Latın cazı və salsa musiqisinin yenilikçi simalarından biri, Qremmi mükafatlı pianoçu və bəstəkar Eddi Palmieri 88 yaşında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, o, 2025-ci il avqustun 6-da Nyu-Cersidəki evində vəfat edib. 70 ildən çox davam edən karyerası ərzində Palmieri Latın musiqisinin səsini müəyyənləşdirən sənətkarlardan biri olub. 1961-ci ildə yaratdığı "La Perfecta" qrupu ilə salsa musiqisinə yeni nəfəs gətirərək trombonlardan istifadəyə üstünlük verib. Onun məşhur "Azúcar Pa' Ti" əsəri ABŞ Konqres Kitabxanasına daxil edilən nadir musiqi nümunələrindəndir.
Palmieri həm də 1971-ci ildə yazdığı "Harlem River Drive" albomunda Latın ritmlərini funk və soul janrları ilə birləşdirərək cəmiyyətə dair sosial mesajlar verən ilk musiqiçilərdən olub.
Musiqi sahəsində çoxsaylı Qremmi və Latın Qremmi mükafatları ilə təltif edilən Eddi Palmieri 2013-cü ildə Latın Səsyazma Akademiyasından "Ömür Boyu Uğur" mükafatı alıb.
Fidan
Milli.Az