14:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.
Milli.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edib.
Qeyd edək ki, 1 saat davam edən görüş Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçirilib.
Bildirilib ki, liderlər zirvəsində iki ölkə arasındakı əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması barədə razılığa gəlinib.
Müsbət atmosferdə keçən görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Ərdoğan və Bayden Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirmək üçün müştərək iradə nümayiş etdirəcəklərini bəyan ediblər.
İkitərəfli ticarət həcminin artırılması istiqamətində ortaq perspektiv istiqamətində atılacaq addımların müzakirə edildiyi görüşdə NATO ittifaqı və strateji ortaqlıq mühiti xüsusi vurğulanıb.
----------
13:32
Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş başlayıb.
Milli.Az bildirir ki, məlumata əsasən, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb. Mətbuat üçün qapalı formatda keçirilən görüşdə Türkiyə Prezidenti xarici işlər naziri Mövlud Çavuşoğlu müşaiyət edir.
Qeyd edək ki, son dəfə Türkiyə və ABŞ liderləri iyun ayında Brüsseldə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.
Xatırladaq ki, daha əvvəl T.Ərdoğan danışıqların əsas mövzusunun Türkiyənin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramında iştirakı olacağını bildirib.
Milli.Az