İsraillə HƏMAS arasında atəşkəs pozulub.
Milli.Az xəbər verir ki, atəşkəs 42 gündən sonra pozulub.
Fələstin xalqı atəşkəsi əbədi olaraq qəbul etsə də, İsrail tərəfi bunun yalnız şərtlərə riayət edildiyi müddətcə davam edəcəyini və hər hansı bir pozuntu halında hücumlarının qaçınılmaz olacağını bildirmişdi. Bu barədə məlumatı "Al Arabiya" telekanalı yayıb. Kanalın iddiasına görə, HƏMAS-ın altı həftəlik atəşkəsə qarşı çıxması İsrail Baş naziri Benyamin Netanyahunun qəzəbinə səbəb olub. Nəticədə, İsrail Qəzza zolağına aviazərbələr endirib və bununla da həmin əraziyə humanitar yardımın göndərilməsi dayandırılıb. Havanın hücumları nəticəsində 4 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Hadisədən dərhal sonra İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciət edərək, "İsrail, cənab Trampla razılaşdırılmış 50 günlük atəşkəs rejimini pozmadı. Bizə təhrik edildi. Qarşı tərəfdən gələn təhlükə mütləq qarşısı alınmalıydı. Onlar yalnız 42 gün atəşkəsin şərtlərinə əməl etdilər. İsrail bu qərarı qəbul etdi, mən dəstəklədim, amma HƏMAS razılaşmanı pozdu. Biz əvvəlcədən xəbərdar etmişdik ki, bu vəziyyətdə qəzəbimizi yatıra bilməyəcəyik. Sivil insanları öz məqsədləri üçün istifadə edənlərlə necə insani sövdələşmə edilə bilər? Cənab Tramp, sülh və əmin-amanlıq yaratmağı hədəfləyən bizim səylərimizi dəstəklədiyiniz üçün təşəkkür edirik", - deyə Netanyahu vurğulayıb.
Ən maraqlı məqam isə odur ki, aviahücumdan sonra ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, atəşkəsin uzadılması təklifini təqdim edib. Bu təklif, Ramazan ayı və Yəhudi Pasxası dövrünü əhatə edir. Lakin HƏMAS, bu təklifi rədd edərək, atəşkəsin ikinci mərhələsinə keçid tələb edib. İkinci mərhələdə, fələstinli girovların azad edilməsi, qəzzalıların öz doğma torpaqlarına dönməsi və humanitar yardımların həftədə bir dəfə Rəfah sərhəd keçidi vasitəsilə çatdırılması nəzərdə tutulur.
Milli.Az