Ölkə

Son aylar rekordlar qıran yazıçı: "Düşünmüşəm ki, birdən kitabımdakı mənaları anlaya bilməzlər"

17 İyun 2016 21:05
25 Şərh     Baxış: 19 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sıra kitabların, son aylar isə ölkədə satış rekordları qıran, əsl bestsellerə çevrilmiş "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanının müəllifi Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

- Nə zamandan kitab yazmağa başlamısız?

- Universitet illərində yeniyetmələrin psixoloji vəziyyətləri barədə bir neçə məqalə yazmışdım. Çap da olunmuşdu. Elə o illərdə də ilk kitabımı qələmə almışdım. Bu kitab təkamül nəzəriyyəsi və paleontoloji qazıntılar barədə elmi bir araşdırma idi. Kitabı çap etdirə bilmədim, ancaq qəzetdə o kitabdan seçmələr formasında məqalələr çap olundu.   

- Heç özünüzə sual vermisinizmi ki, mən niyə yazıram?

- İlk dəfə kitablarımı qələmə alanda bu kitabların nə zamansa mənə uğur, şöhrət və maddi gəlir gətirəcəyini düşünməmişdim. Yazdığım heç bir kitab bu məqsədləri daşımayıb. Sadəcə olaraq, uzun illər nəticəsində əldə etdiyim bilik və təcrübəmi insanlarla da bölüşmək istəmişəm. İstəmişəm ki, özüm üçün kəşf etdiyim və öz həyatımda çox mühüm və böyük təsirə malik olan mətləbləri digərlərinə də çatdırım. Hesab etmişəm ki, bu mövzular digər insanlar üçün də maraqlı və faydalı olacaqdır. Tamamilə əminəm ki, yazdığım kitabları oxuyan biri həyatında ona lazım olan düzgün həyat fəlsəfəsini, motivasiyanı, sehrli gücü əldə edəcək, bu kitablarda özündən bir parçanı görəcəkdir.

Bu illər ərzində oxuculardan aldığımız məktublar da düşüncələrimizdə yanılmadığımızı təsdiqlədi. Oxucular bizə bu kitabların həyatlarında, düşüncələrində köklü dəyişikliklər etdiyini, onların sayəsində həyatlarını yenidən düzgün formada yaşamağa başladıqlarını, intihardan döndüklərini yazırlar. Bir yazıçı üçün əsərlərinin oxucuların həyatlarında faydalı olduğunu görməkdən böyük mənəvi ləzzət ola bilməz.

Sadəcə yazmaq, kitab çap etdirmək və onu böyük tirajlarla satmaq mühüm deyildir. Mühüm olan insanlara faydalı olan kitabları yazmaqdır. Hər bir yazıçı oxucuların həyatlarına böyük təsir etmə gücünə malik bir müəllimdir. Bu müəllim oxucularının həyatını inkişafa və ya tənəzzülə doğru apara bilər. Buradan oxuculara da mesaj vardır. Belə ki, kitab oxumaqdan da ziyadə nəyi oxumaq mühümdür. Ona görə hər kəs kitab seçimində çox diqqətli olmalıdır. 

- "Bu şəhərdə kimsə yoxdur" romanının ən çox satılan kitab olacağını, bestsellerə çevriləcəyini gözləyirdinizmi?

-  Hər bir yazıçı kimi qələmə aldığım hər bir kitaba böyük dəyər verir, yüksək qiymətləndirirəm. Ümumiyyətlə, əgər bir yazıçı öz əsəri barəsində yüksək fikirdə deyilsə, o əsəri yazmağı mənasızdır. Ona görə hər bir yazıçı mütləq olaraq öz əsəri barəsində yüksək fikirdə olmalıdır. Əsərini zəif hesab edən yazıçıdan soruşulan ilk sual onun zəif bildiyi əsəri niyə yazmasıdır. Əgər o, öz əsərinə bütün gücünü, biliyini və qəlbini qoyubsa, onun üçün o əsər çox dəyərli olmalıdır. Bu nöqteyi-nəzərdən, hər bir kitabımın dəyərli olduğunu düşünmüşəm. Sadəcə hərdən onu da düşünmüşəm ki, birdən kitabımı oxuyarlar, ancaq orada olan dərin mənaları anlaya, layiqincə dəyərləndirə bilməzlər.  

"Bu şəhərdə kimsə yoxdur"˝ psixoloji romanının oxucular tərəfindən daha çox rəğbətlə qarşılanacağına əmin idim. Çünki bu əsər özündə insanların həyatlarının mahiyyətini, onların daxili aləmlərini tam çılpaqlığı ilə əks etdirir. Onu oxuyan hər kəs oradakı hər hansı bir personajın simasında özünü görə bilər. Bu əsər çapdan çıxan gündən oxucular tərəfindən yüksək qiymətləndirildi. Bunu həm satışlar, həm də kitab barədə yazılan çoxlu müsbət rəylər də təsdiqləyirdi.

- Oxucular yaxın zamanlarda sizdən daha hansı kitabları gözləsinlər?

- Bu yaxınlarda oxucuları iki kitab gözləyir. Onlardan biri "Allah - mif, yoxsa həqiqət" digəri isə "Relslər üzərinə uzanmış adam" əsəridir. Birinci kitab elmi-fəlsəfi janrda yazılıb. Orada yaradılış və Yaradanla bağlı fundamental suallara cavab verilməyə çalışılıb. "Relslər üzərinə uzanmış adam" əsəri isə romandır. Bu roman psixoloji və elmi məqamları ilə zəngin olan fərqli bir üslubda yazılmış əsərdir. Nəşri yay aylarında gözlənilir.

- Daha hansı planlarımız var?

- Payız aylarında ilin əvvəlində başladığımız təlimlərimizi davam etdirməyi plalaşdırırıq. Zamanın idarə olunması və fərdi inkişaf mövzularında müxtəlif təlimlər təşkil etməyi düşünürük. O vaxta kimi Amerikada çapını planlaşdırdığımız kitabın da hazır olacağını düşünürük. Bu, məhz "Bu şəhərdə kimsə yoxdur" romanıdır. Bu romanı rus dilində də çap etdirmək niyyətindəyik. Yaxın vaxtlarda oxuculara təqdim olunacaqdır. Bundan əlavə, üzərində işlədiyimiz digər romanlar da var. İlin sonunadək oxuculara daha 2-3 roman təqdim etməyi planlaşdırıram. Hələlik bu qədər...

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.