Ölkə

Avropalı gənclər Gəncədə - FOTO

3 May 2016 18:20
2 Şərh     Baxış: 1 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə Avropa Gənclər Paytaxtı 2016-nın rəsmi açılışı ilə bağlı tədbirlərə bu gündən başlanılıb. Səhər saatlarından etibarən şəhərə gələn yerli və xarici qonaqların hava limanında qarşılanması təşkil edilib. Daha sonra şəhərlə tanışlıq başlayıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, nüfuzlu xarici təşkilatların rəhbər və nümayəndə heyətləri Məhsəti Gəncəvi Mərkəzində "Küçələrə su səpmişəm" xalq mahnısının sədaları altında qarşılanıblar. 

Rəsm əsərləri, uşaq və gənclərin əl işləri, Azərbaycan xalçaları, milli musiqi alətləri qonaqlarda böyük maraq doğurub. Növbəti dayanacaq Nizami Gəncəvi məqbərəsi və muzeyi olub. Dahi Azərbaycan şairinin qəbri ziyarət edilərək, "Xəmsə"si, xaricdən gətirilən əlyazmaları qonaqlara nümayiş etdirilib. Gəncənin hərb tarixi, əhalisinin məişəti və süfrə mədəniyyəti, yaşadılan ənənələri isə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə tanışlıq zamanı qonaqlara təqdim edilib.

Fernea Kodruta - Kluj Napoka nümayəndəsi: "Bizim şəhərimiz Rumıniyada 2015-ci ildə Avropa paytaxtı seçilmişdi. Mən ilk dəfədir ki, Azərbaycandayam. İnsanların qonaqpərvərliyindən, bizə göstərilən xoş münasibətdən razıyam. Nə soruşuruqsa, bizə yardım etməyə çalışırlar. Çox xoşbəxtəm, fəxr edirəm ki, Gəncə gənclər paytaxtı seçilib və mən burada iştirak edirəm".

Maribor nümayəndəsi: "Mənim ilk təəssüratlarım olduqca gözəldir, açığı belə yüksək səviyyədə qonaqpərvərlik gözləmirdim. Yəni Gəncəyə ayaq basdığım dəqiqələrdən bunu hiss etmək mümkündür. Azərbaycan barədə məlumatlı olsam da, Gəncə haqqında ilk dəfədir eşidirəm. Şəhərdə gördüklərimdən olduqca məmnunam". 

Karolina Dodon - Moldova Gənclər Şurasının vitse-prezidenti: "Sizin şəhəriniz çox gözəl və tarixidir. Siz onu qiymətləndirməli və sevməlisiniz. Moldova da gözəl ölkədir, iki ölkənin gəncləri arasında heç bir fərq görmürəm. Mən iki il öncə Azərbaycanda, Bakıda olmuşam. Bakı səsli-küylü, aktiv şəhərdir. Gəncə isə nağıllar şəhəridir, sakit, sevimli və tarixi. Sizin binalarınız çox gözəldir, harmonik və xoşagəlimlidir, küçədə gəzmək çox xoşdur".

Avropa Gənclər Forumu, Avropa Gənclər Paytaxları Şəbəkəsi, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, Gənclərin Anlaşma və Mübadilə Təşkilatı, nüfuzlu xarici milli şuralar, xarici ölkələrin səfirləri, BMT İnkişaf Proqramının strateji tərəfdaşlıq üzrə müşaviri, bir sıra şəhərlərin icra başçıları hal-hazırda Göygöl milli parkı ilə tanış olur. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.