədər məlumat toplamışıq ki... Hər şeyi meydandakı oyun göstərəcək.
 

- Necə fikirləşirsiniz: nəhayət, "Qarabağ" Avroliqanın qrupunda ilk qolunu vura biləcək, Qələbə qazana bilərsiniz?

- İnşallah. Mümkünsüz heç nə yoxdur. Amma etiraf etmək lazımdır ki, çox çətin oyun olacaq. Deyərdim ki, Ukrayna səfəri bizim üçün "İnter"lə İtaliyadakı oyundan da ağır olacaq.
 

- Berti Foqtsun gedişi ilə bağlı nə deyə bilərsiniz?
 

- Baş məşqçimiz olub, indi də istefa verib getdi. Arxasınca heç nə demək istəmirəm.

- Amma Foqts həmişə sizin arxanızca danışıb. Almaniya mətbuatına son müsahibəsində də yenə futbolçuları günahkar çıxardıb...
 

- Berti Foqts bizim haqqımızda mənfi fikir yürütməkdən bezməyibsə, biz də onun haqqında susmaqdan bezək? Ona görə nə danışırsa danışsın, bizim üçün heç bir fərqi yoxdur. Mənim millyə gəlməyimdə rolu olub. Foqts barədə mənfi nəsə danışmaq istəmirəm. Hər halda hamı kimi, o da uğur qazanmaq istəyirdi, alınmadı.
 

- Sizcə, Foqts çoxdan getməli deyildi?
 

- Belə suallara mənim cavab verməyim düz çıxmır. O, məşqçidir, mən futbolçu.
 

- Bəs Mahmud Qurbanovun müvəqqəti baş məşqçi təyinatına münasibətiniz necə oldu?
 

- Hər şey normaldır, kiminsə Mahmud müəllimlə pis münasibəti yoxdur. Məncə, o, milli komanda ilə nəticə qazanacaq gücdədir. Bu sahədə xeyli təcrübəsi var, Gəncədə baş məşqçi işləyib. Inanıram ki, yığmada da yaxşı işlər görəcək.

- Mahmud Qurbanovun baş məşqçiliyi hələlik Norveçlə oyun üçün nəzərdə tutulub. Sizcə, bu oyun onun yığmadakı taleyinə aydınlıq gətirə bilər?

- Mahmud Qurbanov millidə işləməyə layiq bir insandır. Ümid edirəm ki, Norveçlə oyunda yaxşı nəticə qazanaraq, işini davam etdirəcək.
 

- Necə düşünürsünüz: yalnız Norveçlə oyun həlledici olacaq, yoxsa Qurbanova bir müddət də şans verilməlidir?

- Qarşıda hələlik bircə Norveçlə oyun var. Ona görə belə fikirləşirəm ki, ən yaxşı şans məhz elə bu oyundur. O, futbolçuları yaxşı tanıyır. İnşallah, Norveçlə oyunda müsbət nəticə üçün daha yaxşı addımlar atacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.