12 mart 2010
23:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda yekun nitqi ilə çıxış edib.
- Biz birinci Dövlət Proqramı qəbul edildikdən sonra bu formatda hər il görüşürük. Bu görüşlərin böyük əhəmiyyəti vardır. Həm sahibkarlar, eyni zamanda, bütün rayonların icra hakimiyyətinin başçıları bu görüşlərdə iştirak edirlər. Həm görülən işlər təhlil edilir və ən önəmlisi ondadır ki, gələcək planlar da müzakirə edilir, əlavə tədbirlərin görülməsi üçün də konkret addımlar atılır. Mən əminəm ki, bu görüşdən sonra rayonların icra hakimiyyətinin nümayəndələri dövlət strukturlarının nümayəndələri ilə görüşəcəklər, proqramın birinci ilinin yekunlarını daha da geniş şəkildə müzakirə edəcəklər. Əgər ehtiyac olarsa, hər bir rayon üzrə nəzərdə tutulmuş proqrama əlavələr edilməsi haqqında təkliflər də səslənəcəkdir.
Hesab edirəm ki, birinci proqramın uğurlu icrasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, proqramın icrasına daim nəzarət olmuşdur. Bu nəzarət həm mənim bölgələrə səfərlərim zamanı həyata keçirilirdi, eyni zamanda, belə müşavirələrin keçirilməsi də bu istiqamətdə çox vacib addımlardır. Yəni əgər bu nəzarət olmasaydı və proqrama əlavələr edilməsəydi, görülən işlərə bəzən düzəlişlər edilməsəydi, yəqin ki, biz bu uğurları əldə edə bilməzdik. Bu gözəl təcrübəyə əsaslanaraq, biz 2013-cü ilə qədər nəzərdə tutulmuş bütün vəzifələri eyni qayda ilə həll etməliyik. Proqramın icrası yəqin ki, düzəlişlər tələb edəcəkdir. Çünki 2009-cu ildə qəbul edilmiş proqramda həllini gözləyən, yaxud da ki, qarşıya yeni çıxan məsələlərin hamısını nəzərdə tutmaq mümkün deyildi. Haradasa əlavələr, düzəlişlər, əlavə maliyyə mənbələrinin təşkil edilməsi məsələləri də öz həllini tapmalıdır.
Bir sözlə, hesab edirəm ki, birinci ilin yekunlarına dair daha da geniş müzakirələr aparılmalıdır. Ən önəmlisi, 2010-cu ildə görüləcək işlər haqqında geniş müzakirələr aparılmalıdır. 2010-cu ildə nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilməlidir. Bunu etmək üçün bir daha deyirəm ki, bütün imkanlar vardır. Dövlət Proqramının icrası, eyni zamanda, Azərbaycan dövlət büdcəsinin xərclərində də öz əksini tapır. Dövlət büdcəsi təbii ki, qəbul ediləndə proqramda nəzərdə tutulmuş məsələlərin həlli üçün maliyyə mənbələrinin təşkil edilməsi də nəzərdə tutulmuşdur, yəni maliyyə problemləri olmayacaqdır. Azərbaycan büdcəsi, bu ilə nəzərdə tutulmuş xərclər, deyə bilərəm ki, çox konservativ şəkildə təmin edilmişdir. Bizim hələ böyük ehtiyatımız vardır. Ona görə də nəzərdə tutulmuş problemlərin həlli üçün maliyyə mənbələri vardır və maliyyə vaxtında açılacaqdır.
Texniki imkanlar da vardır. Son illərdə Azərbaycana çoxsaylı xarici istehsallı texnika gətirilibdir. Eyni zamanda, yerli istehsalın gücləndirilməsi sayəsində artıq texnikanın bir hissəsi Azərbaycanda istehsal edilir. Azərbaycanda rəqabətqabiliyyətli müəssisələr işə salınır. Onlar həm daxili tələbatı ödəyir, eyni zamanda, ölkəmizin ixrac potensialı da genişlənir. Odur ki, bütün bu işləri vaxtında və keyfiyyətlə icra etmək lazımdır.
Sahibkarlar da ölkəmizin ümumi inkişafına öz töhfələrini verməyi davam etdirəcəklər. Bunu etmək üçün onların artıq öz vəsaitləri vardır. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlər nəzərdə tutulur. Onlar da verilməyə başlanmışdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin xətti ilə ölkəmizin inkişafı üçün vacib olan layihələr icra edilir. Sahibkarların öz maliyyə imkanları, özəl bankların imkanlarının genişlənməsi və bank resurslarının mövcudluğu, kredit resurslarının artırılması - bunlar da Azərbaycan iqtisadiyyatının inkişafına çox müsbət təsir göstərəcəkdir. Biz çalışmalıyıq ki, daxili istehsalı gücləndirmək üçün bütün imkanlardan istifadə edək. Beləliklə, Azərbaycanda yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, daxili tələbat maksimum dərəcədə Azərbaycanda istehsal olunan məhsullar hesabına təmin ediləcək, güclü ixrac potensialımız yaranacaq və yeni bazarların aşkarlanması işində əlavə tədbirlər görülməlidir.
2010-cu ildə həm ölkəmizin, həm sahibkarlığın inkişafı üçün böyük infrastruktur layihələri davam etdiriləcəkdir. Bu infrastruktur layihələri icra olunmasaydı, sahibkarlığın inkişafı haqqında, ümumiyyətlə, söhbət gedə bilməzdi. İlk növbədə, biz özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin etdik və bu gün artıq böyük ixrac imkanlarına malikik. Qazlaşdırma prosesi sürətlə gedir, yollar çəkilir. Əgər müasir, gözəl yollar olmasa, bölgələrin inkişafı mümkün deyildir. Nə kənd təsərrüfatının, nə turizmin inkişafı mümkün deyildir. Ona görə dövlət xərcləri hesabına və xaricdən alınan kreditlər hesabına bu istiqamətlərdə bütün işlər görüləcəkdir. Hər halda hesab edirəm ki, 2010-cu il üçün nəzərdə tutulmuş bütün işlər görülməlidir. Ola bilər ki, biz nəzərdə tutulmamış bəzi istiqamətlərdə əlavə maliyyə vəsaitinin ayrılması ilə artıq işlər də görə bilək.
Bugünkü Azərbaycanda elektrik enerjisi ilə təminat 100 faiz nəzərdə tutulub. Qazlaşdırma prosesi də uğurla gedir. Artıq qazlaşdırma 85 faiz təşkil edilib və xüsusilə indi rayon mərkəzlərindən kənarda yerləşən məntəqələrin qazlaşdırılması gedir və bu işlər ən müasir standartlarla görülür. İnfrastruktur layihələrinin içərisində ən vacib, həllini gözləyən içməli su, kanalizasiya və suvarma məsələləridir. Biz bu məsələlər üzərində işləyirik və nəinki konkret proqramlar vardır, onlar artıq icra edilməyə başlanmışdır. Bütün rayonlarda, rayon mərkəzlərində içməli su, kanalizasiya sisteminin quraşdırılması nəzərdə tutulur. Məhz quraşdırılması, çünki əksər yerlərdə bu sistem ümumiyyətlə mövcud deyildir. Bu işlərin görülməsi artıq başlanıb. Hesab edirəm ki, əhalini narahat edən bu ciddi sosial problem qısa müddət ərzində aradan qaldırılmalıdır. Beləliklə, demək olar ki, əsas infrastrukturla bağlı məsələlər öz həllini tapacaqdır.
Suvarma məsələləri də həm dövlət büdcəsi, həm kreditlər hesabına öz həllini tapır. Biz yeni əkin sahələrini işə salmalıyıq. Kənd təsərrüfatı, əslində intensiv şəkildə inkişaf etməlidir. Ancaq hələ ki, dövriyyədən kənarda olan torpaqlar da suvarılarsa, bu torpaqlar artıq münbit vəziyyətə gətiriləcək və kənd təsərrüfatının inkişafı fermerlərin daha da səmərəli fəaliyyəti üçün həm əlavə gəlir mənbəyi yaradacaq, həm də ki, biz öz ərzaq təhlükəsizliyi məsələlərimizi daha da sürətlə icra edəcəyik. Bir daha demək istəyirəm ki, bütün bu məsələlər dövlət büdcəsində və nəzərdə tutulmuş proqramlarda öz əksini tapır. Sadəcə, onu deyirəm ki, biz 2010-cu ildə də bütün bu məsələləri yüksək templərlə həll edəcəyik. Azərbaycanda sosial infrastrukturun yaradılması davam etdiriləcəkdir. Bu da bölgələrdə yaşayan insanlar üçün çox vacibdir. Hər yerdə xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bu proses Azərbaycanda geniş vüsət alıb, 2010-cu ildə də davam etdiriləcək və 2013-cü ilə qədər əsas məsələlər öz həllini tapmalıdır.
Bu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Bu da təsadüfi deyildir. Çünki indi bu sahəyə ən böyük diqqət göstərilir. Biz xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyəti qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Eyni zamanda, bölgələrdə də bu məsələyə diqqət göstərilməlidir. Konkret proqramlar vardır və yerli icra orqanları bu işlərə fəal qoşulublar. Mən bunu alqışlayıram. Daha da fəal olmaq lazımdır ki, biz istədiyimizə nail olaq. Biz Azərbaycanı ekoloji cəhətdən ən təmiz ölkəyə çevirməliyik. Baxmayaraq ki, əsrlər boyu xüsusilə Bakıda, Bakının ətrafında neft mədənlərində hasilatla bağlı məsələlər o qədər də ekoloji standartlara uyğun deyildi. Bizi böyük işlər gözləyir. Neftlə çirklənmiş bütün əraziləri, gölməçələri təmizləməliyik, Xəzər dənizinin buxtasını təmizləməliyik. Məişət tullantıları zavodunun tikintisi nəticəsində artıq ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaqdır. Biz bütün bu işləri planlı, sistemli şəkildə aparmalıyıq və bölgələrdə buna bənzər işlər aparılmalıdır.
Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir. Bunu bütün dünya bilir, qəbul edir və görür.
Bir sözlə, artıq bizdə müxtəlif yerlərdə "Bir pəncərə" sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur.
Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər. Yaxşı olar ki, sahibkarlar sosial təşəbbüslərə daha da fəal qoşulsunlar. Artıq bunu etmək üçün imkanlar vardır. Beş il bundan əvvəl bəlkə də bunu tələb etmək düzgün olmazdı. Ancaq bu gün Azərbaycanda çox böyük, regional, yəni transmilli mahiyyət daşıyan şirkətlər vardır. Onların böyük dövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamları üçün mənəvi bir qida verəcək, həm ölkəmizin inkişafı üçün. Bu proseslər gedir və xüsusilə bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar.
Bir sözlə, biznesin inkişafı üçün süni maneələr aradan qaldırılmalıdır, əsassız yoxlamalar dayandırılmalıdır. Yerli icra orqanları sahibkarlara kömək göstərməlidirlər. Dövlət qurumları da öz təşəbbüsləri ilə, qəbul edilmiş qərarlarla və praktiki addımlarla sahibkarların işini daha da yüngülləşdirməlidirlər. 2009-cu il sahibkarlar üçün ağır il olubdur. Bunu biz etiraf etməliyik. Azərbaycan dövləti və Azərbaycan vətəndaşları, demək olar ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu böhrandan əziyyət çəkmədilər. Çünki inflyasiya cəmi 1,5 faiz olmuşdur. Əhalinin pul gəlirləri 10 faizdən çox artmışdır və demək olar ki, sosial ödəmələr tam şəkildə təmin edilmişdir, maaşlarda, pensiyalarda heç bir yubanma olmamışdır. Ancaq sahibkarlar bu böhrandan əziyyət çəkdilər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara - sahibkarlara daha da böyük həcmdə yardım göstərməlidir. Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik, kömək eləyək ki, yerli iş adamlarımız çətin, böhranlı vəziyyətdən tezliklə çıxa bilsinlər. Yəni, bu böhran sahibkarları əlbəttə ki, çox narahat edir. Azərbaycan dövləti öz iqtisadi və sosial proqramını icra edərkən bu amili yaddan çıxarmamalıdır.
Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş bütün subsidiyalar, kreditlər veriləcəkdir. Bilirsiniz ki, Azərbaycan fermerləri bu baxımdan başqa ölkələrdən fərqli olaraq ən çox təmin edilmiş fermerlərdir. Həm güzəştli şərtlərlə kreditlər, yanacaq, gübrələr, toxumlar verilir. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Yəni belə gözəl şəraitdən, əlbəttə ki, onlar səmərəli istifadə edirlər. Bu da həqiqətdir. Görülən bütün bu işlər ona gətirib çıxarıb ki, bu gün biz Azərbaycanda 3 milyon ton taxıl istehsalından söhbət aça bilirik. Bu, nadir və necə deyərlər, tarixi bir nailiyyətdir.
Regionların inkişafı proqramı ərzaq təminatı proqramı ilə sıx əlaqədar olmalıdır. Ərzaq təminatı proqramı Azərbaycanda icra edilir. Bir daha demək istəyirəm ki, dövlət dəstəyi, kreditlər, subsidiyalar verilir, hər bir bölgədə emal müəssisələri, soyuducu kombinatlar, taxıl anbarları yaradılır ki, istehsal edilmiş məhsullar xarab olmasın. Yəni biz bu istiqamətə daha da çox diqqət yetirməklə sahibkarlar üçün çox yaxşı şəraitin yaradılmasına kömək göstəririk. Aqrolizinq, aqroservislər - bütün bunlar olmasaydı, sahibkarlar haradan texnikanı ala bilərdilər?! Texnikanın alınması böyük bir problem ola bilərdi. Maliyyə vəsaitini haradan alacaqdılar?! Kreditlər, texnika, bütün dediyim o subsidiyalar, imtiyazlar olmasaydı, biz nəyin hesabına kənd təsərrüfatını inkişaf etdirə bilərdik?! Əlbəttə ki, dövlət bu işlərə qarışmalıdır. Bizim iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Bunu göstəricilər də təsdiq edir. Ümumi daxili məhsulun 85 faizi özəl sektorda formalaşır. O ölkədə ki, 20 il bundan əvvəl özəl sektorda məhsul istehsalı sıfıra bərabər idi. Ancaq buna baxmayaraq, dövlət lazım olan anlarda öz sözünü deməlidir. Əgər dövlət kənd təsərrüfatını dəstəkləməsə, kənd təsərrüfatı batar. Ondan sonra nə edəcəyik? Torpaqlarımız şoranlaşacaq, səhralaşma daha da sürətlə gedəcəkdir. Bölgələrdə yaşayanlar işsiz qalacaqlar. Hara gələcəklər? Şəhərlərə gələcəklər, başqa ölkələrə gedəcəklər. Biz bütün bu işləri görməklə böyük iqtisadi və sosial problemin həllinə nail olduq, özü də köklü şəkildə. Ona görə bütün subsidiyalar, imtiyazlar, güzəştlər davam etdiriləcəkdir. Bizim imkanımız da, iradəmiz də vardır.
Görülən bu işlər nəticəsində, bu yaxınlarda mənə verilən arayışda göstərilir ki, biz demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Mən bəzi rəqəmləri indi səsləndirmək istəyirəm ki, bunu hamı bilsin. Özümüzü dənli bitkilər üzrə 76 faiz təmin edirik. Quş əti 74 faiz, ət 94 faiz, kərə yağı 83 faiz, süd məhsulları və süd 85 faiz, un 94 faiz, şəkər 150 faiz, yəni ki, 50 faizi ixraca gedir, tərəvəz 102 faiz, meyvə 127 faiz - budur əsas qida məhsullarının statistikası. Azərbaycanda heç vaxt özünü bu dərəcədə təmin etmək imkanları olmamışdır. Sovet vaxtını biz yaxşı xatırlayırıq. O vaxt vahid xalq təsərrüfatı kompleksi adlanan bir sistem var idi. Bütün əsas ərzaq məhsulları başqa respublikalardan gətirilirdi. Burada ət, yağ, süd, ümumiyyətlə, 20-30 faiz istehsal edilirdi, ya edilmirdi. Ancaq bu gün biz özümüzü tam şəkildə təmin edirik, özü də məhsullar da keyfiyyətlidir. Bu sərgidə göstərilən ancaq bir faiz təşkil edir. Müasir süd zavodları, emal müəssisələri, konserv zavodları, dəyirmanlar, şəkər zavodu - bütün bunlar bizim sərvətimizdir. Bu gün mən giriş sözümdə bu barədə dedim - xarici bazarları gərək aşkar edək. Ənənəvi bazarlar bizim üçün məqbuldur, açıqdır, yaxındır və böyükdür. Biz bundan istifadə edirik və edəcəyik. Bu, qarşılıqlı maraqlar əsasında qurulur. Ancaq biz başqa bazarları da aşkar etməliyik. Ənənəvi bazarlara çıxışımız daha da geniş olmalıdır. Mən əminəm ki, bax, bu bəzi pozisiyalar üzrə biz hələ ki, özümüzü 74-76 faiz təmin edirik. İki-üç ildən sonra bu da yüz faizə çatacaqdır. Çünki biz buna çatmaq üçün çalışırıq. Biz bu statistika əsasında öz investisiya proqramımızı müəyyən edirik. Sahibkarlığa Kömək Milli Fondu da bu statistikaya görə öz proqramını tutur. Koordinasiya şəklində aparılan bütün bu işlər də bu nəticələrə gətirib çıxarır. Yəni iki-üç ilə biz özümüzü bütün bu pozisiyalarda da tam şəkildə təmin edəcəyik.
Bununla bərabər, o da həqiqətdir ki, özünü tam şəkildə təmin etmək - bu, belə də bir mütləq hədəf deyildir. İndi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Əlbəttə ki, Azərbaycanda və xüsusilə rayonlarda bu sahədə ixtisaslaşma getməlidir. Bu sahədə həm Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi gərək konkret təkliflər versinlər ki, ixtisaslaşma özünü daha da qabarıq şəkildə göstərsin. Ancaq o da həqiqətdir ki, bir-iki il bundan əvvəl birdən-birə dünyada ərzaq böhranı yaşandı. Heç kim bunu gözləmirdi. Birdən-birə gördük ki, ərzaq böhranı yaranıb - o çatışmır, bu çatışmır, taxıl yoxdur. Hətta müqaviləyə əsasən pulunu ödəsək də xaricdən taxıl gəlmirdi. Birdən-birə belə bir qıtlıq yarandı. Biz daxili istehsalın artırılması ilə özümüzü belə fəsadlara hazırlamalıyıq. Daxili istehsalın artırılması əlbəttə ki, gələcəkdə ixrac imkanlarının genişlənməsinə gətirib çıxaracaqdır.
Bu işdə biz yerli sahibkarlara xaricə çıxmaq üçün əlavə şəraitin yaradılmasına çalışmalıyıq. İqtisadi İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi, ilk növbədə bu işlərlə məşğul olmalıdırlar. Bizim artıq 50-dən yuxarı ölkədə səfirliyimiz vardır. Bu sahədə də biz MDB məkanında qabaqcıl yerlərdəyik. Son illər ərzində biz bu səfirlikləri yaratdıq ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycanda gedən proseslər orada bilinsin, Azərbaycan haqqında təhrif edilmiş qərəzli məlumat deyil, həqiqət, həqiqi məlumatlar çatdırılsın. Yəni, bu, bizim resursumuzdur. Bizim səfirliklər də bu işlərdə fəal olmalıdırlar. Yerli sahibkarların o bazarlara çıxması, investisiya imkanlarının araşdırılması və yerli sahibkarlar üçün xaricdə münbit şəraitin yaradılması işində İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi birlikdə çalışmalıdırlar. Yəqin ki, müəyyən müddətdən sonra təkliflər paketini hazırlamalıdırlar və biz orada görəcəyik ki, hansı ölkədə hansı sahə üzrə Azərbaycanın hansı şirkəti öz biznes imkanlarını genişləndirə bilər. Sahibkarlar da öz tərəfindən İqtisadi İnkişaf Nazirliyinə sifarişlərini versinlər, onlar üçün hansı ölkədə işləmək daha da maraqlıdır, əlverişlidir, məqbuldur ki, Azərbaycan dövləti bu işləri qursun.
Bizim demək olar ki, bütün ölkələrlə münasibətlərimiz müsbətdir, yaxşıdır. Azərbaycanın dünyadakı imici də çox müsbətdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin, dostlarımızın sayı artır. Mən şübhə etmirəm ki, Azərbaycan şirkətlərini xaricdə böyük maraqla qarşılayacaqlar, xüsusilə, əgər görsələr ki, Azərbaycan dövləti bu işlərdə israrlıdır və öz şirkətlərinə dəstək verir. Bu istiqamət bizim üçün yenilikdir. Bu vaxta qədər biz bu barədə düşünmürdük. Çünki imkanlarımız yox idi. Bu gün biz artıq keyfiyyətli, dünya standartlarına uyğun məhsulun buraxılmasına nail olmuşuq. Gələcək illərdə bu gün görülən işlər ona gətirib çıxaracaq ki, Azərbaycanda ən keyfiyyətli məhsullar istehsal olunacaqdır. Biz indidən özümüzü bu işlərə hazırlamalıyıq.
Bütövlükdə, gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir. Mən bu barədə dəfələrlə demişəm, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Bu gün bu proses gedir. Bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaqdır. Bunlar Azərbaycanda yeni istiqamətdə sənaye sahəsinin yaradılmasına gətirib çıxaracaqdır.
Beləliklə, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcəkdir. Bunun nəticəsi olaraq ölkəmizin müstəqil siyasət aparmaq imkanları daha da genişlənəcəkdir. Bilirəm ki, bəzi xarici dairələrin xoşuna gəlmir ki, Azərbaycan sərf etməyən təşəbbüslərə qoşulmur, çirkli oyunlara qoşulmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını heç kimə güzəştə getmir. Bilirəm ki, bəzi xarici dairələr bundan o qədər də razı deyillər. Amma bu bizim problemimiz deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir. İqtisadiyyatın modernləşməsi, sənaye sahələrinin işə salınması Azərbaycanda yeni bir şəraitin yaranmasına gətirib çıxaracaqdır. Biz maksimum çalışmalıyıq ki, istənilən sahə ölkəmizin inkişafını təmin edə bilsin. Kənd təsərrüfatı nəinki kəndliləri işlə təmin etməli, eyni zamanda, ümumi iqtisadi potensialımıza böyük töhfə verməlidir.
Sənaye sahəsində görüləcək işlər elə olmalıdır ki, Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin səmərəli fəaliyyəti hesabına yaşaya bilsin. Nəzərə almalıyıq ki, bizim nəinki böyük neft-qaz ehtiyatlarımız, artıq çoxşaxəli nəqliyyat infrastrukturumuz vardır. Bu sahədə də biz təkcə bir marşurutdan asılı deyilik. Bu vəziyyəti biz özümüz, təkbaşına yaratdıq. Bunu nəzərə alsaq, əlbəttə ki, ölkəmizin gələcək inkişafına ancaq nikbinliklə baxmaq olar və belə də olacaqdır.
Azərbaycan irəliyə gedəcək, müasir, zəngin dövlətə çevriləcək, xalqımız yaxşı yaşayacaq, şəhərlərimiz daha da gözəlləşəcəkdir. Bu gün Bakıya gələn hər bir xarici vətəndaş, hər bir qonaq, əgər o, xoş niyyətlə gəlibsə, öz hisslərini gizlədə bilmir. Bakıda yaradılmış gözəllik, mən deyə bilərəm ki, dünyada nadir şəhərlərdə təkrarlana bilər. Bu gözəlliyi, abadlığı, səliqəni, mədəniyyəti, təbiəti, tarixi Azərbaycan xalqının fədakarlığı yaradıb. Bütün bu uğurları xalqımızın vətənpərvərliyi və sözün yaxşı mənasında, inadkarlığı təmin edibdir. Biz daha da fəal çalışmalıyıq ki, ölkəmizi inamla irəliyə aparaq, Azərbaycan xalqı üçün daha da yaxşı şərait yaradaq. Bu işlərdə sizə uğurlar və fəallıq arzulayıram. Sağ olun.
------------------------
12 mart 2010
23:27
Dövlət başçısı konfransı giriş nitqi ilə açıb:
-Əziz dostlar,
bu gün biz yeni açdığımız Bakı Biznes Mərkəzində toplaşmışıq. Bu gözəl
binanın açılışı münasibətilə sizi və Bakı şəhərinin bütün sakinlərini
ürəkdən təbrik edirəm. Çox gözəl, müasir, Bakıya yaraşan və şəhərimizə
əlavə gözəllik yaradan binadır. Eyni zamanda, funksional baxımdan bu
binanın çox böyük əhəmiyyəti vardır. Burada müxtəlif tədbirlər,
konfranslar, biznes forumları keçiriləcəkdir. Eyni zamanda, birinci
mərtəbədə sərgi üçün yerlər nəzərdə tutulub. Bu gün açılışdan sonra
sərgidə nümayiş etdirilən eksponatlarla tanış oldum. Bir sözlə, Bakı
Biznes Mərkəzi şəhərimizin gözəlləşməsi üçün və şəhərdə müasir
infrastrukturun yaradılmasının davamı üçün çox vacib obyektdir.
Təsadüfi
deyildir ki, bu binada birinci iclas ölkəmizin inkişafına yönəldilib.
Artıq bir ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən
Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilmiş
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi
davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti
proqram da uğurla icra edilir.
Proqramın uğurla icra edilməsində
başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri
əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə
tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki,
proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə
edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da
geniş miqyasda icra edildi.
Bu bizə imkan verdi ki, bir neçə
əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması,
regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini
tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını
saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl
şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial
obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə,
ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır.
Əslində
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün
istiqamətləri əhatə edir. Bu gün Azərbaycanda elə bir sahə, elə bir
istiqamət yoxdur ki, o istiqamətin inkişafı üçün dövlət proqramı
olmasın. Nəinki proqram, eyni zamanda, proqramı icra etmək üçün maliyyə
mənbələri və texniki imkanlar da səfərbər olub.
Proqramın digər
vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan
qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə
qoyulmuşdur ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri
açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab
edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən
düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki,
düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və
ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var
idi. Beş il ərzində nəinki 600 min, 800 minə qədər yeni iş yerləri
açılmışdır. Demək olar, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial
problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə
görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici
vətəndaşların sayının artmasında görürük.
Bu gün biz miqrasiya
məsələlərini daha da ciddi şəkildə tənzimləməliyik. İlk növbədə ona
görə ki, əmək bazarının tənzimlənməsi məsələləri yüksək səviyyədə həll
olunsun, Azərbaycan vətəndaşlarının hüquqları daha da ciddi şəkildə
qorunsun. Biz miqrasiyanı tənzimləməklə elə etməliyik ki, əlbəttə,
xaricdən gələn vətəndaşlar üçün də yaxşı şərait yaradılsın. Ancaq, ilk
növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsunlar.
İşsizliyin
aradan qaldırılması həm böyük sosial problemin həlli deməkdir, eyni
zamanda, işsizliyin aradan qaldırılması ancaq yeni müəssisələrin
yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına baş verə bilər.
Neft-qaz sektorunda yeni texnologiyalar tətbiq edilir və o sektorda iş
yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz. Əsas vəzifə,
əsas məqsəd ondan ibarət idi ki, qeyri-neft sektorunda, bölgələrdə
sahibkarlığın inkişafına nail olaq.
Yeni iş yerlərinin açılması,
yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək
üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və
güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət
tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü
ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu
perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və
Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün
istiqamətlərdə istədiyimizə nail ola bildik. Bu o demək deyil ki, bütün
vəzifələr öz həllini tapıbdır. Əgər belə olsaydı, onda ikinci Dövlət
Proqramının qəbul edilməsinə ehtiyac olmazdı.
Biz böyük işləri
gördük, bərabər gördük. Bütün bölgələrdə sürətli inkişaf müşahidə
olunurdu. Ancaq bununla bərabər, hələ ki, problemlər vardır və biz
onları həll etməliyik. Biz bu problemləri bilirik. Problemlərin həll
edilməsi üçün konkret addımlar atılır. Dövlət Proqramının birinci
ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün
dünya üçün çox çətin, ağır il olmuşdur, sınaq ili olmuşdur. Azərbaycan
bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan
əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3
faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya
isə 1,5 faiz olmuşdur. Yəni, dünyanın ən inkişaf etmiş ölkələrində olan
bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün
bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də
ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək
olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 2009-cu il bir daha
göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı
olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin
qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik.
Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa
düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret
proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi
dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi
sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə
və təmin edirik. Belə olan halda, əlbəttə ki, nəticələr də olacaqdır.
2009-cu
ildə əldə edilmiş uğurlar əlbəttə ki, bizi ruhlandırır, sevindirir,
yeni addımlara sövq edir. 2009-cu ildə həm iqtisadi, həm siyasi sahədə
müəyyən məsələlər ciddi reaksiya tələb edirdi. Ciddi, operativ, çevik
siyasətin aparılmasını tələb edirdi. Mən çox şadam ki, biz hamımız -
Azərbaycan bütün vəzifələri uğurla, ağılla, təmkinlə, vaxtında həll
etdi və beləliklə, ölkəmizin milli maraqları tam şəkildə müdafiə olundu.
Uğurlarımızın
təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki,
Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan
böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar,
iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü
sürətli inkişafı təmin edir.
Təsadüfi deyil ki, beynəlxalq
maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür,
qiymətləndirir və mükafatlandırırlar. 2008-ci ildə Azərbaycan "Doing
Business" Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı.
Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci
yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük
nailiyyətdir.
Bu, onu göstərir ki, biz qısa müddət ərzində
Azərbaycan iqtisadiyyatını şaxələndirə bildik. Yəni neft-qaz üzərində
qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar
və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu, bizi sevindirir.
Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və
verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli
inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən
sonra nə olacaq?! Azərbaycanın enerji mənbələri artıq tükənməyə
başlayandan sonra iqtisadiyyatımız nəyin hesabına inkişaf edəcək, biz
hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu
yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan
addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada
real və müsbət rəy formalaşdırırıq.
Azərbaycan xarici sərmayələr
üçün çox məqbul bir yerdir. Bu imici biz, ilk növbədə, neft-qaz
sahəsində görülən işlər hesabına qazana bilmişik. Artıq bütün başqa
sahələrə də investisiya qoyuluşu geniş vüsət alıbdır. Azərbaycan Dövlət
İnvestisiya Şirkətinin yaradılması məhz o məqsədi güdürdü ki, bizim
üçün lazım olan sahələrə xaricdən və yerli mənbələrdən, özəl sektor
tərəfindən sərmayələr qoyulsun. Biz bu məqsədə çatmışıq.
Bu gün
Dövlət İnvestisiya Şirkətinin xətti ilə Azərbaycanda reallaşan
layihələr böyük əhəmiyyət daşıyır. Azərbaycanın daxilində, bölgədə həm
infrastruktur, həm nəqliyyat, həm kənd təsərrüfatı və digər sahələrdə
görülən işlər Azərbaycanı daha da gücləndirəcəkdir.
Biz
uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin
uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək
üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə
etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına
yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi özü müəyyən
etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə
aparaq və ölkəmizi möhkəmləndirək.
Azərbaycan regionda çox mühüm
rol oynayır. Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz
yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz özü-özlüyündə
bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət,
prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və
bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl
şəraiti bizim üçün yaradır.
Bu gün ölkə daxilində problemlərimiz
yoxdur. Çünki Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahədə
vəziyyət çox müsbətdir, çox ürəkaçandır. Azərbaycanda azad yaşamaq,
yaratmaq və işləmək üçün bütün şərait vardır. Biz nə qədər güclü olsaq,
sözümüz də, beynəlxalq mövqelərimiz də o qədər güclü olacaqdır.
Beynəlxalq mövqelərimiz gücləndikcə əlbəttə ki, bizi narahat edən bütün
məsələlərdə biz istədiyimizə nail olacağıq. Bu illər ərzində əlbəttə
ki, iqtisadi və sosial məsələlərin həllinə böyük diqqət göstərilmişdir.
Ancaq ölkəmizin problemləri təkcə bunlarla bitmir.
Ordu
quruculuğunda böyük işlər görülüb və ordumuz müasirləşib. Hərbi sənaye
yaradılıb və bu məqsədləri təmin etmək üçün böyük vəsait ayrılıb. Ən
ağır şəraitdə yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması
üçün əməli tədbirlər görülür. Məcburi köçkünlərin, şəhid ailələrinin,
Qarabağ müharibəsi əlillərinin problemləri mütəmadi qaydada öz həllini
tapır. Bütün digər sosial məsələlər həll edilir, məktəblər,
xəstəxanalar, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bax, bu gün
aşağıda nümayiş etdirilən kiçik sərgidə görülən işlərin, bəlkə bir
faizi görünür.
Hər bir sahədə, hər bir yerdə inkişaf, tərəqqi,
yeni yanaşmalar olmalıdır. Biz dünyanın ən qabaqcıl təcrübəsini
Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq etməliyik, ən yeni
texnologiyaları həm dövlət, həm özəl sektorun xətti ilə Azərbaycana
gətirməliyik ki, ölkəmiz bundan sonra uzun illər, əbədi, güclü, müasir
ölkə kimi yaşasın.
Bu məsələlər daim diqqət tələb edir. Bu gün
görülən işlər bugünkü gün üçün əhəmiyyətlidir, amma 5 il keçəndən sonra
bu işlər bəlkə artıq o dövrün standartlarına cavab verməyəcəkdir. Ona
görə də biz daim axtarışda olmalıyıq, daim fəal olmalıyıq və bütün
cəmiyyət bu işlərdə fəal çalışmalıdır.
Bugünkü görüş daha çox
sahibkarlığın və regionların inkişafı ilə bağlı olan məsələlərə həsr
edilir. Azərbaycan dövləti bu sahədə də öz iradəsini göstərir.
Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi
tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait
verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də
kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan
avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi,
- bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran
amillərdir.
Əgər kənd təsərrüfatı inkişaf etməsə, onda emal
sənayesinin əhəmiyyəti də, necə deyərlər, olmayacaqdır. Gərək məhsul
olsun ki, o, emal edilsin, ondan sonra bazarlara çıxsın. Biz bazarlara
çıxmaq üçün daha da ciddi addımlar atmalıyıq və sahibkarları bu işdə də
ciddi dəstəkləməliyik. Azərbaycan dövlətinin beynəlxalq imkanlarını
nəzərə alaraq biz gərək onlara dəstək verək ki, sahibkarlıq
Azərbaycanda sürətlə inkişaf etsin. Yenə də deyirəm ki, biz inkişaf
etmiş ölkələrin də müsbət təcrübəsini götürməliyik. O ölkələrin
iqtisadiyyatının əsas hissəsini təşkil edən kiçik və orta
sahibkarlıqdır. Biz də bu yolu getməliyik. Biz də elə etməliyik ki,
kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan iqtisadiyyatının əsasını
təşkil etsin. Bu gün bu, belə deyildir və əlbəttə ki, bunu bu gün
gözləmək sadəlövhlük olar. Çünki bizim böyük neft-qaz hasilatımız
vardır. Biz sahibkarlığı nə qədər inkişaf etdirsək də, yenə də
sahibkarlıqda yaranan məhsul, milli gəlir ona, neft-qaz sektoruna
çatmaz. Amma bunu etməliyik, bütün şəraiti yaratmaqla, xarici bazarlara
çıxmaqla, eyni zamanda, xaricə investisiyalar qoymaqla biz buna nail
olmalıyıq.
Azərbaycan bazarı, - yəni əgər biz böyük ölkələrlə
özümüzü müqayisə etsək, - kifayət qədər məhdud bazardır. Baxmayaraq ki,
əhalimizin sayı artır, biz artıq 9 milyonuq, yenə də bu, reallıqdır,
bu, məhdud bazardır. Bu gün bu bazarın böyük hissəsini, - hər halda mən
ərzaq məhsullarını nəzərdə tuturam, - biz özümüz təmin edirik, özü də
qısa müddət ərzində. Bütün əvvəlki illərdə əsas ərzaq məhsulları
Azərbaycana gətirilirdi. Bu gün, - bu rəqəmləri mən sonra deyəcəyəm, -
biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik. İki-üç ildən sonra
demək olar ki, 100 faiz təmin etməliyik. Ondan sonra nə olacaq? Biz
yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var və o, böyük
bazarlardır. Bizim beynəlxalq və xarici siyasətimiz o bazarları bizim
üçün açıb. Ancaq biz yeni bazarlar axtarmalıyıq.
Biz keyfiyyətli
məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına
çıxmalıyıq. Bunu etmək üçün əlbəttə ki, müasirləşmə, texnoloji
yeniləşmə getməlidir. Bizim kənd təsərrüfatına aid olan ən mədəni
formada istehsalımız yaradılmalıdır. Çox işlər görülüb. Ancaq hələ çox
işlər görülməlidir ki, bizim bütün imkanlarımız tam şəkildə səfərbər
olunsun. Bu gün biz imkanlarımızın böyük hissəsini artıq işə sala
bilmişik, amma buna hələ 100 faiz çatmamışıq. Biz bu istiqamətdə əlavə
tədbirlər görməliyik.
Yenə də qeyd etmək istəyirəm ki, bizim
bütün planlarımız sistemli xarakter daşıyır. Biz hər istiqamətdə olduğu
kimi, iqtisadi siyasətdə də öz fəaliyyətimizi proqram, plan, cədvəl,
konkret müddəalar, maliyyə mənbələri, dövlət büdcəsinin, özəl sektorun,
xarici sərmayədarların mənbələri üzərində cəm şəkildə qururuq. Xarici
kreditlər, onlar da çox vacib rol oynayır, inkişafımızı təmin edir. Bu,
artıq vardır. Əsas vəzifə proqramda nəzərdə tutulmuş bütün vəzifələri
vaxtında və böyük keyfiyyətlə icra etməkdir. Ancaq yenə də deyirəm ki,
bu, ölkəmiz qarşısında duran əsas sosial və iqtisadi məsələlərin həlli
üçün kifayət edəcəkdir. Vəzifə qoyulub ki, ikinci Dövlət Proqramının
icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas
iqtisadi və sosial məsələlər öz həllini tapsın. Ancaq biz bundan da
qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı
meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə əlbəttə ki, düşünürük və
dövlət qurumları bunun üzərində işləyirlər, sahibkarlar da bu işlərə
qoşulmalıdırlar. Azərbaycanda sahibkarlar artıq cəmiyyətimizin güclü
bir hissəsi kimi formalaşır. Çox sevindirici haldır ki, bizim
sahibkarlarda yeniliyə meyil güclənir. Onlar çalışırlar ki, ən gözəl
şərait olsun, ən gözəl texnologiyalar gətirilsin. Azərbaycanda son
illər ərzində istehsal olunan məhsullar yüksək standartlara cavab verir.
Bir
sözlə, əsas məsələ ondan ibarətdir ki, biz nə istədiyimizi dəqiq
bilirik. Biz istəyirik ki, ölkəmizi gücləndirək, müstəqilliyimizi, öz
iqtisadi azadlığımızı və müstəqilliyimizi daha da gücləndirək.
Baxmayaraq ki, bu gün artıq biz tam şəkildə iqtisadi müstəqilliyə nail
olmuşuq. Bu iqtisadi müstəqillik, eyni zamanda, bizə müstəqil siyasət
aparmaq üçün şərait yaradır. Əgər biz asılı vəziyyətdə olsaydıq, onda
bütün bu görülən işləri istədiyimiz qədər görə bilməzdik.
Ölkəmizin
gücləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni
texnologiyaların Azərbaycanda tətbiqi, Azərbaycanın bütün sahələrində
müasirləşmə meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin
verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam
şəkildə təmin edilməsi, bütün infrastruktur, sənaye və sosial
infrastruktur layihələrinin icra edilməsi, - qısa desək, əsas
istiqamətlər demək olar ki, bundan ibarətdir. Biz elə etməliyik ki,
dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri,
yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı
şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş
proqramlar icra edilməlidir. Yenə də deyirəm ki, maliyyə resursları,
siyasi iradə, proqramlar, nizam-intizam, sabitlik və sahibkarlara
dəstək vardır. Yəni, lazım olan bütün amillər Azərbaycanda mövcuddur.
Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu
oynayan ölkədir, öz prinsipial mövqeyindən çəkilən ölkə deyildir. Belə
olan halda biz daim uğurlar qazanacağıq və Azərbaycanı inamla irəliyə
aparacağıq.
İndi isə biz, müzakirələrə keçək və həm icra
hakimiyyətləri nümayəndələrinin, eyni zamanda, sahibkarların çıxışları
nəzərdə tutulub. Bu çıxışlara qulaq asaq və ondan sonra görüşümüzə
yekun vuracağıq.
-----------------
12 mart 2010
21:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda inşa edilmiş Bakı Biznes Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu.
Bakı Biznes Mərkəzi orijinal layihəsi ilə diqqəti çəkir. Mərkəzin ərazisindəki fəvvarə Dənizkənarı Milli Parka əlavə yaraşıq gətirir. Bakı Biznes Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlər, o cümlədən biznes-forumlar təşkil olunacaqdır. Buradakı lift və eskalatorlar da ən müasir standartlara cavab verir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, ümumi sahəsi 4664 kvadratmetr olan mərkəz üçmərtəbəlidir. Birinci mərtəbədə ən müasir avadanlıqla təchiz edilmiş 300 nəfərlik sərgi salonu yerləşir. İkinci mərtəbədə 3 kiçik konfrans zalı və 250 yerlik restoran fəaliyyət göstərir. Üçüncü mərtəbədə 8 ofis və görüş otaqları vardır.
Bakı Biznes Mərkəzində müxtəlif səviyyəli tədbirlərin, o cümlədən beynəlxalq konfransların keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı burada təşkil edilmiş sərgi ilə tanış oldu.
Prezident İlham Əliyevə son illərdə, o cümlədən 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilən nailiyyətləri əks etdirən sərgi barədə məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş və silsilə tədbirlər reallaşdırılmışdır. Regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənayedə də əsaslı irəliləyişə nail olunmuş, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Əlverişli biznes mühiti sayəsində ötən illərdə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötmüşdür. Sevindirici haldır ki, bunun təxminən yarısını yerli investisiyalar təşkil edir.
Sərgidə müxtəlif iqtisadi rayonlar üzrə ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün sistemli və kompleks tədbirlərin davam etdirildiyi də öz əksini tapmışdır. Sərgi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keyfiyyətin başlıca meyar kimi qəbul edilməsini də özündə dolğun əks etdirir. Ötən illərin təcrübəsi göstərir ki, respublikamızda biznes mühiti ildən-ilə daha da yaxşılaşır. İşgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara dövlət qayğısının artırılması hesabına regionların inkişafı sürətlənir. 2010-cu ildə və növbəti illərdə də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edəcəkdir.
/AzərTAc/
--------------------------
12 mart 2010
15:58
Prezident İlham Əliyev Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib.
Dövlət başçısı əvvəlcə Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaqdır.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.
Sonra konfransda giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarını yüksək qiymətləndirdi. Dövlət Proqramının ilk ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan dövlətimizin başçısı Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğuladı.
Konfransda çıxış edən digər natiqlər respublikanın ayrı-ayrı şəhər və rayonlarında Dövlət Proqramının icrasının gedişi barədə ətraflı məlumat verdilər.
Prezident İlham Əliyev konfransın işinə yekun vurdu.
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
Fotolar president.az saytına məxsusdur
İqtisadiyyat
Prezident İlham Əliyev: "Azərbaycan bölgədə yenə də birinciliyi əldən verməyəcək" - FOTO- YENİLƏNİB
12 Mart 2010 23:59
Baxış: 431
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- İbrahim Tatlıses bu gün Bakıya gəlir
- Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb
- Ukrayna Luqanskda neft anbarını vurdu: Güclü yanğın başladı - VİDEO - FOTO
- Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı
- Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?
- Mbappe PSJ-dən ayrılır – Özü açıqladı
- Bu da Şəbnəm Tovuzlunun makiyajsız HALI - VİDEO
- Rusiya ordusu bu istiqamətdə hücuma başladı - ABŞ
- İsraillə dialoq dalana dirənib - HƏMAS
- Bakıda daha bir bina sökülür - VİDEO
- Gürcüstanda uşaqları diləndirən şəbəkə ifşa edildi
- Günün qoroskopu: köhnə baxış və emosiyalardan qurtulun
- Bakıda taksi qiymətləri niyə bahalaşıb?
- Dişlərimizi ora-bura qıcayırıq, amma Kiyevə yardım edirik
- Günəşdə 25 ilin ən güclü partlayışı baş verib
- “Neftçi”dən böyükhesablı qələbə - VİDEO
- Qalkinin 11 yaşlı oğlu ilə paylaşdığı FOTOları başına bəla oldu
- Muxtar Babayev COMSATS-ın baş qərargahında oldu
- Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı
- Qazaxda Kür çayının daşması fəsadlar yaratdı - FOTOlar
- Dünyanın ən uzun ayaqlı qadını: Həyatının çətinliklərindən DANIŞDI - FOTOlar
- Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO
- Cennifer Lopez 90-cı illərin dəbini geri qaytarır - FOTO
- Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz – Çox adam bilmir