"Enerji təhlükəsizliyi geosiyasi sabitliyin əsas elementlərindən biridir və bu gün qarşılaşdığımız vəziyyət sadəcə bazarlardakı dəyişiklik deyil, qlobal enerji arxitekturasının fundamental şəkildə yenidən nəzərdən keçirilməsidir", - deyə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Milli.Az xəbər verir ki, Yunanıstanda keçirilən XI Delfi İqtisadi Forumu çərçivəsində "Enerji xəritəsinin yenidən cızılması: dəyişən sənayedə strateji alyanslar" mövzusunda panel müzakirələrində çıxış edən diplomat vurğulayıb ki, əsas çağırış enerji təchizatının təhlükəsizliyini, əlçatanlığını və davamlılığını eyni vaxtda təmin etməkdir. Bu baxımdan Azərbaycan mühüm rol oynayır və bu amil getdikcə böyüməkdədir.
Moderatorun suallarını cavablandıran diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, enerji keçidində və "yaşıl dəhlizlər" layihələrindəki yerini xüsusi qeyd edib.
"Ölkəmiz 2006-cı ildən - Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsindən, həmçinin bir hissəsi Yunanıstandan keçən Cənub Qaz Dəhlizinin 2020-ci ildə tamamlanmasından bəri Avropa və qlobal təhlükəsizliyə öz töhfəsini verməkdədir.
Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsidir. Bu da ölkəmizi aparıcı boru kəməri qazı tədarükçüsünə çevirir. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan kifayət qədər qaz ehtiyatlarına və ixracı artırmaq imkanlarına malikdir, buna görə də tədarük həcmini böyütməyə tam hazırdır", - deyə Elçin Əmirbəyov vurğulayıb.
Milli.Az





