Dünya

Qərb Ukraynanı qurban verir - Kiyevi daha çətin günlər gözləyir

20 Noyabr 2023 15:00
Baxış: 722

Milli.Az report-a istinadən Sədrəddin İsmayılovun yazısını təqdim edir

Aidiyyəti olan və olmayan az qala hər kəs Ukraynada dünyanın gələcəyinin həll olunduğunu iddia edir. Ancaq iki ilə yaxındır ərazinin işğal və ilhaqdan azad edilməsində elə böyük və əsaslı uğur əldə olunmayıb.

Son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları da bu təsdiqləyir. O, sonuncu videomüraciətində bildirib ki, əsaslı dəyişikliklərə ehtiyac var. Dövlət başçısı Ukrayna ordusundan sürətli dəyişiklikləri tələb edib. V.Zelenski, hətta, yaralı hərbçilərə tibbi yardımın göstərilməsində əsaslı dəyişikliklərə ehtiyac olduğunu da vurğulayıb.

Bir neçə gün əvvəl Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində Qərbin dəstəyi olmazsa, geri çəkiləcəklərini bildirmişdi: "Hazırda diqqətimizi Qərbdən kömək almağa yönəltmişik. Yaxın Şərqdəki duruma və digər səbəblərə görə onların fikri dəyişir. Dəstək olmasa, geri çəkiləcəyik".

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujni bu ay ölkəsinin Rusiya ordusu ilə mübarizə aparmaq üçün daha təkmil texnologiyaya ehtiyacı olduğunu vurğulamışdı. O, müharibənin dalana dirəndiyini də qeyd etmişdi.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı hadisəsi, habelə Ukraynanın Qara dənizdəki hərbi qüvvələrinin qısa müddətə təslim olması elə təəssürat yaradırdı ki, Moskva müharibənin taleyini tez bir zamanda həll edəcək. Rusiya əvvəlcədən bəyan edirdi ki, rəsmi Kiyev Qərbə meyllənərsə, Ukraynanın şərq vilaylətlərini "geri qaytaracaq". Onlar Ukraynanın Xarkov, Zaporojye, Xerson, Krım, Luqansk, Donetsk bölgələrini ilhaq etməklə bu planı demək olar ki, yerinə yetirib.

Bu vəziyyətdə Kreml danışığa gedib, nəticələrə uyğun olaraq böyük bir ərazidə beynəlxalq səviyyədə suverenliyini təsdiqləyə bilər.

Deməli, Moskva bu müharibədə uğur əldə edib. Ölənlərin, yaralananların sayına, hərbi texnika itkilərinin miqyasına baxmayaraq Rusiya Ukraynadan daha üstün görünür. Federasiyanın beynəlxalq səviyyədə tanınan ərazisində isə elə ciddi sosial, siyasi və iqtisadi etiraz aksiyaları müşahidə olunmur, yaxud geniş miqyaslı deyil.

RF-ni bu müharibədə daha çox Çin, Şimali Koreya, İran, Belarus müdafiə edir.

Rəsmi Kiyevi 50-dən artıq ölkə müdafiə edir. Bura Avropa İttifaqı və NATO üzvləri, habelə İsrail, Qətər, Cənubi Koreya, Yeni Zelandiya, Mərakeş, İordaniya, Avstraliya, Yaponiya da daxildir.

Belə güclü siyasi, mənəvi və hərbi dəstəklə Ukraynanın bu ilin yayında əks-hücumu ya zəif olub, ya da uğur əldə edə bilməyib.

Qərb üçün Ukrayna cəbhəsində uğur olmadığı halda oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə şərqdə yeni cəbhə açıldı.

ABŞ-nin ciddi və etibarlı informasiya resurslarından olan, faktiki Ağ evin əhval-ruhiyyəsini ifadə edən "Foreign Affairs" nəşri "Ukraynada uğurun yeni tərifi" başlıqlı yazıda bildirilib ki, ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır.

Nəşr ABŞ-də və Avropada Ukraynaya hərbi, iqtisadi dəstək sahəsində siyasi iradənin azalmağa başladığını vurğulayaraq bildirib: "Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diktə edir". Bildirilib ki, Ukraynanın əks-hücum etməsinə baxmayaraq, Rusiya faktiki olaraq 2023-cü ildə Ukraynadan daha çox ərazi əldə edib.

Jurnal Ukraynaya Rusiyanı məğlub etmək üçün çoxlu silah və hərbi texnika verilməsinin zəruri olduğunu qeyd edib. "Foreign Affairs" iddia edir ki, Kiyevi və tərəfdarlarını dalana aparan, Qərbin Ukraynaya dəstəyinin azalmasına gətirib çıxara biləcək kursu davam etdirməkdənsə, məqsəd və vasitələri tarazlaşdıracaq yeni strategiya qəbul etmək daha üstündür. Məqalədə Vaşinqtonun Ukrayna və Qərbdən olan müttəfiqlərlə Kiyevi hücumdan müdafiə strategiyasına keçmək, atəşkəs təklif etməyə inandırmaq məqsədi ilə məsləhətləşmələrin başlanmasını vurğulayıb.

Məqaləyə əsasən, ABŞ-nin beynəlxalq ictimai rəyi Ukraynanın maraqlarının satılmasına hazırladığını ehtimal etmək olar. Halbuki, bu müharibənin nəticəsi həm də Qərb blokunun perspektivinə təsir edə bilər. O, maraqlarının təmin olunmasından geri çəkilir? Beynəlxalq aləmdə baş vermiş bir sıra hadisələr sübut edir ki, o, keçmişdə SSRİ ilə mübarizədə geri çəkilib. Bu baxımdan yeni oxşar hadisələrin də baş verə biləcəyi ehtimal yox deyil.

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kameronun ilk xarici səfərini Ukraynaya etməsi və ABŞ müdafiə naziri Lloyld Oustinin Kiyevə ziyarəti vəziyyəti dəyişəcək? Bu iki səfəri qərbin Ukrayna rəhbərliyi ilə hərbi- diplomatik müzakirə kimi də dəyərləndirmək olar. Volodimir Zelenski isə müharibənin istədikləri qədər tez bitməyəcəyini deyir.

Qeyd edək ki, müharibə nəticəsində Ukraynanın 48 milyon 240 min 902 nəfər daimi əhalisindən 5,6-6,7 milyonu, yaxud 10 faizdən çoxu xarici ölkəyə sığınıb.

Beləliklə, qərbin Vyetnam, Əfqanıstan, Myanma kimi yarımçıq qalmış, İraq, Suriya, Liviya, Yəmən, kimi bitməmiş layihələrinə Ukrayna macərası da əlavə olunur...

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics