Cəmiyyət

İmam özü də zühur edəcəyi vaxtı bilmir

18 Aprel 2015 19:47
0 Şərh     Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyada zülm artdıqca, günahsız qurbanların sayı çoxaldıqca insanların belə haqsızlığa bir gün son qoyacaq liderin meydana gələcəyinə ümidi də çoxalır. Xüsusən də bu qanlı hadisələrin müsəlmanları hədəfə alması imam Mehdinin (ə) zühurunun müntəzirlərini o günün lap yaxında olmasına inandırır və bu inamı müxtəlif hədislərlə, rəvayətlərlə isbatlamağa çalışırlar. İslam.az bu qədim, eyni zamanda aktuallığını heç vaxt itirməyən mövzu ilə bağlı ilahiyyatçı hacı Mirhəmid Məmmədova suallarla müraciət edib.

- İmam Mehdinin (ə) zühurunu ancaq cəfəri məzhəbinin ardıcılları gözləyirlər?

- Hər kəsin fitrətində belə bir gözlənti var ki, xilas yolu mövcuddur və gələcək yaxşı olacaq. Allah insanları yaradanda onların daxilində bu hissi qoyub. Eyni zamanda bütün dinlərdə xilaskar anlayışı var. Bu da etiqad məsələsidir. Onu fərqli adlandıra bilərlər - imam Mehdi (ə), İsa Məsih və s. Amma o zühur edəcəyi zaman onu bütün din ardıcılları qəbul edəcək. Yəni bizim imamın zühuruna inancımız ümumibəşəri bir hissdir. Peyğəmbərdən (s) belə bir hədis nəql olunur ki, Yer üzü zülmlə dolduğu zaman bir nəfər mənim nəslimdən zühur edəcək və ədaləti bərpa edəcək. Bu da ümummüsəlman etiqadıdır. Əhli-sünnə və şiələr arasında da bu məsələdə cüzi fərqlilik var. Sünnilər xilaskarın hələ doğulacağına inanırlar, şiə inancına görə isə imam artıq həyatdadır, amma qeybdədir. Amma bütün müsəlmanlar inanırlar ki, imam Mehdi (ə) istənilən halda gələcək. Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, intizar, yəni gözləmək - zəruridir.

- Son zamanlar tez-tez bu və ya digər hadisələrdən sonra eşidirik ki, bu məhz imamın zühurunun əlamətlərindən biridir. Məsələn, Suriya hadisələri və ya Yəmənə təcavüz...

- Zühurun əlamətləri məsələsində müxtəlifliklər var. Amma bu etiqad məsələsi deyil. Məsələn, kimsə bir əlamətə inana, bir başqası isə inanmaya bilər. Etiqad imamın zühurunu gözləmək və onun gəlişinə inanmaqdır. Eyni zamanda məsumlardan bəzi rəvayətlər nəql olunub ki, orada göstərilən hadisələr zühurdan öncə baş verməlidir. Amma biz tam əminliklə söyləyə bilmərik ki, həmin hadisələr bu gün Şamda və ya Yəməndə baş verənlərdir. Düzdür, biz imamı gözləyirik və tez zamanda zühur edəcəyinə inanırıq. Amma qeyd edilən hadisələrin heç birinin yəqinliklə sözügedən əlamətlər olması barədə fikir yürüdə bilmərik.

- Qeyd etdiniz ki, imam Yer üzünü zülm bürüyəndə zühur edəcək. Bu gün Yəməndə məsum uşaqları qətlə yetirirlər. Məgər bu zülm deyil?

- Adəm (ə) peyğəmbərdən başlayaraq Yer üzündə zülm olub: ilk insanın bir oğlu o birisini qətlə yetirib. Sonrakı dövrlərdə bu davam edib. İnsanlar hətta yüzlərlə Allah elçisini öldürüblər. Amma bildiyimiz kimi, insan muxtardır və Yaradanımız insanı necə yaşamasına məcbur etmir. Bu dünya həm də mütləq ədalət məkanı deyil. Bəllidir ki, İlahi ədalət məhkəməsi Qiyamət günündən sonra qurulacaq. Allah kitablar və peyğəmbərlər vasitəsi ilə insanı doğru yola dəvət edib. Ancaq insanlar həmişə zülmə əl atıblar. Qiyamət günü də hər kəs öz cəzasına çatacaq. Uşağı da, böyüyü də öldürmək zülmdür, həddi aşmaqdır. Bəli, indi bombalar altında Yəməndə uşaqlar qətl olunur. Amma Həzrət Musanın (ə) dövrünü xatırlayın. O zaman bəni-İsraildə körpə oğlan dünyaya göz açan kimi öldürülürdü. Başqa nümunələr də xatırlamaq olar. Amma Allah "Qəssas" surəsində buyurur ki, bir zaman Yer üzündə ədalət nümunəsi göstərəcək. Bu da məhz Onun göndərdiyi xilaskarın əli ilə olacaq. Rəvayətlərə əsasən, hətta o imama da qarşı çıxanlar olacaq və bəlkə də, imam şəhid olacaq, ardından isə Qiyamət başlayacaq. Yəni insan belədir. O düz yolu da seçə bilər, təcavüzə, işgəncəyə də əl ata bilər. Bir daha təkrar edirəm: bu gün dünyada baş verən hansısa hadisəyə əsaslanaraq tam əminliklə deyə bilmərik ki, imam sabah zühur edəcək. İmamın özündən nə vaxt zühur edəcəyi barədə soruşduqda isə o həzrət buyurub: "Allah istədiyi zaman! Və buna vaxt təyin edənlər yalançılardılar". Hətta bəzi alimlərin rəyinə görə, imam özü də zühur edəcəyi vaxtı dəqiq bilmir və Allahın əmrini gözləməkdədir.

- Bəs imamın qeybi dövründə müsəlmanların vəzifəsi nədən ibarətdir?

- Müsəlmanlar Allahın qanunlarına, Peyğəmbərin (s) sünnəsinə əməl etməlidirlər və düzgün yaşamalıdırlar, başqalarını da bu yola dəvət etməlidirlər. Belə yaşayış da sanki imamın gəlişinə bir zəminədir. Biz əlimizi əlimizin üstünə qoyub gözləməməliyik ki, imam gəlib hər şeyi düzəldəcək. Biz öz imkanlarımız çərçivəsində Yer üzündə ədaləti qorumalıyıq, ən azından zülmü pisləməliyik. Bu bizim həm insani, həm də dini vəzifəmizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.