Siyasət

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" medalı təsis olundu - FOTO

15 Noyabr 2012 19:54
Baxış: 5 748
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 440-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalamışdır.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 440-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 440-IVQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti "Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamına uyğun olaraq həyata keçirirlər.

3. "Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №6, maddə 483; 2007, №6, maddə 661; 2008, №6, maddə 486) 1-ci hissəsində "medalları" sözündən əvvəl ", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" sözləri, "və" sözündən əvvəl ", Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə" sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".


* * *

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunua dəyişikliklər barədə sərəncam imzalamışdır.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu) 2-ci maddəsinə aşağıdakı məzmunda onuncu hissə əlavə edilsin:
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı;".

Maddə 2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilsin (əlavə olunur)".

* * *

Milli.Az AzərTAc-a istinadən bildirir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamədə deyilir:

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan


"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

* * *

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsviri belədir:

1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızılı suya çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir.

2. Medalın ön tərəfinin sağında onu yarımdairə şəklində yuxarıdan aşağı iki hissəyə bölən və Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri ilə boyanmış lent təsvir edilmişdir. Lentin fonunun yuxarı hissəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi, aşağı hissəsində isə "95 il" sözləri yazılmış və bu sözlər dəfnə budağı ilə haşiyələnmişdir.

3. Lentin sol tərəfində yuxarıda Ulu Öndər Heydər Əliyevin barelyefi həkk edilmiş, barelyefin altında "1918", daha aşağıda isə "2013" rəqəmləri yazılmışdır.

4. Medalın ön tərəfinin yuxarısında qövs boyunca "Azərbaycan Respublikası", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır.

5. Emblem, dəfnə budağı, barelyef, sözlər və rəqəmlər relyeflidir. Gümüşü rəngli qılınclar, ağ rəngli aypara və ulduz, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş lent və ağ mina ilə örtülmüş "95 il" sözləri istisna olmaqla, digər elementlər qızılı rəngdədir.

6. Medalın arxa tərəfinin ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" sözləri yazılmış və aşağı hissəsində milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Ulduz, aypara, sözlər, ornament relyefli və qızılı rəngdədir.

7. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində mavi, 10 mm enində qırmızı, mərkəzdə isə 3 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.

8. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.




Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.