Cəmiyyət

Nəvəsini soyuducuya qoyan nənənin dəhşətli hekayəti

29 Mart 2015 00:15
5 Şərh     Baxış: 7 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gecə saat 03:00. Həyəcanlı kişi səsi polisə zəng edir. Yaşadığı evin soyuducusundan uşaq cəsədi tapdığını deyir.

Solmaz 17 yaşında ailə qurmuşdu. Evliliyi uzun çəkməmişdi. Qızı Nərmini təkbaşına böyütmüşdü. Qızının 13 yaşı var idi. Həyatdakı yeganə arzusu qızının ali təhsil alması idi. Lakin hər şey onun dediyi kimi getmədi. İsti yay günlərinin birində Solmaz qızı ilə çimərliyə gedir. Sahildə nə qədər çalışsa da, qızının əynindəkiləri soyundura bilmir. Ağlına pis heç nə gəlməyən Solmaz qızını qıdıqlayıb yerə yıxır. Paltarını dartıb çıxaranda isə qızının bədənindəki dəyişikliyi görür. Məlum olur ki, 3 aylıq hamilə olan Nərmin qarnını bərk-bərk sarıyıb anasından gizlədirmiş.

Sahildən evə qədər dəli kimi qaçan Solmaz nə edəcəyini bilmirdi. Yolboyu ona elə gəlirdi ki, başına gələn dəhşəti hamı bilir. Hamı ona baxıb ələ salır. Nərminin başına gələnlərdə o, özünü günahlandırırdı. Düşünürdü ki, qızına yaxşı baxmaq üçün iki işdə işləməyi, evdə az olmağı qızına yetəri qədər yaxşı tərbiyə verməyə mane olub.

Qızı çimərlikdən evə qayıdanda Solmaz qızı ilə haqq-hesab çəkməyə başladı. Ana ilə qızı arasındakı davadan belə məlum oldu ki, azyaşlı qızı əməlindən peşman deyil. Bətnindəki körpədən də imtina etmək fikri yoxdur.

Solmaz körpənin kimdən olduğunu öyrənmək istəyirdi. Nərmin isə anasının məqsədini başa düşmüşdü. O bilirdi ki, anası uşağın atasının kimliyini öyrənən kimi polisə gedəcək. Ona görə də qorxusundan demirdi.

Ana ilə qız arasında iki həftəlik davadan sonra məlum oldu ki, uşağın atası 11-ci sinifdə oxuyan Əlidir. Nərmin inad edirdi. O deyirdi ki, uşağı doğacaq. Məktəbi bitirdikdən sonra isə evlənəcəklər. Qız anlamaq istəmirdi. Zaman keçdikcə Solmazın əsəbləri daha da gərilirdi. O, qızının oxuduğu məktəbə gedib qızının sarılıq xəstəliyi keçirdiyini, uzun müddət məktəbə gəlməyəcəyini dedi. Qərarını vermişdi. Qızını aborta apara bilməzdi. Səs-küy yayılsaydı, biabır olacaqdı. Nərmini məktəbdən uzaqlaşdıra bilərdilər. Bu isə Solmaz üçün dünyanın axırı demək idi. O, hər şeyə razı idi. Təki yeganə övladı təhsil alsın. Ana qızı ilə şərt kəsməli oldu. Uşaq yalnız bir şərtlə doğula bilər ki, bu müddət ərzində Nərmin bayıra çıxmasın, Əli ilə görüşməsin, vəziyyəti ilə bağlı rəfiqələrinə heç nə deməsin. Hamiləliyin qalan 5 ayını sarılıq xəstəliyi adı ilə evdə oturub müalicə alsın.

Nərmin anasının dediyi kimi etməyə razı oldu. Hamiləliyin səkkizinci ayında qəfildən sancısı tutdu. Azyaşlı Nərmin evin hamamında təkbaşına uşağı dünyaya gətirdi. Solmaz evə gələndə qızını qanın içində hamamdan tapdı. O, uşağı qızının bətnindən tamamilə ayırıb mələfəyə bükdü. Soyuq qış günü yeni doğmuş qızının qanlı paltarlarını soyundurub yatağına uzatdı. Huşsuz Nərmini yuxu apardı. Yenicə doğulmuş qızı ilə maraqlanmağa gücü çatmadı.

Solmaz çox ağır həyat görmüşdü, çox dəhşətli, bitmək bilməyən gecələr keçirmişdi. Ancaq belə ağrını ilk dəfə idi yaşayırdı. O, azyaşlı qızı ilə yenicə doğulmuş nəvəsi arasında seçim etməli idi. Ya azyaşlı qızının gələcəyi məhv olmalı idi, ya da nəvəsi aradan götürülməli idi. Solmaz, heç şübhəsiz ki, gəncliyini verdiyi qızını seçəcəkdi. Lakin nəvəsi ilə nə edəcəyini bilmirdi. Divanın küncünə qoyduğu yenicə doğulmuş körpənin bağırtısı evi başına götürmüşdü. Solmaz birdən gözünün qarşısına gətirdi ki, məktəbli qızı divanda oturub uşaq əmizdirir, məktəbdən çıxarılıb, 13 yaşında qadın olub. Solmaz gördüyü dəhşətdən özünü zorla ayıltdı. Tez hamama keçdi. Hamam, otaqlar qan idi. Hər yeri təmizlədi. Sanki, nəvəsinin bağırtısına qulaqlarını qapatmışdı. Çox keçmədi ki, qızının zarıltısını eşitdi. Balaca ana qızını axtarırdı. Solmaz otağa keçib Nərminə yuxu dərmanı içirtdi. Artıq gözünə heç nə görünmürdü. Yeni doğulmuş nəvəsini ikinci mələfəyə bükdü. İşlədiyi çörək sexindən gətirdiyi un kisələrinə qoydu. Uşaq bir anda bağlamaya çevrildi. Gözlərini qapadı. Əlindəki bağlamanı evin eyvanına qoyub qapını içəridən bağladı. Yuxu dərmanı içib dünyadan xəbərsiz qızının yanına uzandı...

Səhər Nərmin oyanan kimi anasından uşağı istədi. Solmaz qızını ayağa qalxmağa qoymadı. Uşağın isə yatdığını dedi. Ayağa qalxmağa taqəti olmayan uşaq-ana Solmaza inanıb bir günü belə keçirtdi. İkinci gün Solmazın yalanı açıldı. Nərmin oyanan kimi evi axtardı. Uşağı tapa bilmədi. Solmaz uşağı yaxınlıqdakı xəstəxanaya yerləşdirdiyini dedi. Bir ay sonra isə Solmaz körpənin xəstəxanada dünyasını dəyişdiyi "xəbərini" gətirdi. Çıxış yolu olmayan Nərmin çox ağlasa da, anasına inanmalı oldu. Solmaz növbəti işinin Əli ilə hesablaşmaq olduğunu bildiyi üçün oğlanın evini tapdı. Olanları Əlinin ailəsinə danışdı. Əlinin Nərminin yanına yaxınlaşdığı andaca polisə müraciət edəcəyini deyib getdi. İki gün sonra isə "sarılıq" xəstəliyindən yeni ayağa qalxmış Nərmin məktəbə getdi. Analıq hissini mənimsəmədiyinə görə Nərmin hadisəni getdikcə unutmağa başladı. Başı dərslərinə qarışdı. Bu müddət isə Solmaz üçün çox ağır keçdi. Adətən qış fəslində açılmayan eyvandakı nəvəsini unuda bilmirdi. Solmaz Nərminin məktəbdə olduğu günlərdən birində nəvəsinin bükülü cəsədini eyvandan götürüb istifadə olunmayan soyuducuya qoydu...

Hadisədən 3 ildən çox vaxt keçmişdi. Nərmin universitet hazırlıqlarına başlayırdı. Solmaz bilərəkdən qızının yaşadıqları rayonda yox, başqa yerdə təhsil almağını istəyirdi. Eşitdiyinə görə Əli hələ də qızından əl çəkməmişdi. Qəbul imtahanlarının nəticəsi məlum olanda Solmaz çox sevindi. Hər şey, məhz, onun istədiyi kimi alınmışdı. Qızı başqa regionda təhsil alacaqdı.

Nərmin tələbə həyatına başlamışdı. Anası ayda bir dəfə qızına ərzaq aparırdı. Çox xoşbəxt idi. İlk dəfə illər sonra şəxsi həyatı haqda düşünməyə başlamışdı. Uzun müddətdən bəri ona evlilik təklifi edən Elxana ərə getməyi düşünürdü. Evinə qayıdar-qayıtmaz Solmazın evində yaşamaq şərti ilə o, Elxanla ailə qurmağa razılıq verdi. Nərmin də artıq anasının tək olmadığına sevinirdi.

Birgə həyat yaxşı gedirdi. Həmin dəhşətli gecəyə qədər Elxanla Solmaz arasında heç bir problem yaşanmamışdı. Solmaz gecə növbəsinə getmişdi. Evdə tək qalan Elxan darıxırdı. Heç vaxt istifadə olunmayan soyuducunu açdı. Burnuna gələn pis qoxu beynini uğuldatdı. Buzxananı açanda torbanı gördü. Torbanı çıxarıb ağzını açanda isə bir cüt körpə ayaqları ona doğru yönəldi...

Elxan qorxudan huşunu itirmişdi. Özünə gələndə isə düşünmədən polisi yığdı. Solmaz xəbər tutanda isə artıq gec idi. Elxan inanırdı ki, soyuducudakı uşaq cəsədindən həyat yoldaşının xəbəri yoxdur. Baş verənlər, sadəcə, bir təsadüfdür. İlkin ifadəsində Solmaz cəsəddən xəbəri olmadığını desə də, çox dözə bilməmişdi. Ağlayıb günahkar olmadığını demişdi.

Polisdən Nərminə zəng olunanda qız anasının qəza keçirdiyini zənn etmişdi. Polis bölməsində onu dəlilik həddinə çatdırdı. O, anasının belə bir addım atacağını ağlına da gətirmirdi.

Solmaz günahını etiraf etmişdi. Özünü günahkar hesab etmirdi. Deyirdi ki, övladını qoruyub. Qızının da onun kimi gənc yaşda uşaq böyütməyini, təhsildən kənarda qalmağını istəməyib.

Həbs olunduqdan sonra Solmaz qızı ilə görüşdən ondan yeganə iki şeyi xahiş edir: təhsilini davam etdirməyi və hər ikisinin həyatını alt-üst edən Əlini tamamilə unutmağı...

Günay Arda
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.