Dünya

Avstriya böhran regionlarından qaçqın qəbulu proqramında iştirak etməyəcək

24 Yanvar 2020 06:30
0 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriya Avropa İttifaqının Resettlement proqramında (böhran regionlarında xüsusi təhlükə altında olan qaçqınların məhdud müddətə qəbulu) iştirakını dayandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Federal Daxili İşlər Naziri Karl Nehammer bu məlumatı təsdiqləyib. O bildirib ki, Avropa Komissiyasına bu proqram çərçivəsində qaçqın qəbulunun dayandırılması barədə məlumat göndəriləcək. Ötən ilin iyun ayınadək Avstriya üçün bu proqramda 229 yer ayrılmışdı.

Nazirin sözlərinə görə, Avstriya kiçik bir ölkə olaraq onsuz qaçqın qəbulu sahəsində qeyri-proporsional səviyyədə öz töhfəsini verir. Son beş il ərzində Avstriyada 200 minədək şəxs sığınacaq üçün müraciət edib.

Resettlement (köçürülmə, yerin dəyişdirilməsi) proqramının mahiyyəti ondan ibarətdir ki, beynəlxalq yardım təşkilatları (məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) böhran regionlarında xüsusi təhlükə altında olan şəxsləri seçir və onların müvəqqəti olaraq üçüncü ölkələrdə yerləşdirilməsini həyata keçirir. 2015-ci ildən bəri üç fərqli humanitar proqram çərçivəsində 1900-dən artıq qaçqını böhran regionlarından qəbul edən Avstriya tərəfi artıq bu kimi proqramlarda iştirak etmək niyyətində deyil.

Qeyd edilməlidir ki, Brüssel Resettlement proqramı çərçivəsində böhran ölkələrindən ümumilikdə 30 min qaçqının Avropa İttifaqı ərazisində yerləşdirilməsini nəzərdə tutur. Qaçqın qəbulunu cəlbedici etmək üçün hər qaçqına görə qəbul edən ölkəyə 10 min avro vəsait də ayrılır. Könüllülük prinsipi əsasında həyata keçirilən proqramda iştirak istənilən vaxt dayandırıla və ya bərpa oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.