Dünya

Britaniyada "Pfizer" peyvəndinin tətbiqinə yaxın günlərdə icazə verilə bilər

23 Noyabr 2020 22:55
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Dərman Vasitələri və Tibbi Təyinatlı Məhsullara Nəzarət üzrə Agentliyi noyabrın 29-dək ABŞ-ın "Pfizer" və onun almaniyalı tərəfdaşı "BioNTech" kompaniyasının koronavirusa qarşı hazırladığı peyvəndin istifadəsinə icazə verə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya hökumətində olan mənbənin məlumatına görə, Birləşmiş Krallığın Milli Səhiyyə Xidməti artıq dekabrın 1-dən etibarən əhalinin vaksinasiyasına başlamağa hazırlaşır. Peyvəndin ilk növbədə həkimlərə, həmçinin qocalar evinin sakinlərinə vurulması planlaşdırılır. Dekabr ayının ortalarından başlayaraq 80 yaşdan yuxarı, ilin sonunda isə 70 yaşdan yuxarı sakinlər peyvənd olunacaq. Qalan vətəndaşlar isə yalnız gələn ilin yaz aylarında vaksinasiyadan keçiriləcək.

Bir qədər əvvəl Birləşmiş Ştatların koronavirus əleyhinə preparatın hazırlanması üzrə dövlət proqramı çərçivəsində fəaliyyət göstərən alimlər komandasına rəhbərlik edən amerikalı immunoloq Monsef Slaui CNN telekompaniyasına müsahibəsində dekabrın 11-də ABŞ əhalisinin koronavirus əleyhinə vaksinasiya edilməsi prosesinin başlaya biləcəyini deyib. Onun sözlərinə görə, bu, ABŞ-ın Ərzaq və Tibbi Preparatların Keyfiyyət Məsələləri üzrə İdarəsinin "Pfizer" və "BioNTech" kompaniyalarının hazırladığı vaksinin qeydiyyat ərizəsini təsdiq edəcəyi təqdirdə mümkün olacaq.

Böyük Britaniya hökuməti ötən həftə Londonun "Pfizer" və "BioNTech" preparatının 40 milyon dozasının satın alınması üzrə artıq ilkin müqavilə imzaladığı barədə məlumat yayıb. Həmin preparat noyabrın 9-da sınaqların üçüncü fazasını uğurla başa vurub. Sınaqların nəticələrinə əsasən, vaksinasiya olunan insanlarda koronavirusa yoluxma riski 90 faiz azalır.

Həmçinin Amerikanın "Moderna" kompaniyasının koronavirus peyvəndi də klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərib. ABŞ administrasiyası vaksinin hazırlanması üçün bu kompaniyaya 486 milyon dollar, "Johnson & Johnson" əczaçılıq kompaniyasına 456 milyon dollar, Oksford Universitetinin (Böyük Britaniya) alimləri ilə birgə vaksin hazırlayan "AstraZeneca" kompaniyasına isə 1,2 milyard dollar vəsait ayırıb. Administrasiya koronavirusa qarşı peyvənd layihələrinə ümumilikdə 12 milyard dollar sərmayə yatırıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada COVID-19 əleyhinə vaksinin hazırlanması üzrə 170-ə yaxın layihə mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.