Cəmiyyət

Peşə təhsili olanlara ali məktəbə qəbulda müəyyən güzəştlər edilməlidir

7 İyul 2015 21:05
1 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlardan 7-si ölkəmizin işğal olunmuş rayonlarının payına düşür. 107 texniki-peşə təhsili müəssisəsi isə fəaliyyət göstərir. Fəaliyyətdə olan texniki-peşə təhsili müəssisələrinin 47-si peşə liseyi və 60-ı isə peşə məktəbidir. Bunların da 4-ü Naxçıvan Muxtar Respublikasının, 35-i Bakı şəhərinin, 68-i isə respublikanın digər şəhər və rayonlarının payına düşür. Texniki-peşə təhsili müəssisələrinin hazırkı fəaliyyətinə, şəraitinə nəzər saldıqda görürük ki, Azərbaycan təhsilinin, bəlkə də, ən yaralı yeri məhz peşə təhsili sahəsidir. Belə ki, bazar iqtisadiyyatının tələblərinə müvafiq, rəqabətə davamlı ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün texniki-peşə təhsili müəssisələrinin əksəriyyətinin maddi-texniki bazası günün tələblərinə cavab vermir. Hazırda istifadə edilən bütün avadanlıq köhnədir. Peşə məktəbi və peşə liseylərinə tədrisin əyani və təlimin texniki vasitələri, yeni nəsil kompyuterlər, müasir konstruksiyalı dəzgahlar, maşın-mexanizm və cihazlar ayrılmır. Respublikanın peşə məktəbi və peşə liseylərində çalışan ixtisas fənn müəllimləri arasında mühəndis-pedaqoqların sayı kifayət qədər deyil. Peşə təhsili müəssisələrinin 49-nun tədris və yataqxana binalarında məcburi köçkün və qaçqın ailələri məskunlaşıblar və s.

"Dünyada texniki-peşə məktəblərinə maraq 40-60%, Azərbaycanda isə 5-8%-dir"

Sözügedən təhsil müəssisələrinə şagirdlərin marağı da azdır. Belə ki, inkişaf etmiş ölkələrdə əsas təhsil pilləsinin məzunlarının 40-60%-i məhz texniki-peşə məktəblərinə qəbul olunduğu halda, bu rəqəm Azərbaycanda 5-8% təşkil edir.

Övladlarının gələcəyi barəsində fikirləşən valideynlər hesab edirlər ki, uşaqları mütləq ali təhsil almalıdırlar. Əksər valideynlər düşünürlər ki, ali təhsil almaqla övladlarının xoş gələcəyi sığortalanır. Məhz bu səbəbdən də valideynlər uşaqlarının hansı peşəyə həvəsli olmasından asılı olmayaraq, külli miqdarda pul xərcləyərək, onları repetitor yanına göndərirlər. Qeyd edək ki, övladları könülsüz olmasına baxmayaraq, illərlə repetitora pul xərcləyib, uşaq hazırlaşdıran valideynlər arasında arzusu puç olanları - uşaqları ali məktəbə qəbul imtahanlarından kəsilənləri kifayət qədərdir. Şagirdlərin də texniki-peşə təhsili müəssisələrinə münasibətləri birmənalı deyildir.

 "Ali təhsil almaq dəbdir"

Mövzumuzla bağlı suallarımızı cavablandıran pedaqoq, professor Əjdər Ağayev bildirdi ki, bizdə sözügedən problem ənənəvi xarakter daşıyır: "SSRİ dövründə də Birliyə daxil olan ölkələrdə texniki peşə məktəblərinə maraq güclü idi. Misal üçün, Estoniyada o zaman şagirdlərin əksəriyyəti peşə məktəblərinə üz tuturdu. Azərbaycanda isə texniki-peşə məktəblərinə maraq indiki kimi zəif idi". Peşə məktəblərinə marağın zəif olmasının səbəblərini Ə. Ağayev belə izah etdi: "Bunun kökündə birinci növbədə xalqımızın peşə təhsili ilə bağlı lazımi səviyyədə maarifləndirilməməsi durur. Hamımız  istəyirik ki, uşaqlarımız tez bir zamanda ali təhsil alsın; yaxşı yerlərdə işləsin və s. Heç nədən asılı olmayaraq ali təhsil almaq sanki bir dəbə çevrilib. Valideynlər bir-biriləri ilə uşaqları universitetdə oxusunlar deyə rəqabətdədirlər". Ə. Ağayevin sözlərinə görə, cəmiyyətimizdə texniki peşə məktəblərinə marağın zəif olmasının digər bir səbəbi isə ümumtəhsil məktəbləri ilə texniki-peşə məktəblərinin bir-biriləri ilə əməkdaşlıq etməməsidir: "Ümumtəhsil müəssisələrində müəllimlər və peşə məktəblərinin əməkdaşları tərəfindən təbliğat işləri aparılmalıdır. Onlar şagirdəri peşə məktəblərinə aparsalar, oradakı ixtisaslar barəsində məlumat versələr, həmin ixtisaslara cəmiyyətdə nə qədər ehtiyac olduğunu və s. izah etsələr, bu təhsil müəssisələrinə maraq artar".

 "Texniki-peşə məktəblərinin maddi-texniki bazası çox zəifdir"

Ə. Ağayev texniki-peşə məktəblərinə marağın az olmasına digər bir səbəb kimi həmin müəssisələrin maddi-texniki bazasının zəifliyini göstərdi: "Texniki-peşə məktəblərinin maddi-texniki bazası peşəkar fəhlə kadr yetişdirməyə imkan vermir. Ona görə də şagirdlər və valideynlər peşə məktəblərində keçirilən illəri ancaq vaxt itkisi kimi qiymətləndirirlər. Neft sənayesi sahəsində çalışan bir tanışımla söhbətim zamanı öyrəndim ki, orada bir çox sahələrdə işləmək üçün peşə təhsili kifayət  edir. Amma peşətəhsilli, keyfiyyətli kadrların olmaması ucbatından həmin işlərdə alitəhsilli insanlar çalışırlar".

Son dövrlərdə dövlətin peşə təhsilinə xüsusi diqqət yetirdiyinə, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" Sərəncamında peşə təhsilinə aid xüsusi bəndin olmasına diqqət çəkən müsahibimiz qeyd etdi ki, bütün bunlar texniki-peşə təhsilinin xoş gələcəyi baxımından nikbin olmağa əsas verir.

 "Məktəblərə universitetlərə hazırlıq kursu kimi baxılır"

Təhsil üzrə ekspert Nazim Əkbərov isə peşə təhsilinə marağın az olmasını insanlarımızın rahatçılığa qaçması ilə əlaqələndirdi: "Gənclərimiz peşə öyrənməkdənsə, bazarlarda satıcılıq etməyə daha çox üstünlük verirlər. Səbəb isə budur ki, özlərini əziyyətə salmaq istəmirlər". Onun sözlərinə görə, peşə təhsilinə marağın az olmasının digər bir səbəbi cəmiyyət tərəfindən məktəbin fəaliyyətinin düzgün başa düşülməməsidir: "İnsanlarımız məktəblərə universitetlərə hazırlıq kursu kimi baxırlar. Biz məktəbin yaxşı təhsil müəssisəsi olub-olmamasını şagirdlərin tələbə adını qazanıb-qazanmaması ilə ölçürük. Tarix müəllimi deyir ki, şagirdlər tarixi, riyaziyyat müəllimi deyir riyaziyyatı bilməlidir, idman müəllimi isə deyir ki, hər kəs 100 metr məsafəni 8 saniyəyə qaçmalıdır və s. Amma müəllim ixtisasını yaxşı öyrətməklə yanaşı, şagirdlərini  marağı və bacarığı olan sahələrə yönəltməlidir. Yəni bir uşaqdan yaxşı televizor ustası olarsa, onu bu peşəyə istiqamətləndirməlidir. Çünki belə olan təqdirdə, həmin şagird cəmiyyətdə daha tez özünü doğruldub, çörəkpulunu qaza bilər".

 "Texniki-peşə məktəbləri dövrün tələblərinə uyğun kadr hazırlaya bilmir"

N. Əkbərov onu da qeyd etdi ki, peşə təhsilinə marağın az olmasının digər bir səbəbi də vətəndaşlarımızın ali təhsilə daha çox maraq göstərməsidir: "Sovet dövründən insanlarımızın şüurunda belə fikir formalaşıb ki, ali təhsil almaq rahat çörək qazanmaq deməkdir. Amma bu fikir indiki bazar iqtisadiyyatı dövründə öz aktuallığını tamamilə itirib. İndi əmək bazarında hansı sahələrə daha çox ehtiyacın olduğu nəzərə alınmalıdır. Hazırda Azərbaycanda kifayət qədər alitəhsilli işsizin olmasına baxmayaraq, ixtisaslı ustalara, qaynaqçılara və s. böyük ehtiyac duyulur". Müsahibimiz texniki-peşə məktəblərinin böyük əksəriyyətinin özünü cəmiyyətdə doğrulda bilməməsinin mühüm səbəblərindən birinin də, maddi-texniki bazasının zəif olmasını, bazarın tələbatına uyğun kadr hazırlaya bilməməsini göstərdi.

 "Texniki-peşə  məktəblərinin sifarişçi problemi var"

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın cəmiyyətdə təhsilə, məktəbə münasibətin müsbət mənada dəyişəcəyini vurğulayan N. Əkbərov əlavə etdi ki, həmin sənəddə texniki-peşə məktəblərinin inkişafı da əsas hədəflərdən biri kimi göstərilib: "Son dövrdə ölkə təhsilinin inkişafı ilə əlaqədar olaraq, dövlət tərəfindən ciddi islahatlar həyata keçirilir. Bu sahədə Prezidentimiz İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamaq istəyirəm. Həmin islahatların nə dərəcədə reallaşması isə biz pedaqoqlardan asılıdır. Bütün təhsil işçiləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər". Bütün işin sonda fərdə bağlı olduğunu dilə gətirən müsahibimizin sözlərinə görə, bütün təhsil müəssisələri, xüsusilə də peşə məktəbləri əmək bazarı ilə qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərməlidir: "Texniki-peşə  məktəblərinin sifarişçi problemi var. Onlar müəssisələrlə sıx əməkdaşlıq edib, birbaşa onların tələbatlarına görə işçi hazırlamalıdırlar. Belə olan halda, hesab edirəm ki, texniki-peşə məktəblərinin cəmiyyətdə nüfuzu arta bilər".

Məlumat üçün bildirək ki, Şotlandiyada yerli biznes strukturları peşə təhsili ilə sıx əlaqədədir. Onlar hətta peşə məktəblərinin tədris materiallarını, tədris planını birgə hazırlayırlar. Adıçəkilən ölkədə texniki-peşə təhsili müəssisələri şagird planını bazarın tələbatına uyğun özləri planlaşdırır, məzun izləməsi statistikası ilə öz təbliğatlarını qurur və öz aralarında rəqabət aparırlar.

Qonşu Türkiyədə isə peşə təhsili alan məzunlar ixtisaslaşdıqları sahələr üzrə ali təhsil almaq istəsələr, qəbul zamanı digərlərindən fərqli olaraq, bir sıra üstünlüklərə sahibdirlər. Məsələn, universitetlərin texniki və ya mühəndislik fakültələrinə qəbul zamanı texniki məktəb məzunlarının qazandıqları balların əmsalı humanitar təmayüllü liseylərdən gələn məzunların bal əmsalından yüksək olur. Hesab edirik ki, Azərbaycanda da texniki-peşə təhsili müəssisələrindən məzun olanlara ali məktəbə qəbulda müəyyən güzəştlər edilməlidir. Bu, vətəndaşlarımızın sözügedən təhsil müəssisələrinə münasibətinin köklü şəkildə yaxşıya doğru dəyişməsinə gətirib çıxarar. Belə ki, şagirdlər biləcəklər ki, texniki-peşə təhsili müəssisələrinə üz tutmaqla, həm hansısa bir sənət öyrənəcəklər, həm də universitetlərə sənəd vermək istəsələr, müəyyən üstünlüklər əldə edəcəklər.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.