Cəmiyyət

Yanan binanın alovunda həqiqəti də yandırmayaq

22 May 2015 11:50
29 Şərh     Baxış: 12 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixdə qadın ucbatından baş verən müharibələr çoxdur. Hətta buna aid dastanlar qoşulub, filmlər də çəkilib. Homerin "İliada"sında da hökmdarın gözəl arvadının qaçırılması ölkələri düşmən edir. Qanlar tökülür, başlar kəsilir. Hər şey də gözəl, lakin ağılsız bir qadın ucbatından...

Azərbaycanda yenicə başlayan informasiya müharibəsinə də ağılsız bir qadın səbəb olub. Bəlkə də, yazdığımız sözlər Mətanət Əliverdiyevanın xoşuna gəlməyəcək. Ancaq nə edək ki, reallıq belədir? Onun da işlətdiyi sözlər bütöv bir xalqın xoşuna gəlməmişdi.

Mətanət Əliverdiyevanın "Gündəlik" verilişində işlətdiyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi" minlərlə insanın qəzəbinə səbəb oldu. Aparıcının sözləri ictimai rəydə əsl partlayış yaratdı. Birdən-birə minlərlə insan müxtəlif sosial şəbəkələrdə, xəbər saytlarının şərh bölmələrində Mətanəti qınamağa, söyməyə və təhqir eləməyə başladı. Efirə çıxan bir insanın həlak olanların ruhuna hörmətsizlik etdiyini dedi.

İnsafən, həmin hadisəyə qədər Mətanət Əliverdiyevanı sevənlərin sayı da az deyildi. Ara-sıra efirdəki hərəkətlərə görə onu tənqid edənlər olurdu. Lakin verilişinə maraq da böyük idi. İki gün öncə ard-arda düzülmüş bir neçə söz hər şeyi məhv elədi. Maddi maraqlara görə xalqın sevgisini nifrətə çevirmək ağılsızlıq deyil, bəs nədir? Axı xalq bilir ki, o sözlərin arxasında nələr durur.

ANS telekanalında da Mətanəti tənqid edən süjet hadisələri yeni  mərhələyə keçirdi. Jurnalist Ləman Ələşrəfqızının tənqidi reportajını ATV telekanalında müharibə elanı kimi qəbul etdilər.

Teleaparıcı İlkin Həsəni özünün Facebook səhifəsində Mətanətin müdafiəsinə qalxıb:

"14 ildir TV-də işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz, onlar ATV-yə gəldilər, hörmət, azadlıq və yüksək maaş gördülər, amma belə etməməli idiniz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! Ok, olsun!"

Süjetin müəllifi Ləman Ələşrəfqızının münasibəti də özünü çox gözlətməyib:

"Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-Şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun".

Görünən odur ki, artıq informasiya məkanında yeni müharibə başlayıb. Ancaq bu müharibə "İliada" dastanındakı Yelena kimi gözəl bir qadın ucbatından deyil, Mətanətin ucbatından... Bir də ki, kanallar arasındakı köhnə ədavət səbəbindən.

Bu müharibədə əslində üç tərəf var - xalqın rəyi, ANS və ATV. Haqqın kimin tərəfində olduğunu da artıq hər kəs bilir. 

İndi əsas məsələ o bilgini oxuculara, tamaşaçılara, dinləyicilərə təmkinlə, səbrlə, soyuqqanlı şəkildə çatdırmaq, emosiyalara qapılaraq çılğın bəyanatlar vermək deyil. Peşəkarlar səbrli olmağı, hadisələrin fövqündə durub elə o hadisələr barədə dəqiq, ən başlıcası isə obyektiv və qərəzsiz məlumatlar verməlidirlər.

Dəyərli həmkarlarımıza sayğımız böyükdür. Məhz bu səbəbdən də "Ok, olsun!" və ya "bozbaş" ifadələrini unudaq, yanan binanın alovunda məntiqi, qarşılıqlı sayğını və ən başlıcası - obyektivliyi yandırmayaq.

Lütfən...

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.