Dünya

ABŞ-da Bakıya qarşı erməni planı ifşa olundu

17 İyul 2024 11:04
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni lobbisinin ən aktiv üzvlərindən olan, Azərbaycana qarşı açıq düşmən mövqeyi ilə tanınan senator Bob Menendezin məhkəmə tərəfindən rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək də daxil olmaqla, 16 ittiham üzrə təqsirli bilinməsi Bakıya qarşı planlarının ABŞ məhkəməsi tərəfindən ifşa edilməsi kimi də qəbul oluna bilər.

Milli.Az bildirir ki, bunu Axar.az-a açıqlamasında "Teleqraf" Media Qrupunun rəhbəri, politoloq Aynur Camal ABŞ-da senator Bob Menendezin irəli sürülən 16 ittihamın hamısı üzrə günahkar sayılması barədə danışarkən deyib.

Politoloq bildirib ki, Menendez başda olmaqla bir çox senator ABŞ-ın yox, hansısa qrupların maraqlarını müdafiə edib, Vaşinqtonun xarici siyasətinə təsir etməyə çalşıb:

"Azərbaycana qarşı olan qərəzli münasibət bunun bariz nümunəsidir. 1992-ci ildə qəbul edilən 907-ci düzəliş və bundan sonra okeanın o tayında Azərbaycana qarşı olan qərarların hər birində ədalətsizlik olub. Çünki qərarların hər biri birbaşa erməni maraqlarına xidmət məqsədi daşıyırdı. Bu qərarların qəbulunu da məhz erməni maraqlarına lobbiçilik edən senatorlar, siyasətçilər, yaxud amerikalı bürokratlar həyata keçirib və ABŞ milli maraqlarını yox, Ermənistanın maraqlarını əsas götürüblər".

A.Camal qeyd edib ki, Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə Azərbaycana qarşı "insan haqları, demokratiya" bəhanəsi ilə qəbul edilən qərarların əsl mahiyyətini də erməni maraqlarının qorunması təşkil edib:

"44 günlük müharibəyə qədər "insan haqları və demokratiya" üzərindən Azərbaycana qarşı qərəzli hücumlar Qarabağda işğalçı status-kvonun qorunmasına hesablanmışdı. Menendez Bakıya qarşı bu kimi planların icrasında həmişə aktiv iştirakçılardan olub. Misal üçün, 2015-ci ildə ABŞ-da ermənipərəst konqresmenlər Obama Administrasiyasına "Azərbaycanda demorkatiya aktı" adlı layihə-sənəd təqdim etmişdi. Bu sənəddə Vaşinqtondan tələb olunurdu ki, rəsmi Bakı ilə bütün əlaqələrə son qoyulsun, Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilsin və Azərbaycan rəhbərliyi yanlız Qarabağ danışıqlarında iştirak üçün Qərb ölkələrinə səfər edə bilsin. Bu, erməni lobbisinin Azərbaycanı məngənəyə salmaq və Qarabağ danışıqlarında təslim etmək planı idi. Və bütün bunları "demokratiya aktı" iddiası ilə edirdilər. 44 günlük müharibədən sonra isə erməni lobbisi öz məqsədini - Ermənistanı və erməniləri müdafiə etmək siyasətini açıq müstəviyə keçirdilər. Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri kimi Xankəndidə qalan separatçıların müdafiəsi üçün hər şeyə əl atır, hətta Senatda Dövlət Departamentinin rəsmiləri ilə mübahisə edirdi. Menendez və erməni maraqlarını müdafiə edən digər senatorların erməni diasporundan rüşvət aldığı sirr deyildi. Azərbaycan tərəfi bunu dəfələrlə gündəmə gətirib. ABŞ məhkəməsinin Menendezə qarşı ittihamların hamısını təsdiqləməsi isə rəsmi Bakının haqlı olduğunun daha bir sübutudur".

A.Camal hesab edir ki, məhkəmənin Menendezlə bağlı qərarı Ermənistanın Azərbaycanla müharibədə tamamilə məğlub olmasından sonra erməni diasporu/lobbisinin də məğlubiyyətinin başlanğıcıdır:

"Bəllidir ki, erməni diasporu/lobbisi ABŞ-ın xarici siyasətini Azərbaycana qarşı yönəltmək cəhdlərindən əl çəkməyəcək. Lakin Menendez məsələsi həm də ciddi presedent yaradır. Çünki bununla ermənipərəst senatorlar, konqresmenlərin məhz rüşvətxor olduğu, ABŞ-ın yox, xarici qrupların maraqlarını müdafiə etdiyi rəsmi şəkildə ortaya çıxdı. Bundan sonra Menendezin yolu ilə getməyə cəhd edənlər eyni münasibətlə qarşılaşa bilərlər. Azərbaycan da ABŞ-da erməni maraqlarını müdafiə edən lobbiçilərə qarşı Menendez presedentini daim gündəmdə saxlamalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.