Dünya

San Marino ölkəyə turist cəlb etmək üçün yeni metoda əl atıb

13 May 2021 17:52
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın cırtdan dövlətlərindən biri olan San Marino ölkəyə turist cəlb edilməsi üçün yeni metoddan istifadə etmək qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cəmi 35 min nəfər əhalisi olan mikrodövlətdə əhali koronavirusa qarşı tam peyvənd olunub. Mayın 17-dən etibarən bu ölkənin ərazisindəki otellərdə qalacaq turistlərə Rusiyanın istehsalı olan "Sputnik V" peyvəndinin vurulması üçün qeydiyyat imkanı veriləcək. San Marino rəsmilərinin verdiyi məlumata görə, peyvəndin hər iki komponentinin qiyməti 50 avrodur.

San Marinoda koronavirusa qarşı peyvənd olunmaq istəyən şəxslər bu ölkədəki otellərdən birində azı üç günlük otaq bron etməlidirlər. Üç həftədən sonra isə peyvəndin ikinci komponentinin vurulması üçün yenidən San Marinoda olmaq lazımdır. Bildirilib ki, bu təklifdən İtaliya sakinləri istisna olmaqla (İtaliya ilə vaksinasiya sahəsində müvafiq saziş olmadığına görə) bütün əcnəbilər yararlana bilərlər. San Marino Avropa Dərman Agentliyinin (EMA) hələ də icazə vermədiyi Rusiya peyvəndi ilə ölkədəki vaksinasiya kampaniyasını həyata keçirib.

San Marinonun xarici işlər naziri Luka Bekkari bildirib ki, San Marino digər Avropa dövlətləri ilə müqayisədə vaksinasiya kampaniyasına gec başlasa da, "Sputnik V" peyvəndi sayəsində proses tamamlanıb. Hazırda cırtdan dövlətin Titan dağı ətəyində yerləşən əsas xəstəxanasında koronavirusa görə müalicə alan pasiyent yoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.