Dünya

Meloni Trampı müdafiə etdi və onu İtaliyanın "birinci müttəfiqi" adlandırdı

28 Mart 2025 13:26
Baxış: 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın baş naziri Corciya Meloni ölkəsinin ABŞ və Avropa arasında seçim etməli olduğu fikrini rədd edib və ABŞ prezidenti Donald Trampı düşmən kimi görmədiyini, İtaliyanın "birinci müttəfiqi" kimi hörmət etməyə davam edəcəyini bildirib.
 
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, "Financial Times"a müsahibəsində Meloni bəzi Avropa liderlərinin Donald Trampa reaksiyasını "həddindən artıq siyasi" adlandırıb.

"Mən mühafizəkaram. Tramp respublikaçı liderdir. Təbii ki, mən ona bir çox başqalarına nisbətən daha yaxınam, lakin milli maraqlarını müdafiə edən lideri anlayıram", deyə Meloni bildirib.

Onun sözlərinə görə, Trampın Avropa müdafiəsinə qarşı "konfrantasiyaya meyilli" yanaşması qitənin öz təhlükəsizliyi üçün məsuliyyəti üzərinə götürməsi baxımından çox vacib bir "təşviq" ola bilər.

"Mən bunu deməyi xoşlayıram: hər bir böhran özündə imkanlar da daşıyır", deyə o əlavə edib.

Avropada bir çoxları Trampın Ukraynanı əlverişsiz sülh razılaşmasına məcbur etməyə hazırlaşacağından ehtiyat etsə də, Meloni onun səylərinə inandığını bildirib. Lakin eyni zamanda, Rusiyanın gələcəkdə müharibəyə yenidən başlamaması üçün etibarlı təminatların vacibliyini vurğulayıb.

Bununla belə, o, Fransa və Böyük Britaniyanın Ukrayna üçün nəzərdə tutduğu Avropa "təminat qüvvələri" təklifinə skeptik yanaşır. Meloninin fikrincə, bu təklif Moskva tərəfindən təxribat kimi qəbul edilə bilər.

"Burada ehtiyatlı olmalıyıq. Bu, daha çox bir təhdid kimi görünə bilər", deyə o qeyd edib.

Bunun əvəzinə, Meloni NATO-nun 5-ci maddəsinin - qarşılıqlı müdafiə prinsipinin - Ukraynaya da şamil edilməsini dəstəkləyir. Onun sözlərinə görə, bu yanaşma Kiyevin alyansa tam üzv qəbul olunmasından daha "sadə və effektiv" olardı.

Meloni Rusiyanı uzunmüddətli təhlükə hesab edib-etmədiyi ilə bağlı suala isə qeyri-müəyyən cavab verib:

"Düşünürəm ki, belə ola bilər, bəli, ola bilər. Amma hər halda, biz özümüzü mümkün hər hansı bir təhdiddən qorumağın yolunu tapmalıyıq".

Eyni zamanda, Meloni NATO üzvlərinə Afrikadan gələn təhlükələrin də diqqətdən kənarda qalmayacağını vurğulayıb.

"Başa düşməlisiniz ki, təhlükələr hər tərəfdən gələ bilər. Əgər siz yalnız şərq cinahınızı qorumaq barədə düşünürsünüz və məsələn, cənub cinahında baş verənləri nəzərə almırsınızsa, problemlərlə üzləşəcəksiniz", deyə o bildirib.

Bundan əvvəl Meloni "istəkli ölkələr koalisiyası"nın növbəti görüşünə ABŞ-ın dəvət olunmasını təklif edib. Onun sözlərinə görə, müharibənin dayandırılması və Ukraynanın suverenliyini və təhlükəsizliyini təmin edəcək sülhün əldə olunması üçün ABŞ ilə əməkdaşlığın davam etdirilməsi vacibdir.

Eyni zamanda, Meloni İtaliyanın Ukraynaya hərbi kontingent göndərməyəcəyini bir daha xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory