Dünya

Türkiyə erməni lobbisinə hücuma keçir

10 Yanvar 2015 12:53
0 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qondarma soyqırımı iddiaları ilə bağlı erməni lobbisinin dünyadakı fəaliyyətinə cavab veriləcək

Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində fəallaşan ermənilər aktiv addımlara keçiblər. Dünya birliyinə daxil olan ölkələrin iri şəhərlərində antitürkiyə yönümlü aksiyalar keçirir, qardaş ölkənin ünvanına hədyanlar səsləndirirlər. Türkiyə də əlini yanına salıb oturmaq fikrində deyil. Artıq Türkiyə Böyük Millət Məclisi (TBMM) 1915-ci il hadisələri ilə bağlı lobbiçilik fəaliyyətlərini genişləndirməyə başlayıb. TBMM sədrliyi bunun üçün xüsusi plan hazırlayıb. TBMM-nin spikeri Cəmil Çiçək 1915-ci il hadisələri ilə əlaqədar məclisdəki xarici əlaqələr komitələrinin rəhbərləri ilə bir araya gəlib. Çiçəyin rəhbərliyi ilə baş tutan iclasda Avropa İttifaqı İnteqrasiya və Xarici İşlər Komissiyası rəhbərləri, Türkiyə-Avropa İttifaqı müştərək parlament komissiyasının rəhbəri və Türkiyənin beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətlərinin rəhbərləri iştirak edib. Açıqlanan plana əsasən, "erməni soyqırımı" iddialarının 100-cü ili səbəbilə dünyanın bir çox ölkəsində erməni lobbisinin başladacağı hücumlara qarşı fəaliyyətlər nəzərdə tutulub.

Bunun üçün C.Çiçək həmkarlarına məktub ünvanlayacaq. "Tarixi hadisələrə tarixçilər, elm adamları qərar verməlidir. Müştərək komissiya nəticə çıxana qədər parlamentlərin qərar verməsi doğru deyil" - deyə C.Çiçək bildirib.

Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da "TRT Haber" telekanalına müsahibəsində bildirib ki, Ermənistanın 1915-ci il hadisələrini "soyqırımı" kimi təbliğ etmək cəhdlərinin qarşısı alınacaq. XİN rəhbərinin sözlərinə görə, Türkiyə hazırda Ermənistanın bu istiqamətdə atdığı addımları diqqətlə izləyir: "2014-cü ildə Ermənistanın qondarma "soyqırımı" məsələsi ilə bağlı xeyli aktiv olduğunu görürük. Lakin bu, o demək deyil ki, Türkiyə bunun qarşısında səssiz qalacaq". Nazir deyib ki, Ankara mədəni, siyasi, elmi yollarla Ermənistanın bu istiqamətdə atdığı bütün addımların qarşısını alacaq. Onun sözlərinə görə, Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci hadisələrinin araşdırılması üçün Osmanlı dövlətinin arxivlərinin açılmasına və ortaq tarixi komissiyanın yaradılmasına hazırdır. Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırımı"nı tanıyıblar. Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradaraq arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

Qeyd edilir ki, ermənilər 100-cü ilə hazırlıq mərhələsində türk mənşəli tədqiqatçılardan da yararlanmaq istəyirlər. Bunun ən yaxşı örnəyi neçə illərdir ermənilərə işləyən Taner Akçamdır. O, erməni dostu olan bəzi "türk ziyalıları"nı Ermənistana dəvət edir, onları bu işdə özlərinə köməklik göstərməyə çağırır. Bunların içərisində jurnalistlər, yazarlar, araşdırmaçılar da var. Onlardan bəziləri erməni diasporunun və Ermənistan dövlətinin təşkil etdiyi konfranslara həvəslə qatılaraq ermənilərin əsassız iddialarını müdafiə edirlər. Bunlar da Ermənistan mətbuatında geniş yer almaqdadır.

Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu da 2015-ci ildə uydurma "erməni soyqırımı"nın 100-cü ildönümünün qeyd edilməsinə qarşı ciddi hazırlıq işləri aparır. Həmin müddətə qədər ermənilərin və onların himayədarlarının bütün cinayətlərini ifşa etmək üçün rəsmi sənədlərə əsaslanan 10-a qədər yeni kitab nəşr ediləcək. Bu əsərlər başqa dillərə tərcümə edilib dünyaya çatdırılacaq.

Ən maraqlısı odur ki, ermənilərin "soyqırımı"yla bağlı əsas havadarları artıq onları tərk etməyə başlayıb. Məsələn, ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb. Qrim ABŞ Konqresində erməni məsələləri üzrə işçi qrupunun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə ölkəmizin maraqlarına qarşı fəaliyyətlərdə aktiv şəkildə iştirak edib. O, həmçinin ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı qüvvələrə maliyyə yardımı ayrılması üçün fəal şəkildə çağırış edən qanunverici orqan mənsublarından biri olub.

Qeyd edək ki, 30 dekabr 2014-cü il tarixində M.Qrim istefa verdiyinə dair açıqlama verib.

Xatırladaq ki, konqresmen M.Qrim ABŞ qanunverici orqanına seçilməmişdən öncə 2006-2010-cu illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixində Nyu Yorkdakı ABŞ federal qurumları tərəfindən M.Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal immiqrantların işlədilməsi, yalan ifadə vermək və digərləri yer alır. 23 dekabr 2014-cü il tarixində Bruklin məhkəməsi ittiham aktında əks olunan məsələlərdən biri - vergidən yayınma məsələsi ilə bağlı M.Qrimin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində 11-ci Nyu York dairəsində qələbəsinə və yenidən Konqresə seçilməsinə baxmayaraq, M.Qrimm istefa verməyə məcbur olub.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.