ABŞ-nin Nyu-York şəhərində güclü qar və rekord dərəcədə aşağı temperatur nəticəsində məşhur Hudzon çayının bəzi hissələri donub, suyun üzərində nəhəng buz kütlələri yaranıb.
Milli.Az xəbər verir ki, ölkə daxilində 11 mindən çox uçuş ləğv edilib, 13 mindən çox reys isə təxirə salınıb.
Nyu-Yorkda dondurucu şaxtalar səbəbindən küçədə qalan 5 evsiz şəxs donaraq ölüb.
Şiddətli qış şərtləri səbəbindən Tennessi və Missisipi başda olmaqla, ölkə üzrə təxminən 920 min insan işıqsız qalıb.
Nyu-York qubernatoru Keti Hokul ştatın son illərin ən uzun və ən şiddətli qışını yaşadığını bildirib. Kanada sərhədinə yaxın bölgələrdə temperatur rekord həddə -37 və -45 dərəcəyə qədər düşüb. Bəzi bölgələrdə hiss edilən temperaturun -47 dərəcə olduğu qeyd edilir. Qubernator vəziyyəti "qəddar və təhlükəli bir Arktika mühasirəsi" kimi xarakterizə edib.
Nyu-York meri Zohran Mamdani mətbuat konfransında bildirib ki, şəhərdə qar örtüyünün hündürlüyünün 30 santimetrə çatacağı gözlənilir. Təhlükəsizlik məqsədilə sabah bütün məktəblər bağlanacaq və dərslər onlayn formata keçiriləcək.
Evsizlər üçün şəhər üzrə 10 müvəqqəti sığınacaq və isinmə mərkəzi fəaliyyətə başlayıb. Mer qeyd edib ki, bura müraciət edən heç kim geri çevrilməyəcək.
ABŞ Milli Hava Proqnozu Xidməti xəbərdarlıq edir ki, hazırda 213 milyon insan (ölkə əhalisinin böyük hissəsi) təhlükəli buzlanma və qar fırtınası zonasındadır. Fırtınanın sabaha qədər davam edəcəyi, ardınca isə daha kəskin şaxtaların gələcəyi gözlənilir. Bu da infrastruktur və nəqliyyatda ciddi problemlərin bir neçə gün daha sürəcəyi deməkdir.
Lalə Qüdrətova
Milli.Az





