Ölkə

DİN-dən generalın qohumunun həbsdə "sındırılması" xəbərinə AÇIQLAMA - YENİLƏNİB

13 Fevral 2016 14:14
44 Şərh     Baxış: 20 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:14

Daxili İşlər Nazirliyi (DİN) bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan İsa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparmasının onun hüquqlarının pozulduğu və aşağılandığı haqqında bir sıra KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
 
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, yayılan məlumatların heç bir hüquqi əsası yoxdur: "Belə ki, "İnzibati həbs olunanların saxlanılma məntəqələri haqqında" təlimata və həmin məntəqələrin daxili intizam qaydalarına uyğun olaraq məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır".
 
Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
 
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İ. Əzizov və M. İsgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.

----------

10:38
 

Bir qrup idmançı dostu ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb. Həmin fotolarda İ.Əzizovun türmənin həyətini süpürdüyü qeyd olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu isə artıq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bunu bir "bərkgedən"in məqsədli şəkildə "sındırılması", bunun mediaya ötürülməsi kimi qiymətləndirən də var, baş verənləri haqsızlıq adlandıran da. 

Bu cür cəza növlərinin məqsədi nədir? Oğru dünyasının qaydaları, türmənin daxili nizam-intizamı, yoxsa "yuxarılardan" gələn tapşırıq?

Eks-siyasi məhbus Əvəz Zeynallı bildirdi ki, ümumiyyətlə, həbsxananın içərisində heç cür şəkil çəkmək imkanı yoxdur: "Təsəvvür edin ki, bunun üçün rəisdən də yuxarı səlahiyyət sahibi göstəriş verməlidir. Əgər İsa Əzizovun şəklini çəkiblərsə, xüsusən də iş gördüyü yerdə, bu, ciddi mesajdır, "onu sındırdıq" deməkdir. Onun ictimailəşdirilməsi isə məqsədlidir. Özü də İsa Əzizovdan daha çox, onun böyüklərinə. Onlara demək istəyirlər ki, cəmiyyətdə bu cür özbaşınalıq edənləri bu formada cəzalandıracağıq". 

Müsahibimizin sözlərinə görə, həbsdəki idealistlər, jurnalistlər o işləri görmürlər: "Onlar hətta xırdaca bir daş parçasını belə kənara atmırlar. Bura oğru dünyasının üzvləri də daxildir. Onlar da bunu etmirlər. Onu etməməyin üzündən günü zəhərə çevrilən məhbuslar olub. Türmədə əlinə süpürgə verilmək çox ciddi aşağılanmaqdır. Bunu etmədiyinə görə Qobustana göndərilən, ən ağır zona yollanan, özünü doğrayan məhbuslar olub. Bu idmançını isə xüsusi alçaldıblar. Şəklini çəkib, yayıblar. Burada söhbət Penitensiar Xidmətdən, onun arxasındakı gücün nişanəsindən gedir. Bir güc başqa gücə deyir ki, biz sizi belə sındırırıq və sındırarıq".

Kriminal aləmə yaxın olan bir şəxs isə deyir ki, İ.Əzizovun bu şəkildə "sındırılması" yanacaqdoldurma məntəqəsində operatoru döyməsinə, yaxud başqa səbəblərə görə olmaya bilər: "Bu daha çox İsa Əzizovun daha əvvəl bir qadını döyməsi ilə bağlı ola bilər. Çünki "içəridə" də qadın döyənlərə yaxşı baxmırlar və "sındırırlar"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.