Siyasət

Azərbaycanla İran arasında hüquqi yardım və məhkumların verilməsi məsələləri müzakirə olundu

18 Aprel 2014 20:50
Baxış: 537
Bu gün ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayinlə görüşüb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu, ölkə prezidentlərinin mütəmadi, o cümlədən bu ay dövlət başçısı cənab İlham Əliyevin İrana səfərinin və mühüm sənədlərin imzalanmasının ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük təkan verdiyini vurğulayıb.
 

Həmçinin zəngin müqavilə bazası əsasında hüquqi əlaqələrin inkişafı, o cümlədən iki ölkənin Ədliyyə nazirliklərinin sıx əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycan və İran arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyən səfir Azərbaycan Prezidentinin ölkəsinə səfərinin böyük səmərəsini vurğulayaraq, görüşlərin çox səmimi şəraitdə keçdiyini bildirib. Qonaq, həmçinin Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir edib.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.
 

Səfir dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xatırladaraq, müəllifi olduğu "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabını təqdim edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.