İsveçrədə ərzaq mallarını əsasən "Coop" və "Migros"dan alırlar. Hər iki firma nəhəngdir, müxtəlif ölkələrdə şəbəkələri var. İllik gəlirləri milyard dollarlarla ölçülür. Bu firmalar İsveçrənin hər yerində fəaliyyətdədir. Standart yüksək qiymətlərsə hər yerdə eynidir.Bu ölkədə telefonla da alış-veriş etmək mümkündür
Əlbəttə, İsveçrədə digər şirkətlər də ərzaq mallarının alqı-satqısı ilə məşğul olur. Amma yerli sakinlər əsasən bu şirkətlərdən alver etməyi üstün tuturlar. Qeyd edim ki, hər iki şirkət bir-biri ilə ciddi rəqabət aparır və satışda olan ərzaq mallarının növləri minlərlədir. Düşünün ki, biz 10 ildən artıqdır bu ölkədəyik, hələ də elə mallar var ki, alıb heç dadına baxa bilməmişik. Yəni mal çeşidi o qədər çoxdur...
İsveçrənin əhalisi 8 milyon civarındadır. Amma az qala hər addımbaşı nəhəng marketlər görmək olar. Maraqlıdır ki, bu qədər mağazaların hamısı gəlirlə işləyir. Çünki insanların alıcılıq qabiliyyəti son dərəcə yüksəkdir. İsveçrəli vətəndaş varlıdır və həvəslə də bahalı və keyfiyyətli malı alır...
Dünyanın bütün nəhəng şirkətləri İsveçrədə biznes mərkəzləri açmaqda maraqlıdır. Və təbii ki, bütün şirkətlər sahib olduqları ən üstün texnologiyaları da burada nümayiş etdirməklə özlərinin nüfuzuna əlavə xallar yazmağa çalışırlar...
Bu yazıda İsveçrədəki alış-verişin son modeli haqqında danışacağıq. Kiçik bir reportajda oxucularımızda əyani təsəvvür yaratmağa cəhd edəcəyik. Beləliklə, söhbət "PASSABENE" (Self-Scanning) əməliyyatından gedir. Söhbət açacağımız bu əməliyyat İsveçrədə sürətlə yayılmaqdadır...
Əvvəlcə "Coop"un əməkdaşına Azərbaycan üçün reportaj hazırlamaq istədiyimi bildirdim. Marketdə çəkilişlər üçün icazə istədim. Rəhbərliklə telefon əlaqəsi saxladılar. Müsbət cavab aldıqdan sonra proseslə bağlı bizə xeyli əlavə məlumatlar verildi...
Dəqiq təəssürat yaratmaq üçün ondan başlayım ki, İsveçrədə iri marketlərin hər birinin özünə aid kartı var. Həmin kartlar konkret alıcıların adına qeydiyyatdan keçir. Kartlarda qeyd olunan alış-verişin faizinə uyğun olaraq müştəriyə müəyyən məbləğ geri ödənilir. Həmin kartlar dediyimiz alış-veriş əməliyyatında son dərəcə önəmlidir. Müştəri mağazaya daxil olan kimi həmin kartı çıxarıb "Self-Scanning" üçün ayrılmış guşəyə yaxınlaşır. Elektron detektor kartı qeydə alan kimi sıralanmış "Self-Scanning"lərdən birində "OK" lampası yanır. Müştəri məhz həmin aparatı götürməlidir. Çünki o aparata görə artıq həmin müştəri məsuliyyət daşıyır. Ola bilər ki, müştəri ilk dəfədir ki, bu üsuldan istifadə edir. Belə olduqda guşədəki ekranda aparatdan istifadə qaydalarına video çarxda baxmaq olar. Əgər yenə nəsə anlaşılmazlıq varsa, firmanın nümayəndəsi müştəriyə yardımçı ola bilər...
Aparatı götürdükdən sonra isə işlər xeyli asandır. Həmin aparatı aldığın malın üzərində olan ştrix-kodun üzərinə tıklayırsan, aldığın mal həmən qeydiyyatdan keçir. İstədiyin malları bir-bir bu cür "scanning" edirsən. Sonda həmin aparat kassada çalışana təqdim olunur. O isə yalnız aparatın ekranına baxır və son nəticəni kassada hesaba alır. İstəsən, nağd ödəniş edə bilərsən, bank hesabından həmən ödəniş də mümkündür.
Bəs bu üsul müştəriyə nə verir? Bu sualla bir neçə müştəriyə müraciət etdik. Ümumi fikir bu oldu ki, bu üsulla alış-veriş müştəriyə vaxta qənaət etmək imkanı verir. Belə ki, müştəri kassada uzun-uzadı növbədə dayanmır. Kassadan keçərkən uzağı 1 dəqiqəyə hesablaşmanı başa çatdırmaq olur...
Bizə gülər üzlə məlumat verən market əməkdaşı bildirdi ki, bəzi müştərilər şirkətin etibarından sui-istifadə edirlər. Belə ki, aldıqları malların heç də hamısını qeydiyyatdan keçirmirlər: "Belə bir ehtimal olduqda, biz müştəridən üzr istəyərək, alınan malları yenidən kassadan keçiririk. Amma belə hallar çox nadir hallarda olur... Bu üsul bizə də xeyli üstünlüklər verir. Əvvəla, kassada növbə olmur. Bu üsulun tətbiqinə qədər, xüsusən işdən sonra alıcı çox olanda gərginlik yaranırdı. Müştərilərə keyfiyyətli xidmətdə boşluqlar yaranırdı. İndi isə elə problemlər yoxdur. Onu da deyim ki, bu aparatlardan keçən qeydiyyatlar bizə işimizi dəqiq icra etməyə əlavə imkanlar yaradır. Məsələn, biz qeydiyyata baxaraq dəqiq bilirik ki, marketdə hansı bölmədə hansı mal azalıb və ya qurtarıb. Vaxt itirmədən müştərinin seçiminə həmin malı təqdim edirik. Kassada iş az olanda orada çalışanlar digər işlərə cəlb olunurlar".
Onu da deyim ki, hər kəs şəxsi "İPHONE"una müvafiq proqram yüklədikdən sonra "Self-Scanning"ə ehtiyac qalmır. Yəni öz telefonunla da alış-verişi həyata keçirə bilərsən...
"Coop" market zənciri müştərilərlə öz qəzeti vasitəsilə əlaqə saxlayır. Qəzetlər pulsuzdur və hər bir evə poçtla çatdırılır. Həmin qəzetdə alqı-satqılarla bağlı ətraflı bilgilər verilir. Hansı malların qiymətində endirim olması isə oxucuların əsas diqqət etdiyi səhifə olur. Bu qəzet milyon tirajla çıxır. Qeyd edim ki, digər bu kimi şirkətlər də müştərilərə öz qəzetlərini təklif edirlər. Qəzet vasitəsilə evdən çıxmadan artıq bilirsən ki, harada nəyi münasib qiymətə ala bilərsən və ya "Coop"da hansı yeni xidmətlər təklif olunur...
Bu yaxınlarda 10 illik fasilədən sonra Bakıda oldum.
Paytaxt xeyli müasirləşmişdi. Gözəgəlimli yerlərin sayı əhəmiyyətli dərəcədə artmışdı. Müasir standartlara cavab verən alış-veriş mərkəzləri də az deyildi. Amma etiraf edək ki, ölkədəki əksər marketlərdə çağdaş dünyanın nəfəsi duyulmurdu. Malların məhdud saydakı çeşidi, üstəlik, olan malların da keyfiyyətsizliyi kimsəyə sirr deyil. Xidmət də arzuolunan səviyyədə deyildi.
Qərbdə ən dəbdə olan deyimlərdən biri belədir ki, müştəri həmişə haqlıdır. Və onlara ən üst səviyyədə xidmət göstərilməlidir. Əminəm ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan ən mütərəqqi üsulların Azərbaycan müstəvisinə transformasiyasına xüsusi diqqət olmalıdır. Sakinlərə nədən Qərb standartları çərçivəsində xidmət göstərilməsin...
"Yeni Müsavat"





