Cəmiyyət

Bərdədə 10 qədim yaşayış yeri aşkarlandı

25 Noyabr 2014 15:31
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bərdə rayonu ərazisində Xaçınçayın sol sahili və onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca neolit və Leylatəpə mədəniyyətinə aid 10 yaşayış yeri aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, bu abidələr ilk dəfə olaraq qeydiyyata alınıb.

Arxeoloji tədqiqatlar zamanı da o da məlum olub ki, İsmayılbəytəpə neolit dövrü yaşayış yerində olan 15 saylı tikili qalığı düzbuçaqlı plan quruluşuna malik olub, samansız çiy kərpiclə inşa edilib, divarların möhkəmliyi kontraforslar vasitəsilə təmin olunub. Otaqlar arasında havalandırmanı təmin etmək üçün xüsusi dəlik açılıb. Divarlar bünövrəsiz olub, birbaşa xam torpağın üzərində inşa edilib. Döşəmələr isə oxra əlavə edilmiş samansız palçıqla suvanıb. Ən maraqlı tapıntılar isə böyük sapand daşlarıdır. Çəkisi 250-650 qr arasında dəyişən samansız çiy palçıqdan hazırlanmış bu sapand daşları ancaq İsmayılbəytəpə üçün xarakterikdir. Qazıntılar zamanı C14 və paleonoloji analizlərin aparılması üçün hər bir təbəqədən nümunələr götürülüb. Aşkar edilmiş bu artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz neoliti üçün bir yenilikdir. Abidənin əlverişli yerləşmə vəziyyəti və tarixi-arxeoloji baxımdan unikallığı onun müzeyləşdirilməsi məsələsini aktual edir.

İlk dəfə olaraq Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunub, nəticədə 30-dək müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib. Meşə ərazisində aparılmış kəşfiyyat işlərinin əsas maraqlı cəhəti ondan ibarətdir ki, bu abidələrin böyük əksəriyyəti neolit və eneolit dövrünə aiddirlər və onlar ilk dəfə olaraq qeydiyyata alınıblar.

Ağcabədi rayonu ərazisində Sarıcalı və Hindarx kəndləri arasında olan 40 kv.km ərazidə aparılmış kəşfiyyat işləri nəticəsində 11 yeni neolit dövrünə aid yaşayış yeri qeydiyyata alınıb, ölçü işləri aparılaraq topoqrafiq planları hazırlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.