Cəmiyyət

Gözəl və çirkin gözün misalı

28 Fevral 2015 22:27
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac), Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış, kökü olmayan pis bir ağaca bənzəyir" (İbrahim, 14/24-26).

Bu ayələr bizə yaxşının pisdən, gözəlin çirkindən, imanın küfrdən, tövhidin şirkdən, haqqın batildən daha üstün olduğunu təsirli bir misalla təsvir edir. Buna görə "gözəl bir söz" budaqları göylərdə, kökləri də yerin dərin qatlarında olan xoş bir ağac, çirkin söz isə kökləri yerdən qopmuş pis bir ağac kimidir. İndi isə daha açıq bir ifadə ilə haqqı və batili təsvir edən bu "gözəl ağac" və "çirkin ağac" təşbehini bir az açıqlayaq:

Haqqı təmsil edən gözəl ağacın iki əsas xüsusiyyəti olduğunu görürük. Birincisi, möhkəm olması, ikinci xüsusiyyəti isə onun məhsuldar olmasıdır. Möhkəmdir, ən güclü küləklərin qarşısında belə sarsılmaz və aşmaz, çünki kökləri yerin dərin qatlarındadır. Məhsuldardır, çünki hər il meyvə verir.

Batili təmsil edən çirkin ağacın isə kökləri yerin səthində olduğu üçün bünövrəsi möhkəm deyil. Sabit bir yeri və dirəyi də yoxdur. Eynilə haqqın qarşısında batilin sağlam dirəklərdən məhrum olması kimi. Buna görə də hətta ən zəif küləklərin qarşısında sovrula, yerindən qopub aşa bilər. Peyğəmbərlər "xoş sözü" təmsil edən "xoş ağacın" ən gözəl nümunələridir. Belə olan halda, "sözü", sadəcə, ağızdan çıxan bir söz səviyyəsinə düşürmək doğru deyil. Buradakı "söz" həm də bir rəftarı, yanaşmanı, etiqadı və təlimi bildirir. Təfsirlərimizdə ayədəki "gözəl söz" ilə məqsədin tövhid etiqadının əsli olan La İlahə İlləllah olduğu bildirilir. Həqiqətən də ən gözəl söz kəlmeyi-tövhiddir. Elə bütün doğru sözlər, gözəl xüsusiyyət və davranışlar bu uca sözün əks olunmasından ibarət deyilmi? Bütün peyğəmbərlər bu kəlməni ucaltmaq uğrunda mübarizə aparmayıblarmı? Belə olan halda, "çirkin ağac" da peyğəmbərlərə və onların gətirdiyi dəvətlərə qarşı çıxan, bu dəvətləri təsirsiz hala salmağa cəhd göstərən hər cür söz, düşüncə və rəftarı təmsil edir. Kökü torpağın səthində qaldığı üçün torpaqdan da, ona həyat verən yağışdan da istifadə edə bilməz. Nə meyvə verər, nə də kölgəsindən bir xeyir gələr. Eynilə bu şəkildə batilin də nə özünə, nə də bəşəriyyətə verdiyi və yaxud verəcəyi bir fayda vardır.

Sevgili Peyğəmbərimiz (s.ə.s.) bir hədisində müsəlmanın şəxsiyyətinin tərifini verdiyi zaman "yarpaqları düşməyən və hər mövsüm meyvəsini verən bir ağac" təşbihindən istifadə etmiş və əshabından bunun hansı ağac olduğunu soruşmuşdur. Heç kimdən səs çıxmadığını gördükdə, "xurma ağacıdır ", - deyib özü cavab vermişdir. Burada xurma ağacının və yaxud meyvəsinin faydalarını sadalamaq niyyətində deyilik. Ancaq insanların əksəriyyətinin meyvəsini yeyib doyduqları, sərinlənmək və dincəlmək üçün kölgəsindən istifadə etdiklərini nəzərə alsaq, quraq çöl şəraitində yaşayan möminlər üçün bu ağacın necə böyük bir həyati əhəmiyyət daşıdığını başa düşmək çətin deyil. Elə mömin də Allahın elçisinin gözündə belə bir ağac kimidir, öz düşüncəsi, sözü və rəftarı ilə ətrafindakılara faydalı olur. Yenə Rəsulun bildirdiyi kimi, "insanların əlindən və dilindən əmin olduğu insandır mömin". Mömini bu qədər ucaldan şey, əlbəttə ki, ən uca olan Allahın sözünü (ət-Tovbə, 9/40) vicdanının dərinliyində və öz davranışlarında daşımasından qaynaqlanır. Buna görədir ki, həm də mömini təmsil edən "gözəl ağacın" budaqları yüksəklərdədir. Çünki faydalı davranışları ilə "gözəl sözü" göylərə ucaldan mömindir (bax. Fatir, 35/10).

Möminin Allah və Rəsulunun nəzdindəki bu etibarı inananlar kimi bizə şərəf verməklə yanaşı, həmçinin bizə ağır bir məsuliyyət də yükləyir. Çünki bu şərəfə nail ola bilmək ancaq onu layiqli şəkildə daşıya bilmək cəhdi ilə mümkündür. Belə olan halda, Allah Rəsulunun təşbehində əks olunan xurma ağacı misalı kimi hər tərəfimizdən fayda yağan bir xüsusiyyətə sahib olmaq məcburiyyətindəyik. Biz buna cəhd etdiyimiz müddətcə buna da qətiyyətlə inanmalıyıq ki, Allah həm dünyada, həm də axirətdə sahib olduğumuz bu möhkəm inancla və sözlə bizi dimdik saxlayar. Ancaq bunun sayəsində müxtəlif bəla və müsibətlərə qarşı müqavimət gücünə sahib olarıq.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.