Cəmiyyət

Fabrik xalçaları əl ilə toxunan xalçalardan nə ilə fərqlənir?

6 Fevral 2016 20:10
1 Şərh     Baxış: 4 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalçaçılıq insanların həyatında  özünə yer tutaraq, demək olar ki, xalqın rəmzinə çevrilib.

Xalçaçılıq tarixi eramızdan 3500 il əvvələ təsadüf olunur. Dövrümüzə yalnız daş və ya taxta üzərində əks olunmuş təsvirlər gəlib çatıb. Bu cür təsvirlərə hətta Misir fironu Tutmosun sərdabələrində də rast gəlinir. Azərbaycanda isə xalçaçılıq tarixi qədim izlərə malikdir.
Qədim Azərbaycan xalçaları üzərində təsvir olunan ornamentlər xalqımızın həyat tərzini əks etdirib. Bir çox alim bu sahədə tədqiqat aparaq maraqlı məlumatlar ortaya çıxarıblar. Rus alimi, görkəmli türkoloq Lev Qumilyov qədim xalçaları yun kitabələr adlandırır. Çünki xalça təkcə dekorativ bəzək əşyası funksiyasını daşımır. Eyni zamanda, xalqın dünyagörüşünü, çoxəsrlik mədəni tarixini əks etdirir.
Bildiyiniz kimi, qədim türk tayfaları köçəri maldarlıqla məşğul olublar. İlk vaxtlar heyvanın dərisindən soyuqdan qorunmaq məqsədilə istifadə ediblər. Daha sonra şüur inkişaf etdikcə, heyvanların yunundan ip əyirib, bitkilərdən isə boya hazırlayıblar. Hörümçəyin tor hördüyünü görüb, qamış parçalarını və budağı bir birinə keçirərək həsir hazırlamağa başlayırlar.
Xalçanın əsası onun ərişi və arğacından ibarətdir. Arğac üfüqi, əriş isə şaquli istiqamətdə gedən xalça saplarıdır. Qeyd edək ki, xalçalar xovlu və xovsuz olaraq iki yerə ayrılır. Aşağı sıxlıqla toxunan xalçalarda xov az və qalın olur. Yuxarı sıxlıqlı xalçalarda isə əksinə sıxlıq yüksəldikcə xov qısa olur və ornament daha aydın görünür. 
İlk toxunan xalça nümunəsi isə palaz olub. İçərisi xırda formalı ornamentlərlə doldurulan palazlar ciyi adlanır.
Taxtadan dəzgahlar düzəldirilib və bu yolla şal, palaz, cecim toxunub. Daha sonra isə daha mürəkkəb toxuma forması, yəni kilim hazırlanıb. Kilim elementlərinə diqqət yetirildikdə, onun pilləkənvari olduğu məlum olur. Bu cür kilimlərə demək olar ki, hər evdə rast gəlinir. Ümumiyyətlə, türk xalqı qədimdən bəri xalçadan geniş istifadə edib. Belə demək mümkünsə, onlar xalça üzərində doğulub, böyüdülüb, toy məclisi qurulub və dünyasını dəyişdikdə də xalça üzərində son mənzilə göndərilib.
Azərbaycan xalqının bu qədər xalçaya bağlı olması onun soykökü ilə bağlıdır. Qədim tərəkəmələr alaçıqların döşənməsində xalçadan istifadə ediblər. Əvvəllər mebel olmadığından xalçadan məfrəşlər, məişət qabları və s. hazırlanıb. Həm də yun çox olduğundan insanlar bunu müxtəlif şəkildə dəyərləndiriblər. Düzdür, bu çox zəhmət tələb edən bir iş olub. Hətta qızlar öz cehiz xalçalarını özləri toxuyub. Yaxın keçmişə qədər bəzi bölgələrimizdə bu ənənə davam etdirilib. Qarabağ zonasında daha geniş yayılmış dəst xalı-gəbələr xüsusi yer tutub. Bu da evlərin çox böyük olmasından irəli gəlib.
Xalçanın ərsəyə gəlməsi üçün ilk növbədə onun layihəsi hazırlanır ki, bu da eskiz adlanır. İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında xalçaçılıq tədris edilir. Xalçanın həm layihəsi verilir, həm də onun material üzərində toxunuşunu bilmək vacibdir.
 
Təbriz xalçaları...

Xalçanın keyfiyyətini göstərən əsas göstəricilərdən biri də onun sıxlığıdır. Təbriz xalçaları çox böyük sıxlıqla toxunur. Bu da onun çox baha olmasının əsas səbəbidir. Qeyd edim ki, 1 kvadart santimetrdə yerləşən ilmələrin sayına sıxlıq deyilir. Bu xalçalarda nəbati ornamentlərdən çox istifadə olunub. Digər bölgələrin xalçaları üçün isə həndəsi fiqurlar xarakterik olub.
Azərbaycanda xalçaçılıq sənətinin ən parlaq dövrü XVI-XVII əsrdə Səfəvilər dövrü ilə bağlıdır. Mənbələr göstərir ki, bu dövr xalçaların toxunmasında təkcə toxucu özü deyil, eyni zamanda, dövrün məşhur rəssamları da yaxından iştirak ediblər. Rəssam onun eskizini verir, toxucu isə onu xalça üzərində əks etdirirdi. Təbriz xalça məktəbi də Səfəvi dövlətinin xalça məktəbi hesab olunub. Ümumiyyətlə, Azərbaycan xalçaları 7 məktəbə bölünür ki, onlardan biri də Təbriz xalça məktəbidir. Qalanları isə Quba, Şirvan, Qazax, Gəncə, Qarabağdır. Təbriz xalçaları öz rəngləri, ornamentləri, kompozisiyası və sıxlığı ilə fərqlənirlər. Qeyd edək ki, ən aşağı sıxlıq Qazax, Gəncə məktəbində, ən yuxarı isə Təbriz məktəbi xalçalarında olub.
Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar.
Vaxtilə Qarabağda "Dəst xalı-gəbə"- böyük sahələrdə döşəmələrin örtülməsi üçün nəzərdə tutulmuş dəst xalçalar toxunurdu. Dəst üç, dörd və ya beş xalçadan ibarət olur: mərkəzi xalı, iki dənə yan və ya kənarə xalça, başlıq xalça və ayaqlıq xalça. Bu cür xalçalar bəy evləri üçün xarakterik idi. Qeyd edək ki, Qarabağda dəst xalı-gəbələr evlərin böyük ölçülü olması ilə əlaqədar olaraq toxunub.

Fabrik xalçaları əl ilə toxunan xalçalardan nə ilə fərqlənir?

XIX əsrin ortalarından etibarən  süni boyalar meydana gəlməyə başlayır. Bu da öz növbəsində təbii boyalardan istifadəni azaldır. Hər bitkinin həm gövdəsindən, həm kökündən, həm yarpağından, həm də gülündən müxtəlif rənglər əldə etmək mümkündür. Bu da böyük zəhmət tələb edir. Əsasən sovet hakimiyyəti dövründə tədricən süni boyalar geniş istifadə olunmağa başlanılır. Eyni zamanda, bu dövrdə pambıq nisbətən bahalı material sayıldığı üçün kimyəvi liflərdən fabrik xalçalarının toxunması geniş vüsət alır. Bu da öz növbəsində bir sıra xəstəliklərin yaranmasına yol açır. Astma, bronxit, dəri və bir sıra allergik xəstəliklərə gətirib çıxara bilər. Həm də təmizlik baxımından toxunma xalça daha məqsədəuyğundur. Təbii xalçalar tozu az saxlayır və çirkdən daha tez təmizlənir. Fabrik xalçası ilə əllə toxunan xalçaları bir-birindən fərqləndirən bir sıra xüsusiyyətlər var. İlk növbədə bilmək lazımdır ki, fabrik xalçası digəri ilə müqayisədə daha yüngül və təbii xalçanın ilmələri daha sıx olur.
Fabrik xalçaları ilə əllə toxunan xalçaların fərqi ondadır ki, peşəkar rəssam və ya xalçaçı özü bədii zövqə malikdirsə, eskizini hazırlayır. Həm də eskizi köhnə xalçanın üzündən köçürə bilir. Daha sonra isə onu özü toxuyur. Lakin fabrik xalçası yun saplardan deyil, süni liflərdən istifadə olunaraq hazırlanır.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.