28 fevraldan bəri davam edən ABŞ-İsrail-İran müharibəsi Yaxın Şərq regionunda geosiyasi balansı tamamilə alt-üst edib. Regionda hərbi əməliyyatların coğrafiyası genişləndikcə, Tehran administrasiyası qonşu ölkələrə qarşı ritorikasını sərtləşdirir.
Milli.Az xəbər verir ki, İran tərəfi bölgədəki təsir imkanlarını nümayiş etdirmək üçün Körfəz ölkələrinə növbəti dəfə xəbərdarlıq ünvanlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayılan rəsmi bəyanatda regiondakı ABŞ bazalarına və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə birbaşa təhdid yer alıb:
"Sakitlik dövrü başa çatdı. ABŞ və müttəfiqlərinin bütün strateji infrastrukturları hədəfimizdədir və vurulacaq".
İran rəsmiləri həmçinin bildiriblər ki, ABŞ-nin "qırmızı xətləri" keçməsi vəziyyətində Tehranın verəcəyi hərbi cavab beynəlxalq hüquq çərçivələrini və bölgədəki mövcud status-kvonu aşacaq. Bu açıqlama İranın təkcə hərbi hədəfləri deyil, həm də regionun ümumi təhlükəsizlik arxitekturasını hədəf ala biləcəyinə işarə kimi qiymətləndirilir.
Analitiklər hesab edir ki, bu cür təhdidlər Körfəz ölkələrini ABŞ ilə hərbi ittifaqdan çəkindirmək məqsədi daşıyır. Lakin mövcud gərginlik fonunda bu bəyanatlar regionu daha böyük bir "alovun" içinə çəkə bilər.
Səkinə Yusifova
Milli.Az





