Şou-biznes

Azərbaycanlı müğənni: "Biz Türkiyənin yanında həmişə cılızıq"

28 Yanvar 2015 10:29
5 Şərh     Baxış: 4 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə yaşayan müğənni Yeganə Mürsəlovanın qafqazinfo-ya müsahibəsi:
- Yaradıcılığınızda hansı yeniliklər olacaq?

- Bir ildə 7-8 klip çəkdirmişəm. Artıq klip çəkdirməkdən yorulmuşam. Tunarın mahnısını bəyənmişəm, onu oxumaq istəyirəm. Köhnə aşıq mahnılarımıza müraciət etmişəm. Unudulmuş mahnıya yeni nəfəs verəcəyəm. Yeniliklərim çoxdur. İnşallah, yavaş-yavaş tamaşaçılara təqdim edəcəm.

- Azərbaycanda konsert verməyi düşünmürsünüz?

- Konsert verməyi planlamıram. Ümumiyyətlə, qış aylarında konsert verməkdən ehtiyat edirəm.  Payız ərəfəsində konsert vermək istəyirəm. İnsanları təəccübləndirəcək və eyni zamanda əyləndirəcək  konsert vermək istəyirəm. Konsert xətrinə konsert verə bilmərəm.

- Siz də Türkiyədə yaradıcılıq işləri ilə məşğul oldunuz. İndi azərbaycanlı müğənnilər Türkiyə şou-biznesinə axın edir. Buna münasibətiniz necədir?

- Mənim Türkiyədə pop-star olmaq iddiam olmayıb. Oradakı bir çox kanallarda kliplərim yayımlanıb və bəyənilib. Orada  texnika güclüdür. Bizim musiqiçilər nə qədər güclü, istedadlı olsalar da, Türkiyədə olan  texniki avadanlıqlar bizdə yoxdur. Özümüzünküləri heç kimin ayağına vermərəm. Amma Türkiyədə görülən işlər tam fərqli olur. Orada bir çox peşəkar musiqiçilərlə çalışdım və onlardan çox şeylər öyrəndim.

- Deyirlər ki, Türkiyədə bizim müğənniləri qəbul etmirlər.

- Biz həmişə onların yanında cılızıq. Biz çox gözəl oxusaq da, onlar bizi qəbul etmirlər. Kənardan gələni sevmirlər. Bizim kimi qonaqpərvər deyillər.

- Deyirsiniz, Türkiyədə bizi qəbul etmirlər. Azərbaycanda ki sizi sevirlər. Niyə şou-biznesdən, televiziyalardan uzaq gəzirsiniz?

- Bilirsiniz ki, Türkiyədə yaşayıram. Orada yaradıcılığımla məşğul oluram. Yeni işlərim olanda gəlib ölkəmdə təqdim edirəm. Hər dəfə yalandan efirə çıxmağın mənası yoxdur. 14 ildir ki, səhnədəyəm.  Gec-gec işlər görsəm də, yeniliyim hər zaman tutarlı olub, sevilib. Brend paltarımı, maşınımı, evimi nümayiş etdirməyi sevmirəm. Camaat bu cür hərəkətləri sevmir və ucuzlaşmış şou kimi baxırlar. Bizim əldə etdiklərimizi əldə edə bilməyən insanlar var və sayları çoxdur.  Onlara özümüzü niyə göstərək? Xalqın gözü tərəzidir. Hər kəsin sahib olduqları özü üçündür. Bunları reklam etmək mənasızdır.

- Hər zaman qapalı geyimlərə üstünlük verirsiniz. Bunun səbəbi nədir?

-  Dəbi izləmirəm, nə yaraşsa, geyinirəm. Əsas odur ki, güzgüdə özümü görürəm. Açıq-saşıq geyimləri sevmirəm, bu mənim xarakterimə uyğun deyil. Son vaxtlar, bütün geyimlərimi tikdirirəm. Bir ayda 28 libas tikdirmişəm. Əsas özünə yaraşanı seçə bilməkdir. Düşünürəm ki, mən bunu bacarıram.

- Ailəli olub, yaradıcılıqla məşğul olmaq nə dərəcədə çətinlik yaradır?

- Təbii ki, çətindir. Hər şeydən öncə oğluma vaxt ayırmalıyam. Onun vətənimə layiqli vətəndaş kimi böyüdüb, cəmiyyətə təhvil verməliyəm. Sənətimdən öncə övladım gəlir. Lakin hər iki işin öhdəsindən gəldiyimi düşünürəm.

- Yeganə xanım yenidən ana olmağı düşünmür?

- Təbii ki, ana olmaq istəyirəm. Əslində  həmişə deyirdim ki, 11 uşağım olsun. Dəhşət futbol həvəskarıyam, "Fənərbağça"lıyam.  Qadın olub, futbolu bu qədər sevmək dəhşətdir.  Həyat yoldaşıma demişəm ki, 11 uşağımız olsun, futbol komandası quraq. Təbii ki, bunlar qismətə bağlıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.