Siyasət

Prezident İlham Əliyev Laosun xarici işlər nazirini qəbul edib

19 İyun 2017 10:16
Baxış: 237

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit dedi: "Sizin gözəl ölkənizə ilk rəsmi səfər etməyimdən şərəf hissi duyuram. Fürsətdən istifadə edərək Sizə Laos Xalq Demokratik Respublikasının Prezidenti Bunnyanq Voraçitin salamlarını çatdırırıq. Sizə yeni-yeni uğurlar və xalqınıza firavanlıq arzulayıram".

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkəmizin Laos Xalq Demokratik Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı marağın yaxşı göstəricisi olduğunu vurğuladı. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, nazir Salımsay Kommasitin ölkəmizə səfəri zamanı qarşılıqlı maraq doğuran və əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Nazir Salımsay Kommasit qeyd etdi ki, Laos ilə Azərbaycan arasında əlaqələrin uzunmüddətli tarixi var və bu əlaqələr hələ sovetlər birliyi dövründən başlayıb. O vurğuladı ki, Azərbaycan Laos Xalq Demokratik Respublikasının sosial-iqtisadi inkişafına, o cümlədən kadr hazırlığı məsələsinə böyük töhfə verib. Regionun lider dövləti olan Azərbaycanda böyük uğurların əldə edildiyini bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı səfərlərin önəmini vurğuladı.

Görüşdə Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Laos Xalq Demokratik Respublikasının Prezidenti Bunnyanq Voraçitin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos Xalq Demokratik Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.