Cəmiyyət

Sevgi dediyin qurtuluşa yönəlməkdir

24 Aprel 2014 21:14
4 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nəqşibəndilərin bir zikri var: "Ya Baqi, əntəl Baqi". Yəni ey Baqi, əbədi olan Allah, var olan, əbədi olan ancaq Sənsən. Bu həqiqət əslində təsəvvüf əhlinin bütün zikr və ibadətlərinin ana xəttidir. Sadəcə fərqli toplumlar və ifadə tərzləri var. Bəli, əbədi olan, var olan, şəriyi, bənzəri, rəqibi olmayan tək varlıq Allahdır. Biz faniyik, ötəriyik, bu gün dünyada varıq, sabah yoxuq. Söz Allahın, güc Allahın, yol Allahın, sərvət Allahın, qüdrət Allahın, mərhəmət Allahın, bizsə aciz, möhtac, zəif məxluqlarıq.

Hər şəyimizlə Ona möhtacıq, Ondan asılıyıq. Ona görə də zəifliyimiz dərk edən kimi Onun sonsuz qüdrətinə sığınmalıyıq; ehtiyaclarımızın qarşılığını Ondan diləməliyik; şəfanı, səhhəti, rizqi Ondan istəməliyik; düşmənlərimizdən qoruna bilmək üçün Ona sığınmalıyıq...

Çətini ölənəcən deyil, öləndən sonradır. Dünya dediyin bir yuxudur, ölüncə ayılacağıq. Son nəfəs son güllə kimi canımızdan çıxanda gözlərimiz önündən pərdələr qalxacaq və yeni üfüqlərə açılacağıq ağ göyərçinlər kimi.

Ömür dediyin bir mahnının boyu qədərdir, kövrək də olsa, məzəli də olsa.

Dünyada dərdi olmayanın axirəti dərd olar, dünyanı axirət dərdi ilə yaşayanların axirəti aydınlıq olar.

Sən özünü kimə göstərmək, kimin rəğbətini, sevgisini qazanmaq üstəyirsənsə, mükafatını da ondan istə.

Sevgi dediyin rəğbətini qazanmaq, xoşuna gəlmək istədiyindir.

Sevmək də cürbəcür olur, gözün sevməyi var, ürəyin sevməyi var.

Gözün sevdiyini ürəyin sevgisi bilənlərin sevgisi gözündən gələr.

***

Nəqşibəndilərin bir zikri var: "Ya Baqi, əntəl Baqi". Yəni ey Baqi, əbədi olan Allah, var olan, əbədi olan ancaq Sənsən. Bu həqiqət əslində təsəvvüf əhlinin bütün zikr və ibadətlərinin ana xəttidir. Sadəcə fərqli toplumlar və ifadə tərzləri var.

Bəli, əbədi olan, var olan, şəriyi, bənzəri, rəqibi olmayan tək varlıq Allahdır. Biz faniyik, ötəriyik, bu gün dünyada varıq, sabah yoxuq. Söz Allahın, güc Allahın, yol Allahın, sərvət Allahın, qüdrət Allahın, mərhəmət Allahın, bizsə aciz, möhtac, zəif məxluqlarıq.

Hər şeyimizlə Ona möhtacıq, Ondan asılıyıq. Ona görə də zəifliyimizi dərk edən kimi Onun sonsuz qüdrətinə sığınmalıyıq; ehtiyaclarımızın qarşılığını Ondan diləməliyik; şəfanı, səhhəti, rizqi Ondan istəməliyik; düşmənlərimizdən qoruna bilmək üçün Ona sığınmalıyıq...

Sevgili Peyğəmbərimiz, ömrü ömrümüzə, könlü könlümüzə örnək olan Həzrəti-Məhəmməd (səlatü vəssəlam): "Ey Allahım, bir göz qırpımı qədər də olsa məni nəfsimlə baş-başa qoyma!" - deyə dua edərmiş. O, bütün yaradılmışların ən üstünü, ən gözəlidir. Təvəkkülün, yəni tədbirin və Allaha təslimiyyətin zirvəsidir O. Əgər o belə bu qədər həssas, bu qədər ehtiyatlı davranırsa, bir göz qırpımı qədər zaman müddətində belə" nəfsinin istəkləri ilə baş-başa qalmaq istəmirsə, onda biz öz halımızı göz önündən keçirək.

***

Sevgi, Allahın verdiyi bir nemətdir. Sevdiyin insanla baş-başa yaşamaq, sevdiyin işlə məşğul olmaq, sevdiyin yerdə, sevdiyin insanlar arasında bulunmaq böyük nemətdir. Amma sevgi dediyin o güc səni dünyaya bağlayırsa, qollarına vurulmuş qandal, gözlərinə tutulmuş pərdə, ayaqlarından asılmış kündədir. Sevgi dediyin əslində azadlıq yoluna çıxmaqdır, qurtuluşa yönəlməkdir. Nicat, qurtuluş Allaha təslimiyyətlə mümkündür. Yəni insan nəyi harada axtarmağı bilməlidir. Nicat axtaran Allaha yönəlməlidir, başqa ünvan yoxdur.

***

Hamımız ölüm meyvəsini dadacaq, qəbir qapısından keçib fərqli bir dünyaya gedəcəyik.

Unudulacaq bütün sevdalar, quruyacaq göz yaşları, sinədə açılmış şırımlar yavaş-yavaş qovuşacaq, yaşanmış həsrətlər, iztirablar ruhumuzun damağında uzaq, ilıq bir xatirə kimi qərib bir dada dönəcək.

Kimlər gəldi, kimlər keçdi bu dünyadan. Yunus Əmrə babamız demişkən, "şimdi növbət bizə durur".

İnsan hər gün dünyadan bir addım uzaqlaşır, ölümə bir addım yaxınlaşır.

Ölüm yox olmaq deyil, hesab verməyə gedişdir, imtahanın nəticəsini almaq məqamıdır. İmtahan dinyada verilər, qarşılığı axirətdə görünər.

Dünya axirətin tarlasıdır, burda tikan əkən orda tikan dərəcək, gül əkən gül dərəcək.

***

Bir padşah varmış. Özü də çox duyğulu, tez dolub-boşalan adam imiş. Sevinəndə dəli kimi sevinər, üzüləndə də ölürmüş kimi dərdə-qəmə batarmış. Bu padşah bir gün məmləkətə car çəkir ki, onu bu zəifliyindən hansı loğman, hansı təbib qurtara bilsə, həmin adamı dünya malından qane edəcək. Kim bu işə girişər ki? Təbib-loğman canından bezməyib ki? Nəhayət, dünyagörmüş, saçı-saqqalı dümağ bir dədə gəlir padşahın yanına və deyir:

- Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir. Sənin məsələn elədir ki, bunu nə dava-dərmanla, nə də türkəçarə ilə düzəltmək mümkündür. Amma sənə bir tövsiyəm var. Bir üzük düzəltdir. Qaşına da belə yazdır: "Bu da keçər" Sevinəndə də, üzüləndə də ona bax və düşün.

Piri-fani bu sözü deyib gedir. Padşah onun dediyi kimi bir üzük düzəltdirir, üstünə də "Bu da keçər" yazdırıb, barmağına keçirir. Xoş anında da ona baxır, üzüləndə də. Sevincindən şaqqanaq çəkib gülmək istəyəndə üzüyə yazdırdığı sözə baxıb kiriyir, dərddən ağlamaq ərəfəsinə gələndə də üzüyə baxıb təsəlli tapır. Amma deyirlər ki, padşah mükafatlandırmaq üçün o qocanı nə qədər axtarsa da o nişanda, o görüntüdə birisini gördüyünü deyən tapılmır.

***

Gəzdiyin qədər gəzdin, yediyin qədər yedin, nəfsinin çəkdiyi qədər feyz almağa çalışdın bu fani dünyadan.

Sonunda anladın ki, fani olanın verdiyi duyğu da elə özü kimi fani olur, ötəri olur.

Səhər heç acmayacaqmış kimi tox idin, axşam heç yeməmiş kimi acsan. Nəfs də qursaq kimidir, genəldikcə genəlirmiş.

Faniyik, amma əbədiyə namizədik. Ölürük, amma bir daha dirilmək üçün gözlərimizi qapadırıq.

Əlinə, ovcuna süzülən nur kimidir, gözünə, könlünə axan sevda kimidir əbədilik duyğusu.

İtirmək qorxusu, ayrılıq həyəcanı, arxamızca süzülən göz yaşları. Məcnun olub Leyliyə qovuşsan belə hər səhər səninlə oyanıb, hər axşam səninlə "kiçik ölüm" adlanan yuxunun qollarına təslim olan o sevginin, o səadətin bətnində yaşayır həmin o qorxu, o həyəcan, o göz yaşları.

***

Sonu olandan qorxursansa, sonu olmayana, Sonsuza can at ki, bu qorxudan qurtarasan.

"Faniyəm, fani olanı istəməm". Duyğuların kükrəsə, ruhun şahə qalxsa belə, bu gerçəyin kölgəsindən çıxmaq mümkün deyil.

Həzrət Əli (r.a.) deyir: "Qeyb pərdəsi gözlərim önündən qaldırılsa, axirətə imanımdan bir zərrə artmaz, azalmaz." Rəsulullah (s.ə.s.) da belə buyurur: "Ehsan- Allah-Təalanı qarşısında görürmüş kimi Ona ibadət eləməkdir."

Sözlərə baxırsan, gözün bərəlir, ruhun ənginliyini, imanın, təslimiyyətin gücünü ifadə etməyə söz tapmırsan.

Gözün qarnı yox ki, doysun. Nə qədər baxsan, "doydum" deməz. Gözün də nəfsi var, həm də necə...

"Hansı gül üzdür ki, əriyib torpağa qarışmadı, Hansı ala gözdür ki, su kimi axıb torpağa qarışmadı. "- Bir dərvişin türküsüdür bu iki misra. "Faniyəm, fani olanı istəməm". Bu sözün ağırlığından adam belini dikəldə bilmir.

***

Doğru yol doğru mənzilə aparar. Doğru yolun şərtləri ağır olar, amma sonu xeyirdir. Sonunda ruhun rahat olar. Cənnət də kənardan o qədər çəkici görünmür, amma cəhənnəmin cazibəsi göz aldadır.

İslam fitrət dini olduğu kimi, cənnət də gerçək fitrəti yaşayanların son mənzilidir. Haqqa təslim olmuşlar üçün cənnət çox ucuz, cəhənnəm çox bahadır. "Bir təbəssüm sədəqədir"- buyurur Könüllər Sultanı. Bəzən cənnət yolu bir təbəssüm boyu qədər yaxın olar möminə.

***

Başqasının əlindəkinə göz dikəni insanlar istəməz, bu dünyaya könül verəni də Allah sevməz. Fanisən, faniyəm, faniyik, amma əbədiyə namizədik. Bizim kimi faninin Əbədiyə qovuşmağı da faniliyimizin fani istəklərindən qurtarıb Əbədinin iradəsinə təslim olmaqla, könül evimizi Ona layiq şəkildə bəzəyib döşəməklə, hər şeyimizi ona təslim etməklə mümkün olur. Baqi (Əbədi) olan ancaq Allahdır. Allaha qovuşmağa can atanlar faniliyin məngənəsindən qurtulub əbədilikdən öz nəsibini alacağına ümid edərlər.

Heç bilmədim bu yazı necə alındı. Şeir yazmaq istəyirdim, amma olmadı, bu sözün hikməti qarşısında bütün duyğularım yaz qarı kimi əriyib getdi: "Faniyəm, fani olanı istəməm".

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.