Ölkə

Dilimizdəki səhv sözlər: Ləvazimatlar, narahatçılıq...

20 İyun 2017 09:06
4 Şərh     Baxış: 1 810

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dilimizdəki bəzi sözlərin düzgün yazılmadığı, bəzi sözlərin isə cümlələrdə yersiz işlənildiyi fikrindədir.

Milli.Az xəbər verir ki, bununla bağlı Trend-ə fikirlərini açıqlayan T.Kərimli deyib ki, bu gün dilimizi eybəcərləşdirən sözlərdən biri də təzə tikintilərin hasarını "bəzəyən" "narahatçılıq" sözüdür: "Narahat sözü "rahatsız" deməkdir. Buna bir "çılıq" şəkilçisinin artırılması görünür ki, "inşaatçı-dilçilərimizin" kəşfidir. Bu qəbildən olan söz yaradıcılığının biri də "məktəb ləvazimatları" ifadəsindəki "ləvazimat"lar sözüdür".

T.Kərimli qeyd edib ki, "ləvazimatlar" sözünün özündə 3 dənə cəm şəkilçisi var. Sözün belə formada işlənilməsi isə düzgün deyil: "İş burasındadır ki, ərəb dilindəki "lazım" sözünün cəmi "ləvazim"dir, yəni bu da "lazım olanlar, lazımlılar" deməkdir. "At" özü də ərəb dilində cəm şəkilçisidir. Buna Azərbaycan dilindəki "-lar" cəm şəkilçisini artıranda isə 3 dəfə cəmlənmiş əcaib bir söz meydana çıxır. Əslində, bu ifadə "məktəbə lazım olanlar" şəklində işlənsə, daha doğru olar".

T.Kərimli hesab edir ki, Azərbaycan dilində cümlələrin tərkibində bəzi sözlərin işlədilməsi də yersizdir.

O, bunlara "malik olmaq", "təşkil etmək", "tərəfindən", "tərəfimizdən" kimi sözləri misal göstərib.

Hələ bir neçə il əvvəl akademik Ağamusa Axundovun da "malik olmaq" sözünü yersiz hesab etdiyini açıqlayan akademik qeyd edib ki, dilimizdə "var", "yox" sözləri, olmaq feili, -dır, dir, dur, dür şəkilçisi olduğu halda, malik və təşkil kimi varvarizmlərə ehtiyac yoxdur: "Məsələn, havanın temperaturu 35-37 dərəcə təşkil edəcək cümləsi "Havanın temperaturu 35-37 dərəcə olacaq" kimi verilməlidir. Yaxud "Filankəs 180 sm boya malikdir" cümləsi "Filankəsin 180 sm boyu var" kimi olmalıdır. İnzibati orqanların nitqində daha çox səslənən "tərəfimizdən", "tərəfindən" sözü də bu qəbildəndir. Bunlar cümləyə əcaib bir forma verir. Məsələn, "Tərəfimizdən aşkar edilərək götürülmüşdür" ifadəsi "aşkar edərək götürmüşük" şəklində olmalıdır".

T.Kərimli hesab edir ki, belə halların aradan qaldırılması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır: "Dil canlı orqanizmdir, ona yad ünsür düşsə, fəsad verir. Zaman-zaman orada möhkəmlənir və onu dildən çıxarmaq çox çətin olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Elshan · 20 İyun 09:3610

    Mueyyen mentiq var. Amma ki, sozlerimizin mueyyen bir qismi alinma sozlerdir. Indi biz de qalxib ereb qrammatikasini oyrenmeli deyilik ki?! Ona qalsa sozler o qeder deyishikliye ugrayib ki?! Yoxsa, ele arxaik sozlerle danishardiq.

    Cavab yaz
  • Anonim
    sevinc · 20 İyun 09:3600

    bunu yazan jurnalist heç olmasa səhv buraxmazdı:-Dil canlı orqanimzdir- bəlkə orqanımızdır yazmaq istəyib. Nə isə... Qramatik dilimiz həqiqətən əldən gedir.

    Cavab yaz
  • Anonim
    Sarvan · 20 İyun 10:0110

    Ləvazimatlar və narahatçılıq sözlərinə olan iradları düzgün hesab etməsəm də malik olmaq, təşkil etmək sözlərinin səhv işlənməsini görmək üçün o qədər də baş sındırmağa dəyməz. Hava proqnozu zamanı buraxılan səhv bütün əhali tərəfindən, o cümlədən dilin qorunmasına cavabdeh qurumların nümayəndələri tərəfindən hər gün izlənilir,amma, heç bir irad bildirilmir. Televiziya kanallarında əksər verilişlərdə qarşıdakı dəqiqələrdə əvəzinə "irəliləyən dəqiqələrdə" ifadəsi də hamının gözü qarşısında işlədilir. SUSQUNLUQ İSƏ DAVAM EDİR.

    Cavab yaz
  • Anonim
    @ · 20 İyun 11:1200

    A kiwi, sen Allah get ozuve iw tap.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.