Kulinariya

Mətbəx sirləri: Bayram plovu - FOTOSESSİYA

20 Mart 2014 07:00
24 Şərh     Baxış: 11 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Stalik Xankişiyevin bloquna (stalic.livejournal.com) istinadən özbək mətbəxindən bayram plovunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:


Düyü
Qoyun, yaxud mal əti
Quyruq
Soğan
Yumurta
Yerkökü
Yağ
Sarıkök
Zirinc və ya quşüzümü
Noxud
Duz
İstiot
Zirə
Zəfəran


Təxminən 3 kq əti iri doğrayın. Ədviyyat vurun.  



Yerkökünün qalın yerini kubik, nazik yerini isə fal-fal doğrayın. İki kiloqrama yaxın yerkökü bəsdir.



Sarı özbək yerköküsü olmasa, adi, narıncı yerkökü də götürmək olar. 



Yumurtaları soyuq su tökülmüş qazana, onu isə ocağın üstünə qoyun, qaynara düşəndən sonra 5 dəqiqə bişirin, altını söndürün. Qoyun daha 10 dəqiqə bu isti suyun içində qalsın.



Soğanı yarımhalqa doğrayın. Bir dolu kasa bəs edər.



Bu plov üçün devzirə, basmati əvəzinə adi düyü götürə bilərsiniz. Məsələn, özbəklər kəkir düyüsü ilə bişirirlər. Artlayıb yuyun, isladın. 



Doğradığınız əti siniyə yığıb 180-190 dərəcə qızdırıb içinə bir tava qaynar su qoyduğunuz sobada bişirin. Üstü qəşəng qızarsın. İçi tam bişməsə də olar. Təxminən 20-30 dəqiqəyə lazım olan həddə bişəcək.



Qazanı qızdırıb içinə yağ tökün.



Hansı yağı sevirsinizsə, ondan da istifadə edin. Məsələn, bu plov üçün özbəklər ziqir-yağdan istifadə edirlər. Onun tərkibində küncütdən tutmuş kətanadək bir neçə bitkinin yağı var. Ziqir-yağı çox qaynar edirlər, ağ tüstüsü çıxanadək qızdırırlar.
 


Yağa bir qədər ərinmiş quyruq yağı da qata bilərsiniz.



Əvvəlcə yağa doğranmış soğanı tökün.



Ziqir-yağda soğan qızartmaq bir az çətindir. Çünki o köpüklənir və soğanın durumunu yoxlamaq üçün onu yağdan çıxarıb baxmaq lazım gəlir. Üstəlik, kim zəmanət verir ki, onun dadı xoşunuza gələcək. Odur ki, hansı yağdan yeməyə öyrəşmisinizsə, plovu da onunla bişirin.



Soğanın rəngi dəyişib ölçüsü kiçilirsə, deməli, qovrulduğu bəsdir.  Sıra kubik doğranmış yerkökündədir. Sarı yerkökü də varsa, birinci onu əlavə edin, çünki narıncıya nisbətən daha gec bişir. 



Zirə, duz, istiot əlavə edin.



İndiki zəmanədə plovun içində yumurtaya nadir halda rast gələrsən. Əvvəllər ət olmayanda plovu onunla bişirirmişlər. Bizim plovdakı yumurtalar isə ona dadla yanaşı, gözəl görüntü də verəcək.



Yumurtaları yerkökülərin böyrünə düzün.



Qarışdıranda ehtiyatlı olun, paralanmasınlar, heyifdir.



Yumurtalar saralanda artıq növbəti mərhələyə keçmək olar. Bu müddətə ət artıq hazır olacaq.



Halqa doğradığınız yerkökünü qazana əlavə edin.



Azca su tökün. Elə olsun ki, tavadakıların üstünə çıxsın. Sonra əti düzün.



Quyruq tikələrini də düzün.



Zirinc, turşaşirin kişmiş və bişmiş noxudun qarışığını üstünə düzün.



Qazanın ağzını örtün, ocağı azaldın. 40 dəqiqə-1 saat bişməsini gözləyin.

Düyünü tökməzdən əvvəl əti qazandan çıxarın. Ancaq ehtiyatlı olun - ət çox yumşalır və az qala tel-tel ayrılır. 



Düyünü döşəyin, hamarlayın, su, duz tökün, ocağı artırın.



Üzərinə zəfəran dəmləməsi gəzdirin.



Düyü suyun hamısını çəkəndə bir azca diri qalacaq. Onu təpələmə yığın. Ocağı azaldın.



Düyünün kənarına əti düzün. Düyü təpəciyinin zirvəsində çuxur açın. Qırmızı zirinci, yaxud quşüzümünü buraya doldurun. Dəmə qoyun.



Bu plovu süfrəyə vermək məharət istər. Çünki bəzəməyi ayrı aləmdir.

Əti götürüb bir hissəsini kubik doğrayın.
Yerkökü halqalarını və zirinci də ayrıca qaba yığın.
Bişmiş quyruğu və yumurtaların bir hissəsini dilimləyin.
Düyünü kubik doğranmış (təbii ki, içindəki bişmiş yerköküdən söhbət gedir) yerkökü ilə qarışdırın.
Buluda düyünü yığın. Ət, yerkökü dilimləri, zirinc, yumurta ilə bəzəyin.



Nuş olsun!

Bayramınız mübarək!


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.