Cəmiyyət

İstədiyimiz kimi yaşayırıqmı?

2 Oktyabr 2014 18:08
0 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili azadlıq istənilən azadlığa doğru birinci addımdır

Hər birimizin həyatımıza dair planlarımız var. Amma planları belə qurarkən həqiqətənmi özümüzü azad hiss edir və istədiyimiz kimi yaşayırıq? Psixoloqlar hesab edirlər ki, əksər hallarda yox. İnsan başqalarının fikrini nəzərə alır, kiminsə xətrinə nədənsə keçir və ya sadəcə öz daxili səsini eşidə bilmir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, azad olmaq özün kimi olmaq deməkdir: "Çox vaxt biz özümüzə məhdudiyyətlər, şəxsi istəklərimizi boğan qaydalar qoyuruq. Özümüzü uşaqlıqdan bəyənməməyimiz də tədricən əslində necə olduğumuzu bizə unutdurur. Bir növ özümüzü başqasının çərçivəsinə salırıq. Bu da insana normal yaşamağa, özü ilə harmoniyada olmağa, xoşbəxtliyə qovuşmağa imkan vermir".

Bəs, məhdudiyyətləri aradan qaldırmaq mümkündürmü? Artıq özünü stereotiplərin qurbanına çevirənlər, daxilən azadlığı hiss edə bilərmi? Psixoloqun fikrincə, terapiya ilə belə insanlara kömək etmək olar. Lakin insan özü də daxilən azad olmağı istəməli və buna hazır olmalıdır. "Hələ uşaqlıqdan biz özümüzü azad hiss etmək istəyirik. Bu, özünü ilk "yox", "istəmirəm" sözlərimizdə göstərir. Bu istək yeniyetməlik dövründə daha kəskinləşir. Yetkin olanda da özümüz kimi olmağa ehtiyac duyuruq. İnsan dərində gizlənmiş istəklərini belə realizə etmək istəyir. Özünü realizə etmə istəyi xarici tələblərlər deyil, daxili tələbatlarımızla bağlıdır. Azad ola bildikcə, şəxsiyyətimiz formalaşır, öz həqiqi simamızı alırıq".

Müsahibimizin dediyinə görə, məhdudiyyətlərlə yaşamağımız bizə daxilən azadlığı hiss etməyə imkan vermir. Qəribə olsa da, məhdudiyyətlər çox yaxşı tərbiyə almağımız, ciddi qaydalarla yaşamağımız, sosial təzyiq, başqalarından daha üstün görünmək istəyi ola bilər. Amma daxili qorxular, özümüzü sıxmağımız da azad olmağa mane olur.

Onun sözlərinə görə, özümüzə qoyduğumuz qadağalar azadlığı məhdudlaşdırmaqla yanaşı düzgün seçim etməyə də qoymur: "Məsələn, şəxsi münasibətlər qane etmirsə, qarşı tərəfi düşünərək onunla ayrılmamaq, rəfiqənlə artıq söhbət tutmasa da, xətrinə dəyməmək üçün onunla danışmaq, iş qane etmirsə, maddi çətinlikdən qorxaraq işə davam etmək isanı istədiyini etməyə imkan vermir. Məhdudiyyətlər bununla bitmir. Biz çox vaxt daxilən azad ola bilmədiyimiz üçün yanlış seçim edirik".

Yaşadığımız bizim həyatımızdır və bizim əlimizdədir. A.Qurbanova deyir ki, onu yanlış istiqamətə yönləndirməyimiz düzgün deyil: "Əlbəttə ki, həmişə yalnız özünü düşünərək yaşamaq da olmaz. Müəyyən ortaq məxrəc tapmaq lazımdır. Amma özümüzü nə qədər çox sıxsaq, nə vaxtsa daxildə sıxdığımız güclü bomba kimi partlayacaq. Daxili azadlığın məhdudlaşdırılması axır-əvvəl özünü hansısa formada büruzə verəcək. Fiziki baxımdan bu psixosomatik pozğunluqlar və bədbəxt hadisələr, psixiki baxımdan - həqiqi dərddən depressiyaya qədər ola bilər".

Həmsöhbətimizin bildirdiyinə gjörə, daxili azadlığı hiss etmək üçün məhdudiyyətləri aradan qaldırmaq və ya dərk edərək qəbul etmək lazımdır: "Onda görəcəksiniz ki, nə qədər yüngülləşdiniz. Daxilən özünlə harmoniyada olmaq istəkləri realizə etməyə imkan verir. İnsan özü ilə barışmalı və ona sevinc gətirən qərarları verməlidir. Hər kəs öz daxilindən gələn səsi eşitməyi bacarmalı və əslində nə istədiyini öyrənməlidir. Daxili azadlıq istənilən azadlığa doğru birinci addımdır".

Psixoloq məsləhət görür ki, özünü anlamaq və psixoloji rahatlanmaq üçün meditasiya da etmək olar. Bunun üçün dərindən nəfəs alın və meditasiyaya başlayın. "Meditasiyanın birinci hissəsində "tsiqun" vəziyyətində dayanıb yavaş-yavaş burunla nəfəs alaraq beşə qədər sayın. Burundan nəfəs verib səkkizə qədər sayın. Nəfəs ritminizdə diqqətinizi cəmləyib başqa bütün fikirlərinizə rahat bir-birini dəyişməsinə imkan verin. Meditasiyanı 10-20 dəqiqə davam edin".

Meditasiyanın ikinci hissəsi ağ ciyərlər üçündür. Hesab olunur ki, orqanizmin bu hissəsində insanın emosiyaları cəmləşib. Bu məşqi sıxıldığınızı hiss etdikdə edin. Bunun üçün "tsiqun" vəziyyətində dayanıb ayaqlarınızı çiyinlərinizə paralel qoyun. Dizlərinizi bir qədər büküb beli düz saxlayın. Çiyinlərinizi boşaldıb əllərinizi aşağı sərbəst sallayın. Onurğa sütununu elə düz tutun ki, sanki sizi başınızdan tutub yuxarı dartırlar. Nəfəs alanda əllərinizlə dairə çəkin. Dairə çəkərək əlləriniz başınızın üstündə birləşəndə dayanın. Nəfəs verəndə əllərinizi qarşınızda aşağı sallayıb dua edən kimi ürəyiniz istiqamətində saxlayın. Yenidən nəfəs alarkən ovcunuzu çevirib (özünüzdən xaricə tərəf) əllərinizi kənara açın, amma eyni zamanda dirsəyinizi qabırğanıza sıxmaqla. Nəfəs verərkən güya yan tərəflərdə yerləşən iki divarı özünüzdən uzalqlaşdıran kimi əllərinizi açın və aşağı salın.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.