Dünya

Dubay şokoladına artan tələbat püstə qıtlığına səbəb oldu – Qiymətlər kəskin bahalaşıb

20 Aprel 2025 16:27
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada son zamanlar sürətlə yayılan Dubay şokoladı dəbi, püstə ləpələrinə olan tələbatın artmasına, bunun nəticəsində isə qıtlıq və qiymət artımına səbəb olub.

Milli.Az xəbər verir ki, püstə treyderi olan CG Hacking şirkəti qiymətlərin bir il ərzində 7,65 dollardan 10,30 dollara qədər yüksəldiyini bildirib.

Şirkət nümayəndəsinin sözlərinə görə, Dubay şokoladının populyarlaşması ilə şokolad istehsalçıları bazarda olan püstənin demək olar ki, hamısını alaraq digər müştəriləri məhsuldan məhrum edib.

"Püstə dünyası hazırda demək olar ki, tükənib," - deyə şirkətin sözçüsü Cayls Hakinq bildirib.

Qeyd edək ki, İran dünyada ikinci ən böyük püstə istehsalçısıdır. İran Gömrük Xidmətinin məlumatına əsasən, son altı ayda ölkənin BƏƏ-yə püstə ixracı 40% artıb.

İran Püstə İstehsalçıları Assosiasiyasının idarə heyətinin üzvü Bəhruz Agah bildirib ki, hazırkı qıtlıq 2023-cü ildə püstəyə olan zəif tələbin doğurduğu qiymət enişindən sonra tədarükçülərin ehtiyatlarının azalması ilə əlaqəlidir.

Britaniyada fəaliyyət göstərən "Prestat Group" şokolad istehsalçısı da vəziyyətdən narahatdır. Şirkətin rəhbəri Çarlz Jandro bildirib ki, Dubay şokoladının bu qədər tez populyarlaşmasına heç kim hazır deyildi: "Bu məhsul sanki heç yerdən çıxdı və indi hər yerdə axtarılır. Xammal əldə etmək çətinləşib."

Şirkət, həmçinin, Dubay şokoladında istifadə olunan qədaif (xırdalanmış xəmir) komponentinin də tapılmasının çətinləşdiyini qeyd edib.

Böyük Britaniyada bir sıra mağazalar artıq müştərilərə satış məhdudiyyəti tətbiq edir - hər müştəriyə yalnız müəyyən sayda Dubay şokoladı satılır.

Dubay şokoladı ilk dəfə 2021-ci ildə hazırlanmağa başlayıb. Amma əsl populyarlığını 2023-cü ilin dekabrında TikTok platformasında 120 milyon izlənmə toplayaraq qazanıb və qısa müddətdə qlobal sensasiyaya çevrilib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.