Ölkə

Böhrandan çıxmaq üçün daha bir təklif

19 Yanvar 2016 12:03
Baxış: 2 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böhran dövründə yeni sadələşdirilmiş vergi növlərinin tətbiqi vacibdir.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, vergilər sahəsində bəzi dəyişikliklər edilməlidir: "Bu bir faktdır ki, iqtisadi böhran vergidən yayınma hallarının artmasına səbəb olur, daha doğrusu, ağır iqtisadi şərait vergidən yayınmanı, korrupsiyanı bir növ təşviq edir. Bu cür xoşagəlməz hallardan qaçmağın yolları müxtəlif tədbirlər vasitəsilə vergi yükünü yüngülləşdirlməklə yanaşı, vergi inzibatçılığının təkmilləşdirilməsi, verginin hesablanması, ödənilməsi sisteminin və hesabatlılığın sadələşdirilməsidir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra bəzi sahələr, məsələn, ictimai iaşə, ticarət, bina tikintisi və s. üzrə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi ödəmə formasını seçmə imkanı yaradılıb. Bu müsbət dəyişiklik kimi qiymətləndirlməklə yanaşı, növbəti vergi islahatlarına hazırlıq kimi də qiymətləndirilə bilər".

Ekspertin fikrincə, hazırda tətbiq olunması vacib olan vergilərdən biri də sadələşdirilmiş verginin patent növüdür: "Bu vergi fərdi sahibkarlar üçün nəzərdə tutulur. Sadə şəkildə desək, müəyyən fəaliyyət sahələri, məsələn, dərzi və gözəllik salonları, avtoservis, repetitor, küçə ticarəti, müəyyən sahə və işçi məhdudiyyətləri çərçivəsində ictimai iaşə və ticarət müəssisələri və s. üçün aylıq sabit vergi təyin olunur. Onlar istəklərindən asılı olaraq aylıq, rüblük, 6 aylıq və illik patent ala bilərlər".

Q.Toğrul qeyd edib ki, verginin ödənilməsi müddəti bu şəkildə həyata keçirilə bilər: "Əgər patentin müddəti 6 aya qədərdirsə, o halda bütün vergi məbləği patent qüvvəyə minəndən etibarən 25 təqvim günü ərzində ödənilməlidir. Əgər patentin müddəti 6 ay və ondan çoxdursa, o halda vergi məbləğinin 1/3-dən çoxu ilk 25 təqvim günündə, yerdə qalan hissəsi isə patent müddətinin başa çatmasından ötən 30 təqvim günü ərzində ödənilməlidir və sair.

Patent vergi növünü seçmiş vergi ödəyicilərinə kassa və mühasibat uçotundan istifadə tələbi olmur. Təbii ki, patent vergi növünü seçmək vergi ödəyicilərinin istəyi ilə olur. Onlar istəməsələr, vergi qanunvericliyinin təklif etdiyi digər vergi ödəmə formasını seçə bilərlər".

Patent sisteminin sadələşdirilmiş verginin digər növləri kimi çatışmazlıqlarının olduğunu da deyən iqtisadçı bununla belə hesab edir ki, indiki halda onun tətbiqi həm böhranın vergi ödəyicilərinə iqtisadi və sosial təzyiqinin yumşaldılması, həm də vergidən yayınmaların minimuma endirilməsi baxımından faydalı olardı.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.