ABŞ-də Donald Tramp administrasiyasının Venesuela ilə bağlı mümkün idarəetmə planı üzərində işlədiyi bildirilir. Məlumata görə, Venesuela lideri Nikolas Maduronun hərbi əməliyyat nəticəsində ələ keçirilməsindən sonra ölkənin idarə olunması ilə bağlı alternativ mexanizmlər müzakirə edilir.
Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məsələ ilə tanış olan yüksək rütbəli məmura istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Venesuela üzrə mümkün ssenarilərin hazırlanması məqsədilə yaradılan işçi qrupuna ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller daxildir. Sözügedən qrupun siyasi, təhlükəsizlik və idarəetmə modelləri üzərində işlədiyi bildirilir.
Xatırladaq ki, Donald Tramp daha əvvəl verdiyi açıqlamalarda Venesuelanı "iflic vəziyyətdə olan ölkə" kimi xarakterizə etmiş və ABŞ-nin regional sabitliyin təmin olunması məqsədilə bu ölkənin idarə olunmasına müvəqqəti nəzarət edə biləcəyini bəyan etmişdi.
Kənan
Milli.Az





