Rumıniya Milli Bankının qızıl ehtiyatlarının Moskvaya göndərilməsi hekayəsi Birinci Dünya Müharibəsi dövründə başlayıb və aradan 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb.
Milli.Az xəbər verir ki, Rumıniya Birinci Dünya müharibəsi zamanı təhlükəsizlik məqsədilə Rusiyaya göndərdiyi 91,5 ton qızıl ehtiyatının və digər qiymətli əşyaların geri qaytarılmasını tələb edir.
Amerikanın "Politico" portalı Rumıniya Milli Bankının maliyyələşdirdiyi mətnə istinadla yazır ki, Rumıniya 1916-cı ildə müharibəyə qoşulduqdan sonra ölkənin böyük hissəsi işğal təhlükəsi ilə üzləşib. Bunun ardınca Rumıniya hökuməti, kral ailəsi və Milli Bank Moldovanın İasi şəhərinə köçürülüb.
Mərkəzi Dövlətlərin Rumıniyanı tam işğal etməsi riski səbəbindən Rumıniya hökuməti Milli Banka məxsus xəzinələrin müvəqqəti saxlanılması üçün Moskvaya göndərilməsi qərarını verib. Rusiya həmin dövrdə Rumıniyanın ortaq sərhəd paylaşdığı yeganə müttəfiq idi və iki ölkənin kral ailələri arasında yaxın qohumluq əlaqələri mövcud olub.
Məlumata görə, Rumıniya Milli Bankına məxsus 91,5 ton təmiz qızıl, həmçinin Kraliça Mariyanın zinət əşyaları və tarixi-mədəni dəyərə malik materiallar 1916-cı ilin dekabrında və 1917-ci ilin avqustunda iki mərhələdə Rusiyaya göndərilib.
Tərəflər arasında imzalanan protokollarda qızılın Rumıniyaya məxsus olduğu, Moskvada müvəqqəti saxlanılacağı və təhlükəsizliyinə İmperator Rusiya Hökumətinin zəmanət verdiyi açıq şəkildə qeyd olunub.
Lakin həmin ehtiyatlar indiyədək Rumıniyaya qaytarılmayıb.
Fidan
Milli.Az





