Cənubi Afrika polisi çərşənbə günü beş nəfəri, o cümlədən keçmiş Prezident Nelson Mandelanın nəvəsini avtomobil qaçırma və icazəsiz odlu silah saxlama ittihamı ilə həbs edib.
Milli.Az bildirir ki, Johannesburq Metro Polis İdarəsinin (JMPD) sözçüsü Xolani Fihla Anadolu agentliyinə bildirib ki, JMPD-nin taktiki reaksiya qrupu avtomobil izləmə şirkətindən qaçırılmış avtomobilin yerini müəyyən edən məlumat alıb.
Fihlanın sözlərinə görə, polis hadisə yerinə - Johanesburqda Houghton mülkündə yerləşən keçmiş liderin evinə gəldikdə, oğurlanmış ağ rəngli Toyota Corolla avtomobili tapılıb.
Avtomobilin çərşənbə günü səhər Johanesburq şəhərindəki Louis Botha Avenue-də, Oaklands ərazisində qaçırıldığı bildirilib. Evdə olan dörd kişi və bir qadın həbs olunub və onların məhkəmə qarşısına çıxacağı gözlənilir.
"Əraziyə aparılan sonrakı axtarışlar nəticəsində bir ədəd qeyri-qanuni odlu silah aşkarlanıb. İlkin məlumatlara görə, qadın həmin ərazidə ev kirayələyir və saxlanılan dörd nəfərin hamısı ilə tanışdır. Dörd şübhəlidən birinin Mandela nəvəsi olduğu iddia edilir," - deyə Fihla bildirib.
O, avtomobil qaçırma hadisəsinin qurbanının sağ-salamat olduğunu və zərər çəkmədiyini qeyd edib.
Lalə Qüdrətova
Milli.Az