Dünya

Qərbin Paşinyan planı: Baş nazirə alternativ hazırlanır

29 Avqust 2024 21:52
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hökuməti sistemsiz xarici siyasət kursunun, qeyri-müəyyənliyin əvəzini ödəyir. Rusiya ilə yanaşı, Qərb də artıq ondan imtina etməyə başlayıb. Erməni mediasında, siyasi dairələrində artıq baş nazir Nikol Paşinyana alternativ, onun əvəzlənməsi barədə söhbətlər gündəmi tutur. Nikol Paşinyan sürətlə Rusiya orbitindən uzaqlaşıb Qərbə yaxınlaşmaqla ümid edirdi ki, qarşı tərəf onu "investisiya yağışı"na tutacaq və Ermənistan tez bir zamanda Avropa ailəsinə üzv olacaq və s. Lakin bütün bunlar hələ ki baş vermir... Verilən sözlər hamısı vəd olaraq qalır.

İrəvan hakimiyyəti xislətinə uyğun olaraq ikili siyasətini davam etdirir. Rusiya forpostluğunu Qərblə əvəzləməyə çalışsa da, bu istiqamətdə qeyri-ardıcıllığa yol verir. Qərb onun qarşısında daha sərt addımlar atmağı, konkret olaraq Kremllə bağlı qurumları tərk etməyi, ən əsası, Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edir. Lakin hakimiyyət tələsmir. Hələ ki, indiyə kimi KTMT-də fəaliyyətini dondurub. O ki qaldı Avrasiya İqtisadi İttifaqından çıxmağa, İrəvan hakimiyyəti bunu etməyə tələsmir.

Digər tərəfdən, Ermənistanda hakimiyyətdaxili mübarizənin getdikcə kəskinləşməsi və baş nazir Nikol Paşinyanın rəqiblərini sıradan çıxarmaq üçün müxtəlif bəhanələr uydurması da Qərbdə xoş qarşılanmır. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, hər iki tərəfdən "başının sığallamasına" nail olmağa çalışır. Paşinyanın və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki, ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş-baş vəziyyətə salır.

Erməni ekspertlərin səsləndirdiyi fikirlər də söylədiklərimizlə üst-üstə düşür. Məsələn, siyasi ekspert Vigen Akopyan hesab edir ki, Qərb uzun müddətdir Paşinyanın yerinə alternativ namizəd axtarır: "Nə vaxtsa onlar Ermənistanın baş nazirinə növbədənkənar seçkilər təşkil etməyi məsləhət görəcəklər və bu seçkilərdə Paşinyanın yerinə namizədlər meydana çıxacaq". Onun fikrincə, Qərb anlayır ki, Paşinyan hakimiyyəti faktiki olaraq öz tələblərini təmin etmək iqtidarında deyil. "Onlara təkcə danışan bir başçı kimi Paşinyan deyil, məsələn, KTMT-dən çıxmaq lazımdır, nəinki bu barədə bəyanatlar lazımdır", - deyə o qeyd edib. Akopyan hesab edir ki, "velosiped sürən Ermənistan hökuməti"nin davranışı heç nəyin onlardan asılı olmadığını başa düşdüklərindən xəbər verir.

Həqiqətən də hakimiyyət atdıqları hər addımın həm özlərinin, həm də bütövlükdə ölkənin vəziyyətini daha da pisləşdirə biləcəyini anlayaraq özlərini bütün proseslərdən təcrid etməyə çalışırlar. Sülh gündəmi adlanan plan uğursuzluğa düçar olduqdan sonra başa düşürlər ki, heç kim onlara hakimiyyətin qorunub saxlanmasına və şəxsi təhlükəsizliyinə zəmanət verə bilməz.

Akopyan hesab edir ki, Ermənistan hakimiyyəti Qərb qarşısında xal toplamağa, Rusiyaya cavab verə və ona qarşı fəaliyyət göstərə biləcəklərini göstərməyə çalışır.

"Bu, Qərbin onları çətin vəziyyətdə xilas edəcəyi ümidi ilə edilir", - ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya artıq Paşinyanla maraqlanmır. "Son vaxtlara qədər belə deyildi, çünki Paşinyanın yeritdiyi siyasət Moskvanın Ermənistanın strateji müttəfiqi kimi öhdəliklərini yerinə yetirməməsini, habelə Rusiya Federasiyasının Bakı və Ankara ilə yaxınlaşmasını qanuniləşdirdi. Moskvanı Zəngəzurdan keçəcək dəhlizə nəzarət məsələsi maraqlandırır ki, Ermənistan, heç olmasa, Qərbin nəzarəti altına düşməsin", - deyə Akopyan fikrini yekunlaşdırıb.

Bu ehtimallar da özünü doğruldur. Baş nazirin ötən gün diplomatik korpusun nümayəndələri ilə görüşü əvvəlkilər kimi qalmaqallı olub. Nikol xarici siyasətdə "qeyri-standart" qərarların anonsunu verib, diplomatları ciddi çağırışlar, qeyri-standart qərarlar və onların nəticələri barədə xəbərdarlıq edib.

Dilicanda baş tutan görüşdə Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin illik seminarı başlayıb, onun açılışında ölkənin baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və baş nazirin müavinləri iştirak ediblər. Görüşün təfərrüatlarını qeyd edən "Qraparak" qəzeti yazır ki, "Paşinyan əvvəlcə Ermənistanın üzləşəcəyi mümkün geosiyasi dəyişikliklərlə bağlı fikirlərini təqdim etdi, sonra isə yumşaq desək, səfirləri seçim qarşısında qoydu. Açıq şəkildə bildirdi ki, qarşıda çətin mərhələ dayanır: Ermənistan ciddi çağırışlarla üz-üzədir, ona görə də bəzən belə olacaq ki, göstərişlərə qəbul edilmiş siyasətə əməl etməyən sadiq əsgər kimi ərizə yazıb gedə bilər".

Qəzetin mənbələri istisna etməyiblər ki, yaxın vaxtlarda Paşinyan ya diplomatları dəyişəcək, ya da bəziləri öz istəyi ilə gedəcək. Bir ay əvvəl nəşr Paşinyanın ölkədəki etiraz əhvali-ruhiyyəsi fonunda səfirlərin Erməni Apostol kilsəsinin yeparxiyaları ilə əlaqə saxladıqları təqdirdə onları geri çağıracağı ilə hədələdiyini yazıb.

Görünən odur ki, Nikol artıq Rusiya ilə yanaşı, Qərbi də qane etməməyə başlayıb. Sistemsizlik, verdiyi sözün üstündə durmamağın əvəzini çəkməli idi və çəkir də. Çıxış yolu da var. Bu da nə Rusiya, nə də Qərb boyunduruğu altına girməkdir. Bu yol qonşularla mehriban münasibətlərin qurulması, revanşizmə deyil, sülh prosesinə dəstək verməkdir. Əks halda, bir atalar sözündə deyildiyi kimi, "Əli aşından da olacaq, Vəli aşından da".

"Report" İnformasiya Agentliyi

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.