Kulinariya

Mətbəx sirləri: "Yeddi gözəl" plovu - FOTOSESSİYA

18 Mart 2014 07:00
36 Şərh     Baxış: 11 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Stalik Xankişiyevin bloquna (stalic.livejournal.com) istinadən İran mətbəxindən "Yeddi gözəl" plovunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

Düyü (basmati)
Ərinmiş yağ
Toyuq
Soğan
Portağal
Zirinc
Ərik qurusu
Badam
Fıstıq
Kişmiş
Nar
Zirə
Zəfəran
Duz
İstiot
Şəkər tozu
Lavaş

Portağalın sedrasını çıxarın.



Qaynar suda isladın, bir neçə dəfə suyunu dəyişin. Su soyuduqca süzüb atın, əvəzinə qaynar su tökün. Beləcə, qabığın üstündəki bütün mum çıxanadək (suyun üzərində, kasanın qırağında yığılır) prosesi təkrar edin.


 
Sonra isə iti bıçaqla portağalın sedrasını napnazik saman kimi doğrayın.



Toyuğu doğrayın. Qanadlarını, belini, döşünü, budlarını və buddibini ayrı qoyun.



Soğanı nazik doğrayın.



Soğanı ərinmiş yağda qovurun, yanmasın deyə ocağı azaldın.



Soğanın ətri yayılanda toyuğun çox bişməli olan hissələrini - qanadları və belini tavaya salın.



Duz, istiot, döyülmüş zirə səpin.



Adətən, buraya sarıkök qatırlar. Ancaq işdir, şayət əlinizin altında əsl zəfəran varsa, onu şəkər tozu ilə döyün, qaynar su töküb dəmləyin, sonra bunu toyuğa əlavə edin. Çünki zəfəran tək rəng vermir, həm də əsl bayram rayihəsi yayır.



Zəfərandan savayı azacıq gül suyu da əlavə etmək olar.



Toyuğun döşünü digər ət parçaları yarıbişmiş olanda əlavə edin. Qarışdırın, tavanın qapağını qoyub ocaqdan götürün. Narahat olmayın, çiy qalmayacaq.



Demək olar ki, birinci "gözəlimiz" hazırdır.
 
Portağal sedrasını hazırlamaq üçün tavaya ərinmiş yağ, şəkər tozu və zirə qoyun.



Şəkər tozu əriyənədək tavanı qızdırın. Dərhal sedranı, ardınca da 3-4 xörək qaşığı su əlavə edin. Sonra sedra karamelləşənədək qarışdırın.



Badamı qaynar suda isladın, qabığını təmizləyin. Sonra hər birini uzununa 3-4 yerə bölün.



Ərinmiş yağda rəngi allaşıb gözəl ətir verincə qovurun. 



Fıstığı da eynilə hazırlayın.



Ancaq fıstığın rəngini dəyişməsini gözləməyin, ətri gəldisə, hazırdır!



Dənəsiz ərik qurusunu tərtəmiz yuyun, qurudun, doğrayın. Yaş qalarsa, əziləcək, həm görünüşünü itirəcək, həm də plovu bərbad edəcək.



Quru meyvələri qovurarkən tava çox qaynar olmamalıdır. Çünki o zaman meyvələrin tərkibindəki şəkər karamelləşir və ağarır, yaxud da yanıb qaralır. 

Kişmişi də yağda qovurun. Tez-tez qarışdırın, lazım gələrsə, tavanı bir neçə dəfə ocaqdan götürə də bilərsiniz.



Kişmişlər əvvəlcə şişib adi üzüm dənəsi boyda olur, sonra yenə büzüşür. Bütün quru meyvələrin yağı - bu plovun canıdır.



"Gözəllər"in altısı artıq hazırdır: toyuq, sedra, ərik qurusu, badam, fıstıq, kişmiş. Qaldı bircə zirinc. Onu da kişmiş kimi şişənədək ərinmiş yağda qovurun.



Bunları lay-lay düyünün arasına da düzmək olar. Hamısını qarışdırıb yağını süzüb döşəmək də olar.



Bayram plovu üçün ən yaxşı basmati seçmək lazımdır, yəni ki, 12 saat suda saxlayandan sonra ondan əla plov çıxsın.

Düyü üçün suyu 2:1 nisbətində südlə qarışdırın (2 pay su + 1 pay süd). Duz əlavə edin. 1 kq quru düyüyə 5 litr su-süd qarışığı gərəkdir.



Yağ da vacibdir. 1 kq quru düyüyə təxminən 400 q ərinmiş yağ gedir.



Qazanın dibini yağlayın.



Ya adi üsulla xəmirdən qazmaq hazırlayın. Ya da ən rahatı - lavaş götürün.



Lavaşı parçalara bölüb yağlayın, bir neçə qat üst-üstə düzün (qoy qazmağı çox olsun).



Su-süd qarışığı qaynayanda yuyub islatdığınız düyünün suyunu süzün, qazana tökün. Həmən dəqiqə də qarışdırın ki, dibinə oturub yapışmasın. Qazan təkrar qaynamağa başlayanda qarışdırmağı dayandırın.



Bir qədər də zəfəran götürüb döyün, qazanda qaynayan südlü sudan 2 qaşıq üzərinə töküb qarışdırın.



Yarıbişmiş düyüdən bir qədər götürüb tayqulpa, yaxud balaca qazançaya yığın.



Zəfəran dəmləməsi ilə qarışdırıb ağzını örtün, dəmə qoyun.



Bax belə!


 
Bir tumturş narın şirəsini sıxın.



Yenə bir balaca qazançaya düyüdən tökün, nar şirəsi ilə qarışdırıb dəmə qoyun.



Nar şirəsi yoxdursa, bir çuğunduru sürtgəcdən keçirin, suyunu sıxın. Turş olmayacaq, amma rəng verəcək.

Düyünü təxminən 9-12 dəqiqə qaynadın. Süzün.



İndi plovu dəmə qoymaq gərəkdir. Toyuğun yağı ilə bulyonunu süzün. 



Lavaşın üstünə toyuğu döşəyin.



Qovrulmuş soğanı toyuğun üstünə döşəyin (altda qalsa, yanar).



Sonra isə lay-lay quru meyvələri düzün.



Quru meyvənin çox hissəsini düyünün təpəsinə yaxın düzün, çünki bunlarla plov "bəzənəcək". Ancaq bu layın da üstünü düyü ilə örtmək lazımdır.



Qazanın qapağına "vaflili" dəsmal bükün (bunlar buxarı daha yaxşı hopdurur). Dəmə qoyun. Quru meyvələri qovurduğunuz yağı düyü tam dəm alana yaxın üzərinə gəzdirin.
Dəmdə isə düyü ən azı iki saat qalmalıdır. İmkan varsa, 4-6 saat da dəmləyə bilərsiniz, bu, onu daha dadlı edər.



Belə plovu süfrəyə elə-belə vermək günahdır. Mütləq bəzəmək lazımdır. Rəngli düyünü hissə-hissə qəşəng düzmək üçün iki uzun bıçaq götürün, V hərfi kimi çarpaz qoyun və arada boş qalan yerə qaşıqla düyüdən tökün.



Nuş olsun!

Bayramınız mübarək!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.